Bakı, 4 may, AZƏRTAC
Son illər şəhərsalma anlayışı getdikcə daha çox davamlılıq və ekoloji məsuliyyət prinsiplərinə yönəlib. Şəhərlərin sürətlə böyüdüyü bir dövrdə yaşana bilən, yaşıl və inklüziv mühitlərin yaradılması memarlar, şəhərsalma mütəxəssisləri üçün əsas prioritetlərdən birinə çevrilib. Bu baxımdan, Dünya Şəhərsalma Forumu (WUF) şəhərlərin gələcəyinin müzakirəsi və yeni ideyaların paylaşılması üçün mühüm beynəlxalq platforma rolunu oynayır. Məhz bu qlobal yanaşmanın davamı olaraq, Forumun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi, innovativ həllərin müzakirəsi və dayanıqlı inkişaf gündəliyinin irəli aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında gənc memar Ayda Chaleshfam deyib.
Gənc memarın sözlərinə görə, WUF13 çərçivəsində Bakıda iştirak etdiyi “workshop”lar ona yaşıl və davamlı şəhərsalma prinsipləri, inklüziv mühitlərin yaradılması və innovativ planlaşdırma yanaşmaları barədə həm praktik biliklər qazandırıb, həm də yeni ideyaların inkişafına imkan verib.
“Memarlıq mühəndisliyi və interyer dizayn üzrə məzun olaraq, WUF13 çərçivəsində Bakıda keçirilən bir sıra “workshop”larda iştirak imkanı əldə etdim. Bu “workshop”lar müasir şəhərsalma yanaşmaları barədə təcrübə qazandırmaqla yanaşı, komanda işi və dizayn tapşırıqları vasitəsilə yeni ideyaların araşdırılmasına şərait yaratdı.
Təlimlərdə müzakirə olunan əsas mövzulardan biri yaşıl şəhər konsepsiyası idi. Yaşıl şəhərsalma təbiətin şəhər mühitinə inteqrasiyasını, yaşıllıq sahələrinin artırılmasını, havanın keyfiyyətinin yaxşılaşdırılmasını və ekoloji cəhətdən dost həllərin tətbiqini nəzərdə tutur. “Workshop”lar zamanı şəhərlərin bərpaolunan enerji mənbələrindən, davamlı materiallardan və daha səmərəli planlaşdırma strategiyalarından istifadə edərək ətraf mühitə təsirini necə azalda biləcəyi və sakinlərin həyat keyfiyyətini necə yaxşılaşdıra biləcəyi müzakirə olundu.
Ekoloji məsələlərlə yanaşı, davamlılıq daha geniş anlayış kimi də təqdim edildi. Bildiyimiz kimi, davamlı şəhər yalnız ekoloji dayanıqlı deyil, eyni zamanda, sosial baxımdan inklüziv və iqtisadi tərəfdən balanslı olmalıdır. “Workshop”larda da şəhər məkanlarının əlçatanlığının təmin edilməsi, ictimai rifahın dəstəklənməsi və gələcək çağırışlara uyğunlaşma qabiliyyətinin artırılması kimi məsələlərə xüsusi diqqət yetirildi”, - deyə gənc memar vurğulayıb.
O, həmçinin bildirib ki, sessiyalar zamanı təqdim olunan maraqlı mövzulardan biri də şəhərsalma sahəsində “neyro-urbanizm” yanaşması idi. Bu yanaşma yaşadığımız mühitin insan davranışına və psixoloji rifahına təsirini araşdırır. Tədbirlərə təbii işıq, yaşıl sahələr və düzgün layihələndirilmiş ictimai məkanların stressin azaldılmasına və gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyi vurğulandı.
“Bu “workshop”larda iştirak təcrübəsi göstərdi ki, yaşıl dizayn və davamlılıq prinsiplərinin birləşdirilməsi gələcəyin şəhərləri üçün güclü model yarada bilər. Bu ideyalar sürətlə inkişaf edən şəhər kimi Bakı üçün daha dayanıqlı və insanyönümlü şəhər mühitinin formalaşdırılmasına töhfə verə bilər. Bakıda keçirilən WUF13 “workshop”ları da müasir şəhərsalma yanaşmaları barədə dəyərli biliklər təqdim etdi. Yaşıl və davamlı strategiyalar daha yaxşı şəhərlərin qurulması üçün vacibdir. Bu kimi beynəlxalq platformalar bilik və təcrübə mübadiləsində mühüm rol oynayır. Gənc memar kimi hesab edirəm ki, bu ideyaların praktikada tətbiqi gələcəkdə daha davamlı və yaşana bilən şəhər mühitlərinin formalaşmasına kömək edəcək”, - deyə A.Chaleshfam bildirib.
Müxbir – Ceyhun Xəlilov