Tədbir sayğı duruşu və dövlət himnimizlə başlayaraq, Birliyin sədri Tənzilə Rüstəmxanlının dərin məzmunlu çıxışı ilə davam etdi. “Türk qadınının 30 illik izləri” sənədli filmi isə bu şərəfli yolun yaddaşlara həkk olunmuş anlarını bir daha göz önünə gətirdi.
Gecədə iştirak edən millət vəkilləri, dövlət və ictimai xadimlər, ziyalılar çıxışlarında türkçülüyün, milli dəyərlərin qorunmasının və Azərbaycanın maraqlarının müdafiəsinin vacibliyini xüsusi vurğuladılar. Bu tədbir bir daha göstərdi ki, milli ruh, birlik və həmrəylik bizim ən böyük gücümüzdür.
Plaket təqdimatları ilə uzun illər bu yolda xidmət göstərən dəyərli insanlara ehtiram ifadə olundu, onların əməyi yüksək qiymətləndirildi.
“Atatürk” liseyi şagirdlərinin təqdim etdiyi bədii hissə isə tədbirə xüsusi rəng qatdı. Rəqslər və səhnəciklər vasitəsilə türk dünyasının birliyi, ortaq kökləri və sarsılmaz ruhu bir daha nümayiş etdirildi.
Bu gün biz yalnız bir yubileyi qeyd etmədik — biz tariximizi, kimliyimizi, dilimizi və böyük Türk dünyasının ayrılmaz birliyini qeyd etdik.
Qoy bu birlik və bu ruh hər zaman yaşasın!












