Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, dərc olunan xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.
İtaliyanın “Agenzia Nova” informasiya agentliyindəki xəbər əsasən Prezident İlham Əliyevin çıxışı üzərindən Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin formalaşdığını vurğulayır, bunu iqtisadi və nəqliyyat əməkdaşlığı ilə əsaslandırır. Məqalədə, həmçinin Avropa institutlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi Prezident İlham Əliyevin əsas tənqid xətti kimi təqdim olunur. Xəbərdə Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri “təhqir və yalanlarla dolu” adlandıraraq onları açıq şəkildə tənqid edib. O, həmçinin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmaların sərgilənməsi qəbuledilməz hesab olunur.
