“ASAN kommunal” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən yaradılıb.
“Cebheinfo.az” xəbər verir ki, Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovativ yanaşmalar əsasında həyata keçirilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər xidmətlərin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təqdim edilməsini təmin edən “ASAN kommunal” mərkəzlərinin yaradılması və vahid şəkildə idarə edilməsinin təşkili həvalə olunub.
Hazırda Bakı şəhərində 3 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Həmçinin kommunal xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən “ASAN xidmət” mərkəzlərində də təqdim olunur.
Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.Ötən 10 il ərzində “ASAN kommunal” mərkəzlərində 60-a yaxın xidmət göstərilib və ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.
“ASAN kommunal” modeli vasitəsilə müvafiq istiqamətdə şəffaflığın, əlçatanlığın və operativliyin təmin olunması prioritet hədəf kimi müəyyən edilib.