Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Hüquq kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və hüquqi tənzimləmə məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir dövrdə şəhərsalma siyasətinin strateji rolundan bəhs edib. O, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə müasir şəhərsalma prinsiplərinin uğurla tətbiq olunduğunu qeyd edib, Azərbaycanın beynəlxalq platformalarda, o cümlədən “World Urban Forum” kimi nüfuzlu tədbirlərdə fəal iştirakının bu sahədə əldə olunan nailiyyətlərin göstəricisi olduğunu vurğulayıb.
Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, ədliyyə nazirinin müavini Eldar Nuriyev, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar Tağıyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək şəhərsalma sahəsində hüquqi mexanizmlərin rolu, məhkəmə təcrübəsi və dövlət idarəçiliyində tətbiq olunan yanaşmalar barədə fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin bu istiqamətdə dayanıqlı və kompleks inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar.
Daha sonra DİA-nın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, BDU-nun Hüquq fakültəsinin dekanı dosent Zaur Əliyev hüquqi tənzimləmə, şəhərsalma proseslərində qanunvericiliyin rolu və müasir çağırışlar barədə məruzələrlə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam edib.