AZ

“Qadağa həm donorun, həm də resipiyentin hüquqlarını qorumaq məqsədi daşıyır”

ain.az bildirir, Bizimyol portalına istinadən.

2022-ci il yanvarın 1-dən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Qanun” qüvvəyə minib. Artıq orqanların götürülməsi, saxlanması və köçürülməsi qanunla tənzimlənir. Yeni qaydalara əsasən, orqan donorluğu və transplantasiya prosesi yalnız müəyyən edilmiş tibb müəssisələri tərəfindən həyata keçirilir.

Ölkəmizdə ən çox hansı orqan transplantasiyasına tələbat var, səbəbi nədir? Orqanların qiyməti nə qədər olur, ən yüksək qiymət hansı orqanadır?

Suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalına bildirilib ki, ən çox tələbat olan transplantasiya növü böyrəkdir.

Sual: Ölkəmizdə ən çox hansı orqan transplantasiyasına tələbat var, səbəbi nədir?

Cavab: “Ölkəmizdə (və ümumiyyətlə dünyada) ən çox tələbat olan transplantasiya növü böyrəkdir. Bunun əsas səbəbi xroniki böyrək çatışmazlığının geniş yayılmasıdır (məsələn, diabet və yüksək qan təzyiqi kimi xəstəliklər buna gətirib çıxarır). Bundan sonra qaraciyər transplantasiyası da kifayət qədər tələb olunandır”.

Sual: Orqanların qiyməti nə qədər olur, ən yüksək qiymət hansı orqanadır?

Cavab: “Qanunvericiliyə görə orqan alqı-satqısı qəti şəkildə qadağandır və cinayət hesab olunur. Bu qadağa həm donorun, həm də resipiyentin hüquqlarını qorumaq, səhiyyə sistemində etik prinsipləri təmin etmək məqsədi daşıyır.

Orqan transplantasiyası yalnız könüllü donorluq əsasında həyata keçirilir. Bu o deməkdir ki, donor heç bir maddi qarşılıq gözləmədən, öz razılığı ilə (və ya vəfat etmiş şəxsin əvvəlcədən verdiyi razılıq əsasında) orqan bağışlayır. Bütün proses ciddi tibbi və hüquqi nəzarət altında aparılır.

Eyni zamanda transplantasiya zamanı beynəlxalq tibbi-etika prinsiplərinə — xüsusilə insan ləyaqətinin qorunması, şəffaflıq, ədalətli bölgü və tibbi zərurət meyarlarına — əməl olunur.

Onu da qeyd edək ki, ölkəmizdə bütün transplantasiya əməliyyatları dövlət hesabına həyata keçirilir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə icbari tibbi sığorta çərçivəsində qarşılanır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr