AZ

Ahıllara qayğı: Dövlətin rolu artır, bəs ailənin yeri haradadır? - SOSİOLOQ DANIŞDI

“Azərbaycanda ahılların sayı artım dinamikası göstərir və bu artım onların sosial xidmətlər baxımından daha çox diqqət mərkəzinə gəlməsini zəruri edir. Yaşlı əhalinin payı yüksəldikcə, onların sosial müdafiəsi və gündəlik qayğılarının təşkili dövlət siyasətində mühüm istiqamətlərdən birinə çevrilir”.

Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, bu sahədə dövlət tərəfindən zəruri addımlar atılıb:

“Azərbaycanda ahıllar üçün xüsusi müəssisələr – ahıl evləri fəaliyyət göstərir, eyni zamanda müxtəlif sosial xidmət müəssisələrində onlara fərqli səviyyələrdə xidmətlər təqdim olunur. Ahıllara göstərilən sosial xidmətlər “Sosial xidmət haqqında” 30 dekabr 2011-ci il tarixli qanunla tənzimlənir. Bununla yanaşı, Nazirlər Kabinetinin 2013-cü il qərarına əsasən evdə sosial xidmətin təşkili və bu xidmətləri həyata keçirən şəxslərin fəaliyyəti də müəyyən qaydalar çərçivəsində qurulub.

Hazırda ahıllara həm müəssisələrdə, həm də ev şəraitində sosial xidmətlər göstərilir. Bundan əlavə, günərzi mərkəzlərinin yaradılması da bu sahədə atılan mühüm addımlardandır. Bu isə göstərir ki, Azərbaycanda ahıllara yönəlmiş sosial xidmətlər artıq institusional səviyyədə formalaşıb.

Gələcəkdə bu xidmətlərə olan tələbatın daha da artacağı gözlənilir. Çünki ahılların əhali içində xüsusi çəkisi artır və bu da yeni sosial layihələrin tətbiqini zəruri edir. Dövlət bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirir – həm sosial müdafiə, həm yaşayış şəraiti, həm də səyyar xidmətlərin təşkili baxımından mühüm işlər görülür. Sosial xidmətlər agentliyi vasitəsilə həm paytaxtda, həm də regionlarda ahıllara məişət işlərində kömək göstərən sosial işçilər fəaliyyət göstərir.

Xüsusilə tənha yaşayan, yaxın qohumlarının qayğısından kənarda qalan ahıllar üçün evdə xidmət mexanizmləri tətbiq olunur. Bu xidmətlər onların gündəlik həyatını asanlaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Bununla yanaşı, Azərbaycan cəmiyyətində ənənəvi olaraq ahıllara qayğı ailə üzvlərinin üzərinə düşüb. Tarixən valideynlərə övladların baxması həm mənəvi, həm də sosial norma kimi qəbul olunub. Lakin müasir dövrdə ailə strukturu dəyişir – nüvə ailələrinin sayı artır, övladlar valideynlərdən ayrı yaşayır və bu da ahıllara qayğı məsələsində yeni yanaşmalar tələb edir.

Bu səbəbdən dövlətin rolu artmaqla yanaşı, övladların məsuliyyəti də unudulmamalıdır. Valideynlərə qayğı göstərmək yalnız mənəvi borc deyil, eyni zamanda hüquqi vəzifədir. Necə ki, valideynlərin övlad qarşısında öhdəlikləri var, övladların da valideyn qarşısında məsuliyyətləri qanunvericiliklə müəyyən olunub.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bütün yükün dövlət üzərinə düşməsi uzunmüddətli perspektivdə ciddi maliyyə yükü yarada bilər. Buna görə də bu sahədə ailə institutunun rolu qorunmalı və təşviq edilməlidir.

Digər tərəfdən, gələcəkdə bu sahədə özəl sektorun inkişafı da qaçılmaz görünür. Xüsusilə özəl ahıl evləri və sosial xidmət müəssisələrinin yaradılması, sağlam və aktiv qocalıq proqramlarının tətbiqi yeni bir istiqamət kimi formalaşa bilər. Bu, həm də sosial sahibkarlığın bir forması kimi inkişaf edə bilər.

Ümumilikdə, bütün çətinliklərə baxmayaraq, dövlət tənha ahıllara və sosial xidmətə ehtiyacı olan şəxslərə qayğını davam etdirir və bu sahədə institusional töhfələr verməkdədir”.

Ayşən Vəli

Seçilən
23
1
sia.az

2Mənbələr