Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azırbaycan-Ermənistan münasibətlərində son dövrlərdə formalaşan yeni siyasi dinamikanın və regional əməkdaşlıq xəttinin davamı kimi qiymətləndirilə bilər. Çıxışın əsas mahiyyəti sülh prosesinin artıq bəyanat mərhələsindən çıxaraq praktik nəticələr verməyə başlaması və bunun Avropa platformasında açıq şəkildə təqdim olunması idi. Prezidentin vurğuladığı əsas məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu ki, bu da tərəflər arasında qarşılıqlı siyasi jestlərin və normallaşma prosesinin institusional səviyyəyə keçdiyini göstərir. Azərbaycanın belə bir təşəbbüsü daha əvvəl irəli sürməsi və bunun qəbul olunması, regionda tarazlaşdırılmış diplomatik yanaşmanın formalaşdığını nümayiş etdirir. Bu həm də o deməkdir ki, Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma mərhələsindən sonra əməkdaşlıq elementləri daha görünən xarakter almağa başlayıb.
Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri sülhün artıq deklarativ deyil, faktiki nəticələr yaratması ilə bağlı idi. Azərbaycanın Ermənistan ərazisinə tranzit məhdudiyyətlərini aradan qaldırması və bunun nəticəsində minlərlə ton yükün daşınması, həmçinin enerji resurslarının ixracı qarşılıqlı etimadın praktik göstəricisi kimi təqdim olundu. Bu addımlar təkcə iqtisadi əlaqələrin başlanğıcı deyil, həm də uzun illər mövcud olmuş blokadaların aradan qaldırılması baxımından mühüm dönüş nöqtəsidir. Eyni zamanda “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi layihələr regional bağlantıların genişlənməsi və Azərbaycanın Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu, həm Orta Dəhliz kontekstində, həm də Avrasiya nəqliyyat xəritəsində yeni inteqrasiya mərhələsi kimi dəyərləndirilə bilər.
Çıxışın digər mühüm hissəsi Avropa institutlarına yönəlmiş haqlı tənqidi yanaşma idi. Prezident bəzi Avropa təsisatlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının, sülh prosesinə konstruktiv deyil, əksinə tənqidi və qərəzli yanaşdığını bildirdi. Burada əsas arqument ikili standartlar məsələsi idi ki, Azərbaycanın ərazi bütövlüyünün digər ölkələrlə eyni prinsiplə qiymətləndirilməli olduğu vurğulandı. Eyni zamanda Qarabağda separatizmin aradan qaldırılması və beynəlxalq qətnamələrin icrası məsələsi Azərbaycanın öz suveren hüquqlarını həyata keçirməsi kimi təqdim olundu. Bu kontekstdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sənədlər və Azərbaycanın buna cavab olaraq əməkdaşlıq formatlarını dondurması siyasi münasibətlərdə yeni mərhələnin başladığını göstərir.
Ümumilikdə çıxış həm sülh prosesinin real nəticələrini nümayiş etdirmək, həm də Avropa siyasi platformasında Azərbaycanın mövqeyini izah etmək baxımından əhəmiyyətli oldu. Eyni zamanda bu çıxış regionda artıq konflikt sonrası mərhələnin başladığını və Azərbaycanın bu mərhələni aktiv şəkildə idarə etdiyini göstərən siyasi mesaj kimi çıxış edir.
Yusif Bağırzadə, politoloq