AZ

Valideynlərin etdiyi bu səhv uşaqları aqressiv və piylənmə xəstəsi edir Psixoloq

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Smartfon və planşetlərin həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqlar arasında ekran asılılığı problemini də gündəmə gətirib. Valideynlər bildirirlər ki, artıq azyaşlı uşaqlar belə uzun saatlarını telefonda oyun oynamaq, video izləmək və sosial şəbəkələrdə keçirməyə üstünlük verirlər. Mütəxəssislər isə həddindən artıq telefon istifadəsinin uşaqlarda diqqət dağınıqlığı, yuxu pozuntusu, sosial ünsiyyət problemləri və fiziki passivlik yaratdığını vurğulayırlar. Bəzi məktəblərdə dərs zamanı telefon istifadəsinə məhdudiyyətlərin tətbiqi də problemin miqyasını göstərən amillərdən biri hesab olunur. Psixoloqlar valideyn nəzarətinin zəifləməsi və uşaqların erkən yaşdan rəqəmsal mühitə yönləndirilməsini əsas səbəblərdən sayırlar.Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, Əlbəttə, əsas məsələ uşağın telefonla nə vaxt tanış olmasıdır:“Bu sual üzərində düşünmək vacibdir. Uşaqlar adətən əlavə qidaya keçid dövründə telefonla tanış olurlar. Əslində əlavə qidaya keçid 6 aydan sonra olmalıdır. Lakin bəzi valideynlər 4 aydan etibarən uşağa süni qidalar, kaşalar verməyə başlayırlar. Bu mərhələdə uşaq qidanı qəbul etmək istəmədikdə valideyn narahat olur və “uşaq ac qalar” düşüncəsi ilə onu telefonla məşğul etməyə çalışır. Valideyn uşağın qarşısına telefon, planşet və ya televizor qoyur. Uşaq cizgi filmlərinə və qısa videolara baxarkən valideyn fürsətdən istifadə edib onu tez-tez qaşıqla yedirməyə çalışır. Bu videolar sürətli kadr dəyişiklikləri və parlaq rənglərlə uşağın diqqətini cəlb edir. Beləliklə, uşaq nə yediyini, nə qədər yediyini dərk etmir. Valideyn isə yeməyin bitməsindən məmnun qalır və “uşağım toxdur” düşüncəsi ilə rahatlaşır. Halbuki bu yanaşma gələcəkdə problemlərə səbəb olur. Doyma hissi bir prosesdir və uşaq bunu hiss etməyi öyrənməlidir. Lakin telefon qarşısında yemək bu prosesi pozur. Nəticədə doyma siqnalları gecikmiş şəkildə qəbul olunur və uşaq artıq yeməyə meyllənir. Bu da gələcəkdə piylənməyə, yəni obezliyə gətirib çıxarır. Bundan əlavə, valideynlərin özlərinin telefondan çox istifadə etməsi də uşaqlara təsir edir. Uşağa telefon verildikdə o sakitləşir və valideyn bunu müsbət hal kimi qəbul edir. Bu isə yanlış yanaşmadır”. O qeyd edib ki, uşaq zamanla telefona alışır və saatlarla ondan istifadə edir:“Yaş artdıqca telefonu onların əlindən almaq çətinləşir. Hətta bəzi hallarda bağçada belə problem yaranır və valideynlər “telefonu verməsəniz, uşaq sakit durmayacaq” deyirlər. Nəticədə isə uşaqlarda ciddi telefon asılılığı formalaşır. Uşağın telefondan asılı vəziyyətdə olması və bu cihazlara həddindən artıq meyl göstərməsi bir sıra ciddi problemlərə yol açır. İlk növbədə, bu hal uşaqlarda nitq probleminin yaranmasına səbəb olur. Çünki burada birtərəfli ünsiyyət mövcuddur: cihaz “danışır”, uşaq isə sadəcə baxır və dinləyir. Nəticədə uşağın aktiv danışıq bacarıqları formalaşmır. İkinci mühüm məsələ ünsiyyət problemidir. Uşaq yaşıdları ilə normal ünsiyyət qura bilmir, sosial bacarıqları zəifləyir. Bu da onun cəmiyyətə uyğunlaşmasını çətinləşdirir. Bundan əlavə, telefona, planşetə və ya televizora baxmayan yaşıdları ilə müqayisədə uşaq inkişaf baxımından geri qala bilər. İntellektual səviyyədə təxminən 30 faizə qədər geriləmə müşahidə oluna bilər. Fiziki sağlamlıq baxımından da problemlər yaranır. Göz problemləri, həmçinin dayaq-hərəkət aparatında pozuntular meydana çıxır. Uşaq zamanla telefondan asılı vəziyyətə düşür. Telefon əlindən alındıqda aqressiya, əsəbilik, gərginlik və yuxusuzluq kimi hallar ortaya çıxır. Digər problem isə etik davranışla bağlıdır. Uşaq telefondakı məzmunlardan qeyri-etik sözlər öyrənə bilər. Xüsusilə bəzi “YouTuber”ların söyüş və təhqir dolu videoları uşağın dilinə və davranışına mənfi təsir göstərir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
35
demokrat.az

10Mənbələr