AZ

Ərdoğan: Türkiyə artıq əvvəlki Türkiyə deyil, dünya da dəyişib...

Ankara Avropa İttifaqını siyasətini yenidən nəzərdən keçirməyə çağırıb...

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Avropa İttifaqının Türkiyəyə qarşı siyasətini kəskin tənqid edərək Brüsseli “yanlış mövqeyini” dəyişməyə çağırıb.

Poliqon xəbər verir ki, dövlət başçısı çıxışında Avropa institutlarında Türkiyəyə qarşı “strateji korluğun” hələ də mövcud olduğunu bildirib.

Ərdoğan qeyd edib ki, Avropa İttifaqı Türkiyəni tamhüquqlu üzv kimi qəbul etmədən qlobal güc mərkəzinə çevrilə bilməz. Onun sözlərinə görə, Ankara yalnız ehtiyac yarananda xatırlanan və digər hallarda kənara itələnən ölkə rolunu qəbul etmir: “Biz heç vaxt belə ölkə olmamışıq və olmayacağıq”.

Türkiyə lideri vurğulayıb ki, Avropa İttifaqı Ankaranın konstruktiv mövqeyini düzgün qiymətləndirməli və bu yanaşmadan sui-istifadə etməməlidir. O, həmçinin ikitərəfli münasibətlərə zərər verə biləcək addım və ritorikadan çəkinməyə çağırıb.

Ərdoğan çıxışında qlobal geosiyasi dəyişikliklərə də toxunaraq bildirib ki, artıq dünya təkcə Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, yeni dünya nizamı formalaşır və bu sistemdə regional əməkdaşlıq güclənir, yeni güc mərkəzləri meydana çıxır, beynəlxalq münasibətlər isə sürətlə çoxqütblü struktura doğru irəliləyir.

Türkiyənin bu yeni sistemdə aparıcı aktorlardan biri olmağa hazır olduğunu deyən prezident əlavə edib ki, hazırda Avropanın Türkiyəyə ehtiyacı, Türkiyənin Avropaya ehtiyacından daha çoxdur və bu tendensiya gələcəkdə daha da güclənəcək.

Ərdoğan bildirib ki, Avropa hazırda seçim qarşısındadır: ya Türkiyənin artan gücünü və qlobal çəkisini fürsət kimi qiymətləndirəcək, ya da təcridedici yanaşmalarla öz gələcəyini risk altına atacaq. O, Avropa qərarvericilərini siyasi və tarixi stereotiplərdən uzaqlaşaraq Türkiyə ilə bərabərhüquqlu və səmimi münasibətlər qurmağa çağırıb.

Prezidentin fikrincə, bu cür münasibətlər təkcə Türkiyə üçün deyil, eyni zamanda onun ayrılmaz hissəsi olduğu Avropa qitəsi üçün də faydalı olacaq.

Poliqon.info

Seçilən
20
50
poliqon.info

10Mənbələr