Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə çıxışı zamanı bildirib ki, Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır.
Maraqlıdır, Ermənistan Azərbaycana minalanmış ərazilərin dəqiq yeri haqda niyə məlumat vermir?
Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İşğaldan azad olunmuş ərazilərin ermənilər tərəfindən basdırılmış minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi ciddi problem olaraq qalır:
"Bu həm infrastruktur layihələrinin həyata keçirilməsinə, həm tikinti-inşaat işlərinin aparılmasına, həm də təsərrüfatla məşğul olmağa, ələlxüsus da insanların həyat və sağlamlığına real təhlükələr yaradır. Müharibədən sonra yüzlərlə şəxs mina partlayışlarının qurbanı olub. Azərbaycan tərəfi dəfələrlə Ermənistandan minaların və partlayıcı qurğuların xəritəsini tələb etsə də, müxtəlif bəhanələrlə bundan imtina edilir. Təqdim edilən xəritələr isə dəqiq xəritələr deyil".

Müsahibimiz vurğuladı ki, rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə basdırılan minalar məsələsini beynəlxalq müstəviyə də qaldırıb:
"Təəssüf ki, hələlik müsbət nəticə əldə olunmayıb. Bu ərazilərin təmizlənməsi isə illərlə vaxt və külli miqdarda maliyyə vəsaiti tələb edir. Həm də bu iş risklidir. Ermənistan bilərəkdən həmin xəritələri vermir. Öz düşmən və məkrli mövqeyini burada da göstərir. Düşünürəm ki, Azərbaycan həmin xəritələri əldə etmək üçün mümkün bütün vasitələrdən istifadə etməlidir. Bakı İrəvana həddindən artıq humanist davranır. Erməni cinayətkarları təhvil verəndə əvəzində həmin xəritələri tələb etməli idi. Ermənistanla Azərbaycan arasında keçirilən müxtəlif səviyyəli görüşlərin gündəliyində minalar və itkin düşən şəxsər məsələsi daim aktual saxlanılmalıdır".
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.