Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Dünya sürətlə dəyişir və bu dəyişikliklər artıq klassik beynəlxalq hüquq normalarının çərçivəsini aşaraq daha sərt, daha amansız geosiyasi reallıqlar yaradır. Bu gün həm qlobal miqyasda, həm də Avrasiya məkanında baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoyur. Reallıq ondan ibarətdir ki, bu gün beynəlxalq münasibətlər sistemi dərin böhran içərisindədir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammiti ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Deputat bildirib ki, bu gün qlobal miqyasda baş verənlərə əslində, baş verənlər sadəcə siyasi qarşıdurma deyil, dəyərlərin eroziyasıdır: “ Bir zamanlar “sivil dünya”nın əsasını təşkil edən hüquq, ədalət və əməkdaşlıq prinsipləri getdikcə arxa plana keçir, onların yerini isə açıq güc mübarizəsi tutur. Bu mənzərə getdikcə daha çox “cəngəllik qanunları”nı xatırladır.
Nəticədə Avrasiya coğrafiyası bu gün qlobal qarşıdurmaların mərkəzinə çevrilib. Rusiya-Ukrayna müharibəsi regionda təhlükəsizlik arxitekturasını sarsıdaraq Avropanı birbaşa risk zonasına çevirib. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması, xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər enerji təhlükəsizliyi baxımından dünyanı ciddi təhdid altında saxlayır. Belə bir mürəkkəb və qeyri-sabit mühitdə sabitlik zonalarının sayı kəskin şəkildə azalır. Məhz bu fonda Cənubi Qafqazın rolu daha qabarıq görünür.
Cənubi Qafqaz: sabitliyin nadir adası
Bu gün reallıq ondan ibarətdir ki, Avrasiya məkanında Şərqlə Qərb arasında real, təhlükəsiz və funksional bağlantı yarada bilən yeganə region məhz Cənubi Qafqazdır. Bu regionun isə strateji mərkəzi Bakıdır. Bakı olmadan nə enerji marşrutlarını, nə də ticarət-logistika xətlərini effektiv şəkildə qurmaq mümkündür. Xəzər hövzəsindən Avropaya uzanan bütün əsas alternativ marşrutların mərkəzində Azərbaycan dayanır. Bu reallıq təsadüfi deyil. Bu, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən çoxvektorlu və balanslı xarici siyasət kursu Azərbaycanı təkcə regional deyil, qlobal səviyyədə etibarlı tərəfdaşa çevirib:
“İkinci Qarabağ müharibəsi sonrası formalaşan yeni reallıq regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişdi. Bu dəyişikliklər nəticəsində kommunikasiya xətləri açıldı, əməkdaşlıq imkanları genişləndi və ən əsası – yeni tranzit platforma yarandı.
Bu platformanın əsas elementi isə Orta dəhliz oldu. Orta dəhliz Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ən qısa və təhlükəsiz bağlantını təmin edərək qlobal iqtisadi xəritədə alternativ mərkəz formalaşdırdı.
İrəvan sammiti: reallığın etirafı
Bu yeni reallığın ən açıq təsdiqlərindən biri Avropa Siyasi Birliyi Zirvə Toplantısı oldu. İrəvanda keçirilən bu toplantı əslində regionda yaranmış yeni güc balansının qəbul edilməsinin göstəricisidir. Əgər 2020-ci ildən sonra formalaşan geosiyasi vəziyyət olmasaydı, Ermənistanın belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi real görünməzdi. Fransa prezidenti Makronun İrəvanda səsləndirdiyi bu dediklərimin bariz nümunəsidir. Makron çıxışda deyib:
"Düzünü desək: səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Bu gün ölkənizə bu qədər çox ilk səfərlər görməyimiz çox şeydən xəbər verir". Bu isə dolayısı ilə Bakının yaratdığı təhlükəsizlik və sabitlik mühitinin nəticəsidir. Əgər Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, sabitliyə, sıx əməkdşalığa xidmət edən geosiyasi reallıq yaratmasaydı və onun təminatçısı rolunda çıxış etməsəydi, təbii ki, bu İrəvanda Avropa liderlərinin iştirakı ilə belə tədbir keçirilməsini xətyla gətirmək olmazdı.
Avropalı rəsmilərin çıxışlarında da Cənubi Qafqazın, xüsusilə Azərbaycanın tranzit və enerji təhlükəsizliyində oynadığı rol açıq şəkildə vurğulanıb. Bu isə artıq Bakının regional deyil, qlobal aktor kimi qəbul olunduğunu göstərir.
Avropanın ziddiyyətli siyasəti
Lakin paradoks ondan ibarətdir ki, belə bir mürəkkəb dövrdə bəzi Avropa dairələri rasional yanaşmadan uzaq davranır. Xüsusilə Avropa Parlamenti çərçivəsində Azərbaycana qarşı qərəzli mövqelər müşahidə olunur.
Bu dairələr regionda sülhün möhkəmlənməsini dəstəkləmək əvəzinə, əksinə, revanşist meyllərin güclənməsinə şərait yaradan addımlar atır. Ermənistan daxilində destruktiv qüvvələrin fəallaşması da müəyyən mənada bu yanaşmanın nəticəsi kimi qiymətləndirilə bilər.
Milli Məclisin qərarı: siyasi mesaj
Məhz bu kontekstdə Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığa xitam verilməsi haqqında qərarı ciddi siyasi siqnal kimi dəyərləndirilməlidir.
Bu addım təsadüfi deyil. Bu, Azərbaycanın milli maraqlarını qorumaq və ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, Avropaya açıq mesajdır: əməkdaşlıq qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurulmalıdır”.
Deputat onu da qeyd edib ki, bugünkü reallıq çox aydındır: “Dünya qeyri-müəyyənlik dövrünə daxil olub və yeni güc mərkəzləri formalaşır. Bu prosesdə Azərbaycan, xüsusilə Bakı yalnız regional paytaxt deyil, Avrasiyanın strateji əlaqələndirici mərkəzinə çevrilib.
Bakı bu gün sadəcə coğrafi nöqtə deyil, həm də sabitlik, təhlükəsizlik və əməkdaşlıq platformasıdır. Görünən odur ki, “cəngəllik qanunları”nın hökm sürdüyü bir dünyada belə platformalara daha çox ehtiyac duyulacaq”.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.