ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın ABŞ-a 14 maddəlik sülh təklifi təqdim etməsi regionda gərginliyin azaldılması istiqamətində yeni diplomatik cəhd kimi qiymətləndirilir. Təklifdə müharibənin 30 gün ərzində dayandırılması, sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad edilməsi kimi mühüm məsələlər yer alır. Bununla yanaşı, Vaşinqtondan gələn ilkin reaksiyalar planın qəbulunun asan olmayacağını göstərir. Donald Trampın sərt açıqlaması tərəflər arasında dərin etimadsızlığın hələ də qalmaqda olduğunu ortaya qoyur.
Bu təşəbbüs real sülh prosesinin başlanğıcı ola bilər, yoxsa sadəcə diplomatik təzyiq aləti kimi qalacaq?
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 14 maddəlik sülh təklifi təqdim olunub və tərəflərin hətta İranın özündə belə bu təklifə münasibəti birmənalı olmayıb.
Onun sözlərinə görə, İranda ABŞ-la danışıqlar məsələsi heç də ilk gündən müsbət qarşılanmayıb və bu baxımdan islahatçılarla mühafizəkarlar arasında ciddi fikir ayrılığı mövcuddur.
“Məsələ ondadır ki, əgər İranın daxilini analiz etsək, görərik ki, sülh tərəfdarları say etibarilə daha çoxdur. Lakin problem ondadır ki, ABŞ-la dialoqa qarşı çıxan qüvvələr az olsalar da, onların səsi daha çox eşidilir. Bunun da müəyyən ideoloji səbəbləri var. Çünki İranın dövlət olaraq mövcudluğunun əsas sütunlarından biri uzun illər “Amerikaya ölüm olsun”, “İsrail yer üzündən silinməlidir” kimi ritorikalar üzərində formalaşıb. Bu fonun dəyişməsi isə təbii olaraq daxili siyasi balansı sarsıdır”, – deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, bu səbəbdən Tehranla Vaşinqton arasında danışıqların başlanması bəzi dairələr tərəfindən ciddi risk kimi qiymətləndirilir: “Bu prosesin İranı daxildən sarsıdacağı düşünülür. Müxtəlif mühafizəkar qruplar hesab edir ki, bu danışıqlar müəyyən mənada ideoloji geri çəkilmə deməkdir”.
O əlavə edib ki, İran sülh təşəbbüsünü irəli sürdüyünü desə də, bu prosesin detalları ölkə daxilində yeni gərginliklər yarada bilər və gələcəkdə daha ciddi nəticələr doğura bilər.
“ABŞ isə İranla münasibətlərdə heç vaxt tam etimad göstərməyib. Ona görə də bu proses daha çox kövrək atəşkəs xarakteri daşıyır. Amma atəşkəs heç vaxt sülh demək deyil”, – deyə Hafizoğlu vurğulayıb.
Onun fikrincə, əgər İran regionda həqiqi sülh istəyirsə, ciddi islahatlara getməlidir: “Bu, həm insan hüquqları, həm də konstitusiya dəyişiklikləri ilə bağlıdır. Eyni zamanda regionda həyata keçirilən siyasət, o cümlədən proksi qüvvələrin rolu və maliyyə şəffaflığı məsələləri yenidən nəzərdən keçirilməlidir”.
Politoloq qeyd edib ki, maliyyə axınları və qeyri-şəffaf mexanizmlər ciddi problemlər yaradır: “Bəzi vəsaitlərin təyinatı açıq deyil və müxtəlif bölgələrdə siyasi təsir alətlərinə çevrildiyi iddia olunur. Bu məsələlər üzrə hesabatlılıq vacibdir”.
O həmçinin əlavə edib ki, Azərbaycan da vaxtında bu proseslərə diqqət yetirib və müəyyən təhlükələrin qarşısının alınması istiqamətində addımlar atılıb.
Sonda Rufiz Hafizoğlu bildirib ki, İranla ABŞ arasında uzunmüddətli sülh ehtimalına inanmır: “ Bu proses sülhə yox, maksimum müvəqqəti atəşkəsə bənzəyir. Vəziyyət tam sabitləşməyə doğru getsə belə, yeni gərginliklərin və hətta münaqişə riskinin qalması istisna deyil”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.