AZ

Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi

Transformasiyanın mahiyyəti: texnoloji sistemə keçid

Prezident İlham Əliyev tərəfindən müəyyən edilən strateji inkişaf kursu çərçivəsində Azərbaycanda sosial sahədə rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşma sosial xidmətlərin yalnız texnoloji baxımdan yenilənməsi ilə məhdudlaşmır; o, bütövlükdə dövlət-vətəndaş münasibətlərinin daha effektiv, şəffaf və nəticəyönümlü model əsasında yenidən qurulmasını hədəfləyən sistemli institusional dəyişiklikdir.

Son illərdə sosial müdafiə sistemində klassik inzibati modeldən uzaqlaşaraq proaktiv, inteqrasiya olunmuş və məlumat əsaslı idarəetmə sisteminə keçid təmin edilmişdir. Bu isə sosial siyasətin daha dəqiq hədəflənməsi, xidmətlərin operativliyinin artması və vətəndaş məmnunluğunun yüksəlməsi baxımından dövlət idarəçiliyində yeni standartların formalaşdığını göstərir. Məhz bu səbəbdən Azərbaycanda sosial sahədə həyata keçirilən rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə kimi deyil, daha dərin mahiyyət daşıyan struktur dəyişiklik kimi qiymətləndirilməlidir. Bu proses sosial müdafiə sisteminin funksional məntiqini köklü şəkildə dəyişərək onu müraciətə əsaslanan passiv modeldən proaktiv və analitik idarəetmə platformasına çevirmişdir.

Ənənəvi yanaşmada sosial xidmətlərin əldə olunması vətəndaşın təşəbbüsündən asılı idi. Vətəndaş sənədlər toplayır, müxtəlif dövlət qurumları arasında "hərəkət edir" və nəticəni gözləyirdi. Bu modeldə iki əsas fundamental problem mövcud idi: yüksək informasiya asimmetriyası və yüksək transaksiya xərcləri. Dövlət və vətəndaş arasında məlumat axınının parçalanmış olması qərarverməni gecikdirir, prosesləri uzadır və xidmətlərinэ əlçatanlığını məhdudlaşdırırdı. Rəqəmsal transformasiya bu məntiqi kökündən dəyişdi. Məlumat bazalarının inteqrasiyası nəticəsində vətəndaş haqqında informasiyalar artıq müxtəlif qurumlar arasında avtomatik mübadilə olunur. Sistem vətəndaşın hüquqlarını özü müəyyən edir və xidmətləri proaktiv şəkildə təqdim edir. Beləliklə, "müraciət → baxılma → qərar" ardıcıllığı "məlumat → avtomatik analiz → dərhal xidmət" mexanizmi ilə əvəzləndi. Bu dəyişiklik yalnız inzibati sadələşdirmə deyil, eyni zamanda, dövlətin iqtisadi funksiyasının optimallaşdırılması deməkdir. İnformasiya asimmetriyasının azalması qərarvermə xərclərini aşağı salır, proseslərin avtomatlaşdırılması isə əməliyyat xərclərini minimuma endirir. Nəticədə sosial müdafiə sistemi reaktiv bürokratik strukturdan çevik və analitik idarəetmə platformasına transformasiya olunur.

Empirik təsdiq: rəqəmsallaşmanın real nəticələri

Bu transformasiyanın real təsiri 2025-ci il üzrə vətəndaş məmnunluğu sorğusunda açıq şəkildə əks olunur. Sorğunun nəticələri göstərir ki, rəqəmsallaşma artıq yalnız sistem səviyyəsində deyil, vətəndaş davranışında da dominant rol oynayır. Müraciətlərin böyük əksəriyyətinin onlayn həyata keçirilməsi rəqəmsal kanalların əsas xidmət platformasına çevrildiyini göstərir. Daha mühüm göstərici isə elektron xidmətlərdən istifadə səviyyəsinin 100 faizə  yaxın olmasıdır ki, bu da sistemin universallığının qəbul olunduğunu sübut edir.

İstifadəçi təcrübəsi ilə bağlı göstəricilər sistemin keyfiyyətini təsdiqləyir. Respondentlərin 99.5 faizinin platformanı rahat və istifadəyə uyğun hesab etməsi göstərir ki, rəqəmsallaşma yalnız texnoloji baxımdan deyil, xidmət dizaynı baxımından da optimallaşdırılmışdır. Operativlik göstəriciləri isə transformasiyanın effektivliyini daha dərindən ortaya qoyur. Müraciətlərin 47.2 faizinin dərhal, 94.5 faizinin isə tam həll olunması  xidmətlərin təqdim edilməsində fundamental sıçrayış deməkdir. Əgər əvvəl qərarvermə günlər və həftələrlə ölçülürdüsə, indi bu müddət real vaxt rejiminə yaxınlaşmışdır. Bu proseslərdən 98.5 faizlik məmnunluq səviyyəsi dövlət xidmətlərinin artıq yüksək performanslı sistem səviyyəsinə çatdığını göstərir.

Rəqəmsal transformasiyanın real təsirini daha dolğun qiymətləndirilməsində yalnız məmnunluq göstəriciləri deyil, xidmətlərin miqyası, istifadə intensivliyi və vaxt qənaəti kimi indikatorlar da xüsusi əhəmiyyət kəsb edir. 2025-ci il üzrə aparılmış qiymətləndirmələr göstərir ki, sosial xidmətlər artıq geniş və çoxşaxəli xidmət portfelini əhatə edir və müxtəlif – pensiya, sosial müavinətlər, məşğulluq, əlillik və sosial xidmətlər üzrə milyonlarla vətəndaşı əhatə edən sistemə çevrilmişdir. 

İstifadəçi bazasının genişliyi də rəqəmsallaşmanın effektivliyini təsdiqləyir. Respondentlərin 98 faizinin elektron xidmətlərdən istifadə etməsi, 99.5 faizinin platformanı rahat hesab etməsi rəqəmsal sistemin, faktiki olaraq, kütləvi qəbul mərhələsinə çatdığını göstərir. Bu göstəricilər sosial xidmətlərin artıq alternativ deyil, əsas xidmət kanalı kimi formalaşdığını sübut edir. Vaxt amili baxımından əldə olunan nəticələr isə transformasiyanın ən mühüm iqtisadi effektlərindən birini nümayiş etdirir. Müraciətlərin 47.2 faizinin dərhal, əhəmiyyətli hissəsinin isə 1–5 iş günü ərzində həlli, əvvəlki uzunmüddətli inzibati prosedurlarla müqayisədə xidmət müddətinin kəskin şəkildə azaldığını göstərir. Bu, yalnız vətəndaş rahatlığı deyil, həm də iqtisadi baxımdan mühüm nəticə yaradır: vaxt və əmək resurslarının daha səmərəli istifadəsi təmin olunur, iqtisadi aktivlik artır və sosial xidmətlərin ümumi effektivliyi yüksəlir.

Beləliklə, xidmətlərin geniş əhatə dairəsi, istifadəçi bazasının kütləviliyi və xidmət müddətinin əhəmiyyətli dərəcədə azalması birlikdə göstərir ki, Azərbaycanda sosial sahədə rəqəmsal transformasiya yalnız keyfiyyət göstəricilərində deyil, həm də miqyas və intensivlik baxımından sistemli və davamlı sıçrayış yaratmışdır.

Sistemli transformasiyanın yeni mərhələsi: keyfiyyətli siyasət dizaynı

Sosial sahədə rəqəmsal transformasiyanın əldə etdiyi yüksək nəticələr fonunda sistemin növbəti inkişaf mərhələsini müəyyən edən yeni bir keyfiyyət mərhələsi formalaşmaqdadır. Başqa sözlə, rəqəmsal sistem artıq texniki baxımdan yetkin və yüksək performanslı mərhələyə çatmışdır. Xidmətlər sürətli, əlçatan və funksionaldır, yəni, "çatdırılma mexanizmi" effektiv şəkildə qurulmuşdur. Mövcud vəziyyət göstərir ki, vətəndaş məmnunluğuna təsir edən əsas amil artıq xidmətin necə təqdim olunması deyil, əldə olunan nəticənin – yəni, sosial hüququn verilməsi və ya verilməməsinin – məzmunudur.

Bu keçid mahiyyət etibarilə idarəetmə fəlsəfəsinin daha yüksək mərhələyə yüksəlməsini ifadə edir. Əgər əvvəl əsas diqqət xidmətlərin necə təqdim olunmasına yönəlmişdisə, artıq diqqət daha strateji suallara – xidmətlərin kimə, hansı meyarlarla və hansı effektivliklə təqdim olunmasına yönəlmişdir. Başqa sözlə, "çatdırılma problemi"nin aradan qaldırılması sosial siyasətin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni imkanlar açmışdır. Bu kontekstdə sosial siyasətin dizaynı daha təkmil və nəticəyönümlü istiqamətdə inkişaf edir.

 İlk növbədə, sosial hüquqların müəyyən edilməsində istifadə olunan uyğunluq meyarlarının daha dəqiq və real sosial-iqtisadi şəraiti əks etdirən formada qurulması üçün geniş imkanlar yaranmışdır. Rəqəmsal sistemlərin təqdim etdiyi məlumat bazası və analitik imkanlar sayəsində bu meyarların davamlı olaraq təkmilləşdirilməsi və daha ədalətli şəkildə tətbiqi mümkündür. Bu isə sosial dəstəyin daha düzgün ünvanlanmasına və vətəndaşların ehtiyaclarının daha dəqiq nəzərə alınmasına şərait yaradır.

İkinci mühüm istiqamət sosial dəstəyin hədəflənmə mexanizmlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsidir. Rəqəmsal platformalar artıq geniş və inteqrasiya olunmuş məlumatlar əsasında işlədiyindən fərdiləşdirilmiş yanaşmaların tətbiqi mümkün olur. Bu isə sosial siyasətin "hamı üçün eyni" modeldən çıxaraq daha çevik, diferensial və ehtiyac əsaslı modelə transformasiya olunmasını təmin edir. Nəticədə, sosial müdafiə sistemi daha inklüziv və daha effektiv xarakter alır.

Üçüncü istiqamət isə sosial siyasətin adaptivliyinin gücləndirilməsidir. Müasir iqtisadi mühitdə gəlir səviyyələri, məşğulluq strukturu və sosial risklər dinamik şəkildə dəyişir. Rəqəmsal transformasiya bu dəyişikliklərə operativ reaksiya vermək üçün güclü analitik və monitorinq alətləri təqdim edir. Real vaxt rejimində məlumatların təhlili sosial siyasətin davamlı olaraq yenilənməsinə  və optimallaşdırılmasına imkan yaradır, həm də çevikliyi və dayanıqlığı artırır.

Beləliklə, mövcud vəziyyət göstərir ki, Azərbaycan sosial sahədə rəqəmsal transformasiyanın ilkin mərhələsini uğurla tamamlayaraq daha yüksək və strateji əhəmiyyətli mərhələyə – siyasət yönümlü transformasiya mərhələsinə daxil olmuşdur. Bu mərhələdə əsas məqsəd texnologiyanın yaratdığı imkanlardan istifadə etməklə sosial siyasətin daha ədalətli, daha dəqiq və daha effektiv qurulmasını təmin etməkdir. Bu isə sosial dövlət modelinin keyfiyyətcə daha inkişaf etmiş və vətəndaş yönümlü mərhələyə keçdiyini göstərir.

Nəticə etibarilə, texnologiyanın özünün artıq məhdudiyyət faktoruna çevrilmədiyi, əksinə, siyasətin keyfiyyətini artırmaq üçün platforma rolunu oynadığı yeni bir idarəetmə mərhələsi formalaşır. Bu isə sosial dövlət modelinin növbəti inkişaf fazasını müəyyən edən əsas istiqamət kimi çıxış edir.

Makroiqtisadi təsirlər: effektivlik və dayanıqlıq

Sosial sahədə rəqəmsal transformasiya ilkin mərhələdə xidmətlərin keyfiyyətinin artırılması və inzibati proseslərin sadələşdirilməsi kimi qəbul olunsa da, onun təsiri, əslində, daha genişdir və bütövlükdə iqtisadi sistemin struktur effektivliyinə qədər uzanır. Bu transformasiya iqtisadiyyatda resursların bölgüsünü, dövlətin fiskal davranışını, qeyri-rəsmi sektorun miqyasını və sosial bərabərliyi dəyişdirərək effektivlikdən dayanıqlılığa keçidi təmin edən sistemli mexanizm kimi çıxış edir.

Rəqəmsallaşmanın ən fundamental təsirlərindən biri, ilk növbədə, məhsuldarlıq üzərində müşahidə olunur. Ənənəvi modeldə vətəndaşlar və biznes subyektləri dövlət xidmətlərinə çıxış üçün əhəmiyyətli vaxt və resurs sərf edirdilər. Rəqəmsal xidmətlərin tətbiqi ilə bu xərclər kəskin şəkildə azalır. İqtisadi subyektlər artıq vaxtlarını sənəd toplamağa və inzibati prosedurlara deyil, əsas fəaliyyətlərinə yönəldə bilirlər. Mikrosəviyyədə vaxt qənaəti makrosəviyyədə əmək məhsuldarlığının artımına və ümumi iqtisadi aktivliyin genişlənməsinə gətirib çıxarır. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir, çünki inzibati baryerlərin azalması sahibkarlıq mühitini daha əlverişli edir.

Rəqəmsal transformasiyanın ikinci mühüm təsir istiqaməti fiskal effektivliklə bağlıdır. Avtomatlaşdırma və proaktiv xidmətlərin tətbiqi dövlətin inzibati xərclərini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər geniş insan resursu və çoxpilləli prosedurlar tələb edən proseslər indi minimal müdaxilə ilə həyata keçirilir. Bununla yanaşı, təkrar müraciətlərin azalması və xidmətlərin birdəfəlik və dəqiq təqdim edilməsi dövlət resurslarının daha optimal istifadəsinə şərait yaradır. Bu proses dövlət maliyyəsində yeni keyfiyyət yaradır: xərclərin sadəcə azaldılması deyil, onların effektivliyinin artırılması. Yəni, dövlət eyni və ya daha az resursla daha geniş və keyfiyyətli xidmət təqdim edə bilir ki, bu da fiskal dayanıqlığın güclənməsinə xidmət edir.

Üçüncü istiqamət rəqəmsallaşmanın "kölgə iqtisadiyyatı"na təsiri ilə bağlıdır. Rəqəmsal platformalar vasitəsilə həyata keçirilən əməliyyatların tam izlənə bilməsi və məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması qeyri-rəsmi fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Sosial ödənişlərin və digər dövlət xidmətlərinin rəqəmsal əsasda təqdim olunması onların ünvanlılığını artırır və sui-istifadə hallarını minimuma endirir. Bu isə fiskal intizamın güclənməsinə, vergi bazasının genişlənməsinə və dövlət maliyyəsinin daha şəffaf idarə olunmasına gətirib çıxarır. Beləliklə, rəqəmsallaşma yalnız idarəetmə aləti deyil, həm də institusional intizam və iqtisadi şəffaflıq mexanizmi kimi çıxış edir.

Dördüncü və uzunmüddətli baxımdan ən mühüm təsir istiqaməti sosial inklüzivlik və insan kapitalı ilə bağlıdır. Rəqəmsal xidmətlər coğrafi və sosial baryerləri aradan qaldıraraq ölkənin bütün regionlarında yaşayan vətəndaşlar üçün eyni səviyyədə xidmət əlçatanlığı yaradır. Ənənəvi modeldə regionlar üzrə mövcud olan fərqlər, xüsusilə infrastruktur və fiziki çıxış imkanları ilə bağlı məhdudiyyətlər rəqəmsallaşma nəticəsində əhəmiyyətli dərəcədə azalır. Bu isə sosial xidmətlərə çıxışın genişlənməsi ilə yanaşı, sosial bərabərliyin güclənməsinə səbəb olur.

Daha geniş perspektivdə isə bu proses insan kapitalının keyfiyyətinə birbaşa təsir göstərir. Sosial müdafiə sisteminin daha effektiv və əlçatan olması əhalinin rifah səviyyəsini sabitləşdirir, sosial riskləri azaldır və iqtisadi fəaliyyət üçün daha təhlükəsiz mühit yaradır. Bu, həm əmək bazarının daha effektiv işləməsinə, həm də iqtisadiyyatın şoklara qarşı dayanıqlılığının artmasına gətirib çıxarır.

Beləliklə, sosial sahədə rəqəmsal transformasiya yalnız qısamüddətli effektivlik artımı ilə məhdudlaşmır. O, eyni zamanda, iqtisadi sistemin struktur dayanıqlığını gücləndirən və uzunmüddətli inkişaf üçün əsas yaradan kompleks mexanizm kimi çıxış edir. Bu baxımdan rəqəmsallaşma artıq sadəcə texnoloji və ya inzibati alət deyil, makroiqtisadi sabitliyin və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirilməlidir.

Beynəlxalq müqayisə: Azərbaycanın mövqeyi

Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşması yalnız milli səviyyədə əldə olunan nəticələrlə deyil, həm də beynəlxalq müqayisə kontekstində qiymətləndirildikdə daha aydın görünür. Qlobal təcrübə göstərir ki, dövlətlərin böyük əksəriyyətində rəqəmsal transformasiya ya texnoloji infrastrukturun qurulması ilə məhdudlaşır, ya da xidmətlərin keyfiyyətinə və vətəndaş məmnunluğuna çevrilə bilmir. Başqa sözlə, bir çox ölkələrdə "rəqəmsallaşma → real nəticə" zəncirində qırılma müşahidə olunur. Azərbaycanda isə elektron mexanizmlər şəbəkəsi fasiləsiz işləyir və texnoloji imkanlar birbaşa olaraq sosial və iqtisadi nəticələrə transformasiya olunur.

Bu kontekstdə Azərbaycanın mövqeyini daha dəqiq müəyyən etmək üçün qabaqcıl beynəlxalq modellərlə müqayisə aparmaq zəruridir. Estoniya modeli rəqəmsal dövlət quruculuğu sahəsində texnoloji inteqrasiya baxımından lider hesab olunur. Bu modelin əsas üstünlüyü dövlət sistemlərinin vahid platforma üzərində birləşdirilməsi və məlumat mübadiləsinin yüksək səviyyədə avtomatlaşdırılmasıdır. Burada əsas fokus texnologiyanın dərinliyinə və sistemlərarası inteqrasiyanın tamlığına yönəlmişdir.

Digər tərəfdən, Sinqapur modeli dövlət xidmətlərinin keyfiyyəti, operativliyi və vətəndaşyönümlülüyü baxımından qabaqcıl hesab olunur. Bu modeldə texnologiya əsas məqsəd deyil, xidmətin keyfiyyətini artırmaq üçün alət kimi istifadə olunur və dövlət xidmətləri vətəndaşın həyat dövrlərinə uyğun şəkildə təşkil edilir.

Azərbaycan modeli isə mütərəqqi təcrübə kimi bu iki yanaşmanın sintezini təqdim edir və məhz bu sintez onu fərqləndirir. Yəni, Azərbaycan yalnız texnoloji inteqrasiya səviyyəsini artırmaqla kifayətlənməmiş, eyni zamanda, xidmət keyfiyyəti və vətəndaş məmnunluğunu paralel şəkildə yüksəldə bilmişdir. Bu isə rəqəmsal transformasiyanın "texnologiyayönümlü" və "nəticəyönümlü" modellərini bir araya gətirən yeni keyfiyyət mərhələsini formalaşdırır.

Beynəlxalq göstəricilərlə müqayisə bu fərqi daha aydın göstərir. İnkişaf etmiş ölkələrdə rəqəmsal xidmətlərin istifadə səviyyəsi, adətən, 70-85% intervalında dəyişir, yüksək məmnunluq səviyyəsi isə 85–95 faiz diapazonunda formalaşır. Azərbaycan üzrə göstəricilər isə bu orta səviyyəni əhəmiyyətli dərəcədə üstələyir: elektron xidmətlərdən istifadə səviyyəsi 98 faiz, məmnunluq isə 98.5 faiz təşkil edir.

Bu fərq təkcə statistik üstünlük deyil, struktur fərqidir. Çünki bir çox ölkələrdə yüksək rəqəmsallaşma səviyyəsi sinxron olaraq yüksək məmnunluq yaratmır. Azərbaycanda isə bu iki göstərici arasında güclü və müsbət əlaqə formalaşmışdır. Bu isə onu göstərir ki, rəqəmsal transformasiya yalnız tətbiq olunmur, həm də effektiv işləyir və real nəticə verir.

Bu baxımdan Azərbaycan artıq rəqəmsallaşmanın ilkin və orta mərhələlərini keçərək daha yüksək – tam transformasiya mərhələsinə daxil olmuşdur. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, rəqəmsallaşma artıq ayrıca istiqamət deyil, bütövlükdə dövlət idarəçiliyinin əsas prinsipinə çevrilir və bütün qərarvermə proseslərini formalaşdırır. Azərbaycanın əldə etdiyi nəticələrin əhəmiyyətini artıran mühüm amil onun bu uğurları daha mürəkkəb sosial-iqtisadi şəraitdə əldə etməsidir. İnkişaf etmiş ölkələrdə rəqəmsallaşma daha stabil iqtisadi və institusional mühitdə həyata keçirilir. Azərbaycan bu transformasiyanı keçid iqtisadiyyatı şəraitində, müxtəlif sosial qrupları əhatə edən geniş sistem daxilində həyata keçirmişdir. Bu, modelin dayanıqlılığını və tətbiq oluna bilmə qabiliyyətini artırır.

Beləliklə, beynəlxalq müqayisə əsasında belə bir nəticə formalaşır ki, Azərbaycan yalnız rəqəmsallaşmanı həyata keçirən ölkə deyil, eyni zamanda, onu real sosial və iqtisadi nəticəyə çevirən ölkələr sırasına daxil olmuşdur. Bu isə ölkənin rəqəmsal transformasiya sahəsində yeni bir mərhələyə – nəticəyönümlü və sistemli inkişaf modelinə keçdiyini göstərir.

Strateji üstünlük: "üçlü sinerji modeli"

Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya modelinin ən mühüm və fərqləndirici xüsusiyyəti onun üç əsas komponenti eyni vaxtda yüksək səviyyədə təmin edə bilməsidir: xidmətlərin geniş əlçatanlığı (rəqəmsal penetrasiya), yüksək operativlik və yüksək vətəndaş məmnunluğu. Bu komponentlərin hər biri ayrı-ayrılıqda vacib olsa da, onların paralel və balanslı inkişafı sistemi keyfiyyətcə yeni mərhələyə çıxarır və məhz bu səbəbdən bu yanaşma "üçlü sinerji modeli" kimi xarakterizə olunur.

Əlçatanlıq bu modelin ilkin və fundamental sütunudur. Xidmətlərin böyük hissəsinin rəqəmsal platformalar vasitəsilə təqdim edilməsi onların coğrafi və sosial baryerlərdən azad olmasını təmin edir. Bu, dövlət xidmətlərinin yalnız texniki baxımdan mövcud olması deyil, real istifadə səviyyəsinə çatması deməkdir. Lakin beynəlxalq təcrübə göstərir ki, yüksək penetrasiya səviyyəsi təkbaşına sistemin effektivliyini təmin etmir. Bir çox ölkələrdə xidmətlər geniş yayılmış olsa da, onların keyfiyyəti və ya sürəti aşağı olduğundan vətəndaş məmnunluğu arzuolunan səviyyədə olmur.

Bu baxımdan ikinci komponent – operativlik – xüsusi əhəmiyyət kəsb edir. Xidmətlərin sürətli və vaxtında təqdim olunması rəqəmsallaşmanın real dəyərini müəyyən edən əsas amillərdən biridir. Operativlik yalnız texniki sürət deyil, həm də qərarvermə proseslərinin optimallaşdırılması deməkdir. Azərbaycan modelində müraciətlərin əhəmiyyətli hissəsinin qısa müddətdə və ya dərhal həll olunması göstərir ki, sistem yalnız əlçatan deyil, eyni zamanda, funksional və effektivdir.

Üçüncü komponent – keyfiyyət və məmnunluq – bu modelin nəticəyönümlü xarakterini tamamlayır. Vətəndaş məmnunluğu dövlət xidmətlərinin real performansını ölçən ən obyektiv göstəricidir. Yüksək məmnunluq səviyyəsi yalnız xidmətin təqdim olunması faktını deyil, onun vətəndaş gözləntilərinə uyğunluğunu əks etdirir. Bu isə xidmət dizaynının düzgün qurulduğunu və sistemin istifadəçi yönümlü olduğunu göstərir.

Bu üç komponentin birgə fəaliyyəti nəticəsində yaranan "sinerji effekti" sistemin ümumi effektivliyini xətti deyil, daha yüksək – eksponent səviyyədə artırır. Başqa sözlə, əlçatanlıq, sürət və keyfiyyət ayrı-ayrılıqda deyil, bir-birini gücləndirən şəkildə işlədikdə dövlət xidmətlərinin ümumi dəyəri və təsiri kəskin şəkildə yüksəlir. Məsələn, yüksək sürət yalnız geniş əlçatanlıq şəraitində sosial təsir yarada bilir, yüksək keyfiyyət isə yalnız operativ xidmətlərlə birlikdə vətəndaş məmnunluğuna çevrilir.

Beynəlxalq praktikada bu cür balansın təmin olunması nadir hallarda müşahidə olunur. Əksər ölkələrdə bu komponentlərdən biri və ya ikisi üstünlük təşkil edir, digərləri isə nisbətən zəif inkişaf edir. Məsələn, bəzi ölkələr yüksək texnoloji infrastruktur quraraq əlçatanlığı təmin etsə də, operativlik və ya məmnunluq səviyyəsində problemlər yaşayır. Digər hallarda isə xidmət keyfiyyəti yüksək olsa da, onun geniş miqyasda tətbiqi mümkün olmur. Azərbaycanın fərqli üstünlüyü məhz bu komponentlərin eyni vaxtda və balanslı şəkildə inkişaf etdirilməsidir.

Bu nöqteyi-nəzərdən "üçlü sinerji modeli" yalnız texniki və ya inzibati uğur deyil, həm də strateji üstünlük kimi çıxış edir. Bu model dövlət idarəçiliyində yeni keyfiyyət yaradır və rəqəmsal transformasiyanı sadəcə modernizasiya alətindən çıxarıb effektivlik, dayanıqlılıq və vətəndaş rifahını eyni anda təmin edən kompleks idarəetmə mexanizminə çevirir.

Modelin əsas fərqi: miqyas və tətbiq oluna bilmə

Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya modelinin əsas fərqləndirici xüsusiyyəti onun yalnız yüksək nəticələr əldə etməsi deyil, bu nəticələrin hansı şəraitdə əldə olunması ilə bağlıdır. Çünki rəqəmsal transformasiya sahəsində uğurların qiymətləndirilməsində təkcə nəticələr deyil, onların əldə olunduğu institusional və iqtisadi mühit də həlledici rol oynayır.

Ölkədə bu transformasiya nəticəsin dəyüksək məmnunluq səviyyəsinə nail olunması sistemin inklüziv və geniş əhatəli olduğunu göstərir. Yəni, model yalnız müəyyən qrup üçün deyil, bütün əhali üçün işləkdir. Transformasiya prosesi kompleks sosial risklər fonunda həyata keçirilmişdir Bu şəraitdə rəqəmsal sistemin yalnız texniki baxımdan deyil, həm də sosial baxımdan effektiv işləməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan modelinin uğuru məhz bu mürəkkəb risk mühitində sosial xidmətlərin əlçatanlığını və keyfiyyətini qoruyub saxlaya bilməsindədir.

Bu kontekstdə Azərbaycan modelinin ən mühüm üstünlüyü onun, real və tətbiq oluna bilən model olmasıdır. İnkişaf etmiş ölkələrdə tətbiq olunan bəzi modellər yüksək texnoloji səviyyəyə əsaslansa da, onların digər ölkələrdə tətbiqi çətin olur, çünki onlar xüsusi institusional və iqtisadi şərtlər tələb edir. Azərbaycan modeli isə daha çevik, adaptiv və müxtəlif mühitlərə uyğunlaşdırıla bilən xüsusiyyətlərə malikdir. Məhz bu xüsusiyyət onu xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha cəlbedici edir. Çünki bu ölkələr üçün əsas məsələ yalnız qabaqcıl texnologiyanı tətbiq etmək deyil, onu mövcud iqtisadi və institusional reallıqlara uyğun şəkildə işlək hala gətirməkdir. Beləliklə, Azərbaycanda sosial sahədə həyata keçirilən rəqəmsal transformasiya artıq ayrı-ayrı xidmətlərin elektronlaşdırılması deyil, dövlət idarəçiliyinin mahiyyətini dəyişən sistemli və keyfiyyətcə yeni mərhələ kimi formalaşmışdır. Bu transformasiya sosial müdafiə sistemini müraciətə əsaslanan passiv modeldən proaktiv, inteqrasiya olunmuş və məlumat əsaslı idarəetmə platformasına çevirərək dövlət-vətəndaş münasibətlərində effektivlik, şəffaflıq və nəticəyönümlülüyü təmin etmişdir.

Əldə olunan nəticələr – yüksək istifadə səviyyəsi, operativlik və vətəndaş məmnunluğunun eyni anda təmin olunması göstərir ki, Azərbaycan rəqəmsallaşmanın tətbiqi mərhələsini geridə qoyaraq performans əsaslı idarəetmə modelinə keçmişdir. Bu isə texnologiyanın yalnız tətbiq olunması deyil, real sosial-iqtisadi nəticəyə çevrilməsi baxımından mühüm keyfiyyət sıçrayışıdır. Eyni zamanda, rəqəmsal transformasiya iqtisadi baxımdan daha geniş təsirlər yaradır: transaksiya xərclərinin azalması məhsuldarlığı artırır, fiskal effektivliyi gücləndirir, "kölgə iqtisadiyyatı"nı məhdudlaşdırır və sosial inklüzivliyi genişləndirir. Bu isə sosial siyasətin yalnız rifah aləti deyil, həm də makroiqtisadi dayanıqlılığı dəstəkləyən strateji mexanizmə çevrildiyini göstərir.

Transformasiyanın növbəti mərhələsi isə artıq texnologiyanın deyil, sosial siyasətin dizaynının təkmilləşdirilməsi ilə bağlıdır. Rəqəmsal platformaların yaratdığı imkanlar daha dəqiq hədəfləmə, fərdiləşdirilmiş xidmətlər və məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqinə şərait yaradır. Nəticədə, sosial müdafiə sistemi statik deyil, dinamik və davamlı təkmilləşən idarəetmə modelinə çevrilir.

Azərbaycan modelinin əsas üstünlüyü onun real iqtisadi şəraitdə formalaşması, miqyaslana bilməsi və praktik tətbiq oluna bilmə qabiliyyətidir. Bu model yüksək inkişaf etmiş ölkələrə xas ideal şəraitdə deyil, mürəkkəb və dəyişkən mühitdə sınaqdan çıxaraq effektivliyini sübut etmişdir. Bu isə onu yalnız milli uğur nümunəsi deyil, həm də digər ölkələr üçün uyğunlaşdırıla bilən praktik yanaşmaya çevirir. 

Əli Tağızadə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın
Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamenti müdirinin müavini

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr