AZ

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı işə başlayıb

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə reallaşan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib.

2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulmuş “Pillə” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.

AZƏRTAC xəbər verir ki, builki festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların üzə çıxarılmasına dəstək vermək və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyır.

ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova festivalın gənc istedadların formalaşmasında və milli teatr sənətinin gələcəyində mühüm rol oynadığını vurğulayıb. Rektor bildirib ki, universitetin hazırda təmirdə olan Tədris Teatrı istismara verildikdən sonra festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

Ardınca ADMİU-nun İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsi tərəfindən hazırlanmış videoçarxlar və animasiya nümayiş etdirilib.

Münsiflər heyətinin sədri professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışıb və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını vurğulayıb.

Daha sonra ötən il keçirilən “Pillə 3” Tələbə Tamaşaları Festivalının ADMİU üzrə “Ən yaxşı tamaşa” nominasiyasının qalibi “Yay gecəsində yuxu” tamaşasının baş rol ifaçısı Rahib Allahquliyev və digər ali təhsil müəssisələri üzrə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi, Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova çıxış edərək öz təcrübələrini və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə mübarizə aparırlar. Bu il proqramda “Ən yaxşı ikinci plan kişi rolu” və “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyaları da yer alıb.

Tamaşaların nümayişi ilə yanaşı, festival çərçivəsində peşəkar müzakirələr və teatr təhlilləri də aparılacaq. Festivalın proqramına ümumilikdə 23 tamaşa daxildir. Onlardan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbə teatr kollektivlərinə məxsusdur. Açılış mərasimindən dərhal sonra ADMİU tələbələrinin ifasında festivalın ilk tamaşası olan V.Rasputinin “Halallıq” əsəri nümayiş olunub.

Festivalın bağlanış və mükafatlandırma mərasimi mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – Orxan Kərimov
Seçilən
30
1
azertag.az

2Mənbələr