UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.
QOL.az xəbər verir ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışın həlledici oyunları Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutub. Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.
Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatlar veriblər.
Qeyd edək ki, AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.