AZ

Qarabağ müharibəsində texnikadan güclü olan nə idi? – Təqaüddə olan zabit danışır

Birinci Qarabağ müharibəsi yaddaşlarda davam edən bir mübarizədir. Təqaüddə olan zabit Dilqəm Əliyevin bu xatirəsi də məhz belə anlardan – çətin hava şəraiti, çıxılmaz vəziyyətlər və insan iradəsinin texnika ilə yarışdığı dramatik bir dövrdən bəhs edir. Onun qələmə aldığı hadisə göstərir ki, o illərdə qələbəni təmin edən əsas amil silahdan çox peşəkarlıq, cəsarət və vətənə bağlılıq idi. Yağışlı bir günün gətirdiyi bu xatirə oxucunu illər əvvələ – dağ yollarına, sel sularına və ölüm-dirim savaşının içinə aparır…

Musavat.com 1-ci Qarabağ müharibəsinin iştirakçısı, təqaüddə olan zabit Dilqəm Əliyevin müharibə günlərindən birini əhatə edən xatirəsini təqdim edir:

“Neçə müddət yağan yağışlar yadıma çoxdan baş vermiş bir hadisəni xatırlatdı...

460953017_3918822708399522_2176679728301190935_n.jpg

Polkovnik Cahangir Rüstəmova edilən sui-qəsddən sonra hərbi hissəmizə polkovnik Mahmud Həmzəyev komandir təyin olundu. Bir neçə həftə ərazilərlə tanış olduqdan sonra məndən zirehlı texnikaların vəziyyətini və olduqları yerdən postlara qədər nə qədər vaxta çata bilmələrini soruşdu. Mən hər şeyi Zirehli Texnika Batalyonunun komandiri mayor İlham Əliyevlə birgə Gədəbəy rayonu ərazisində vaxtında, dəqiqliyi ilə işləyib hazırladığımı dedim. Belə olduqda o, Daşkəsəni də hesablayıbsanmı deyə soruşdu. Mən isə Daşkəsən rayonu istiqamətində düşmənin tank hücumunun ola bilməsinin mümkün olmadığını, Gədəbəy rayonu ərazisində daim döyüşlər olduğundan buna ehtiyac olmadığını qeyd etdim. Lakin polkovnik Həmzəyev havanın yağışlı olmağına, mənim etirazlarıma baxmayaraq, bir ədəd PDM-2-nin heyətinə və bir ədəd İberiya tipli texnikanın heyətinə Daşkəsəndəki qeyd etdiyi posta getməyi əmr etdi... Leytenant Mahmudov Orucun rəhbərliyi ilə texnikalar dağ yollarıyla Gədəbəyin Novosaratovka kəndindən Daşkəsən istiqamətinə yola düşdü... İki gündən sonra hərbi hissənin qərargahına PDM-lərin Şəmkir çayında batdığı xəbəri çatdı...

Batalyon komandiri mayor İlham Əliyev dərhal MDK-3 markalı texnikanı da götürərək texniki heyətlə birgə onlara köməyə getdi. Bir gün sonra onların da texnikasının sıradan çıxdığı xəbərini aldıq. Bu, mümkün ola bilməzdi. Belə ki, İlham bütün növ texnikanı mükəmməl bilirdi və istənilən çətin vəziyyətdən rahatlıqla çıxmağı bacarırdı. Lakin məlumatı inkar etmək də olmurdu. Odur ki, Ural markalı maşına minərək lazım olan avadanlığı götürərək hadisə yerinə getməli oldum. Yağış ara vermirdi. Yollar olduqca sürüşkən və ağır idi. Dağ yollarının da necə olduğunu, xüsusilə yağış və qar vaxtı necə olduğunu dağ adamları və orada xidmət edənlər yaxşı bilər... Bir saatdan artıq idi ki yol gedirdik. Qala kəndin içindən keçəndə alayımıza təhkim edilmiş S-130 markalı traktoru gördüm. Yaxınlaşıb mənimlə gedəcəyini dedim. Traktorçu niyyətimi bilərək bərk qorxdu və mən selə girə bilmərəm, qorxuram dedi. Mən onun sözlərinə əhəmiyyət vermədən arxamca gəl deyərək əmr etdim. Bir xeyli getdikdən sonra MDK-3-ün yol kənarında qaldığını gördüm. Aparıcı təkəri sıradan çıxmışdı...Beləliklə traktorun sürətilə gedərək Şəmkir çayına çatdıq. Adi günlərdə qaloşla keçə biləcəyimiz çay indi yerə-göyə sığmırdı. Çayın digər sahilində PDM-in heyətlərini, İlhamı və Orucu gördüm. Nə qədər qışqırdıqsa da, çayın gurultusundan nə səsimizi eşitdilər, nə dediklərini başa düşdük. Belə olduqda traktorçunun yanında oturub çaya köndələn girməyi əmr etdim... Traktorçu mənim də onun yanında oturduğumu gördükdə ürəklənərək çaya doğru hərəkət etdi. Çayın sürəti çox olduğundan traktorun qapılarını açdıq. Su traktorun içindən keçərək üstümüzü tamamilə yaş etdi. Su S-130-a güc gəlirdi. Lakin çətinliklə də olsa biz çayın digər sahilinə keçə bildik. Oradakıların ağızları köpüklə dolu idi. Bunun nədən olduğunu soruşduqda onlar: - Ac qalmamaq üçün yaxınlıqdakı yeməkxanadan tapdıqları düyünü odun üstündə qızardaraq yediklərini dedilər... Mən texnikanın harada olduğunu soruşdum və onlar mənə çayın içini göstərdilər. Nə qədər baxsam da, heç nə görə bilmədim. Bir çox cəhddən sonra çayın növbəti dalğası keçəndə PDM-2-nin topunun ucunun kiçik hissəsinin suyun altında görə bildim. Mən hələ belə mənzərənin şahidi olmamışdım. Bu insanlar buradan necə sağ çıxmışdılar... Bu sualı mən sonra verəcəkdim. İndi isə texnikanı suyun altından çıxarmaq lazım idi. Çox fikirləşmək lazım gəlmədi. Sahilə yaxın olan PDM-2-nin üzərinə paralel ağac budağı var idi. Çevik əsgərlərdən birinə buksir trosunu ehtiyatla PDM-in buksir buynuzuna keçirməsini tapşırdım. Həmin trosa da kəndir bağlamışdıq. Beləliklə ikinci trosu da birinci trosa bərkitdik. Sonra S-130-a PDM-i dartmağı tapşırdım. Lakin S-130 nə qədər güc verdisə də, heç nə alınmadı. Vəziyyətdən necə çıxacağımı düşünəndə iki ədəd DT-75 markalı traktorun harasa getdiyini gördük. Tez əsgərlərə həmin traktorları gətirməyi tapşırdım. Traktorçular belə havada, sən demə, Gədəbəydən Daşkəsənə qız qaçırırmışlar... Beləliklə üç traktorun birgə səyi nəticəsində PDM-2 suyun əsarətindən xilas oldu. PDM-2 sudan çıxardılandan sonra suyun səviyyəsi bir az azaldı. Su PDM- 2-in boş qalan yerinə doğru cumduğundan İberiya da göründü. Onu da bu qayda ilə çıxarda bildik. İndi qaldı ikinci hissə. Yəni PDM-ləri hərəkətə hazırlamaq. Lyuku açaraq içəri girmək istəsəm də, alınmadı. PDM və İberiya ağzına kimi dolu lil və palçıq idi. Hava da getdikcə soyuyurdu. Əsgərlərə tez içərinin palçığını təmizləməyi tapşırdım. Mən deyəndə ki, hamı bu texnikalarla batalyona gedəcək, mənə şübhə ilə baxdılar. Yəni bu texnikalar hərəkət edə bilərmi?

Yenə təkrar etdim ki, mən bu texnikaları sizin gözünüzün qabağında işə salacağam və bu çayı öndə keçəcəyəm. Hamı iş başına...Özüm isə yanacaq bakından kondensatın təmizlənməsi ilə məşğul oldum. Hər iki texnikanın içindən kifayət qədər kondensat çıxdı. Daha sonra motorun “maxovik”inin üst qapağını açaraq, kollektorun boltunu açaraq, “spes lom” ilə “maxovik”i yavaş-yavaş fırladaraq yanacaq kamerasında olan bütün suyu çıxartdım. Daha sonra hər şeyi öz əvvəlki vəziyyətinə gətirərək traktorlara PDM-i dartmağı tapşırdım. Elə ilk metrlərdə PDM-2-nin mühərriki işə düşdü. Daha sonra İberiya da işə düşdü. Yalnız bundan sonra mən traktorçuları buraxdım. Hamı PDM-lərə deyə komanda verdim.

İlham, mən suya necə girirəmsə, sən də mənim arxamca elə gir. Nə edirəmsə, elə et dedim və ehtiyatla selə yaxınlaşdım. Çay PDM-i kibrit qutusu kimi götürdü. Lakin vaxtilə Ukraynada Lvov, Rovno, Jitomir təlim mərkəzlərində qazandığım təcrübə əbəs deyildi. Arxaya baxdıqda İlhamın da dediyim qaydada hərəkət etdiyini gördüm. Sahilə yaxınlaşanda tam sürətlə quruya çıxdım və İlhama mane olmamaq üçün sahildən aralandım. Artıq gecə 24 radələri olardı. PDM-lə bir xeyli yol qət etmişdik. Gəldiyim Ural markalı maşın da arxamızca gəlirdi. PDM-in yağ datçikində yağın təzyiqinin aşağı düşdüyünü görüb hərəkəti dayandırdım. İlham da təxminən 50-60 metr gedərək dayandı. Onda da eyni vəziyyət idi. Hər iki texnikada yağ su ilə qarışaraq istismara yararsız hala düşmüşdü. Serjant Nəsib Rəcəbov və daha iki nəfər yaxınlaşdı, PDM-lərin yanında qalmaq üçün icazə istədilər... Mən onları orada saxlayaraq qalanlarını isə “Ural”a mindirərək Novosaratovkaya, qərargaha doğru hərəkət etdim. Ertəsi gün İlham lazım olan yanacaq-sürtgü materialı və digər ləvazimatı götürərək PDM-lərin yanına getdi və günortaya qədər bütün texnika saz vəziyyətdə Başkənddə digər texnikalarla bir sırada idi...

Mən televizorda, sosial şəbəkədə Bakının və digər rayonların selə təslim olduğunu görəndə indi də özümdən asılı olmayaraq həmin hadisəni xatırlayıram. İndi nə var ki? Heç olmasa qaçmağa, getməyə yer var. Bəs onda bizim əlimizdə nə var idi? Yalnız vətənpərvər və bacarıqlı insanlar... Əslində isə bu insanlarla nə istəsən etmək olardı... Və bizlər etdik...”

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr