AZ

Əslində bizi Avropadan nə ayırır?..

Böyük Sabirin çox məşhur misraları var:
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar...

Odur ki, məni dərhal “Avropanın agentləri” siyahısına yazmağa tələsməyin. Bir Allaha and olsun, burada nə vaxtsa hətta Avropanın və ya Fransanın “agent”ləri tapılsa, onlar də bəzi rüşvətxor-korrupsioner məmurların, bəzi yalaq-yaltaq deputatların arasından tapılacaq, ona görə ki, bunların tamahının, hətta iddialarının həddi-hüdudu, sərhədi yoxdur.

İkincisi, mütəxəssislər var akademik savadlarıyla, digərlərisə təcrübələrilə maraqlı olurlar. Z.Bjezinski daha çox ikincilərə aid idi, adam prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuşdu. Mən ABŞ hökutənin funksional strukturunu bütün detallarıyla bilmirəm, amma bu vəzifə ABŞ-da çox mühüm sayılır. Qərəz, bu adamın məşhur fikri vardı: korrupsiya bəzi dövlətlərin işinə müdaxilə etmək, hətta onları idarə etmək üçün ən gözəl vasitədir!..

Ona görə daim yazırıq ki, korrupsiya sosial-siyasi problem olmaqdan daha çox təhlükəsizlik məsələsidir...

O ki qaldı Qərb, məsələn, Avropa siyasətçilərinə, insan çiy süd əmib, bu seqmentin də siyasətçiləri xarici siyasət üzərindəki nisbi nəzarətsizlikdən, bir növ, boşluqlardan istifadə edib yaxşıca qazanırlar – kimsə bunu inkar etmir. Hər şey cəhənnəmə, prezident Sarkozi Qəzzafidən nə qədər almışdı? Etiraf etdi ki, almışam və özünə onunla haqq qazandırdı ki, amma Qəzzafini də məhv etmişəm – bəli, bunu da düz deyirdi! Belədəsə, elə bilirsiniz, digər diktatorlardan almırlar? Yox, hamısından alır, bir müddət “bəsləyir”, axırda da məhv edirlər – necə deyərlər, it də gedir, ip də!

İranın “molla” rejimindən zəhləm gedir, amma iranlılar indiyədək Pza şahın oğurladıqlarını qaytara biliblərmi? Hətta “molla”ların əvəzinə yeni siyasi qüvvələr gəlsə, qaytara biləcəklərmi? Düşünmürəm...

Dediyim budur ki, mən də sizinlə tam razıyam, Avropanın özündə elə siyasətçilər var ki, yaxşıca-karlıca pula nə desən, edərlər. Amma mənə elə gəlir ki, çox təəssüf, məsələ yalnız pulda deyil, çox faktorlar burada rol oynayır.

Belədəsə, bizim pullarımız ermənilərinkinin nəyindən pisdir? Yoxsa pulumuz yoxdur, ya da rüşvət vermək bacarığımız və səriştəmiz yoxdur, yaxud da bizim dollarımızın rəngi başqadır?
Odur, deyirəm ki, porblem daha dərindir. Təkrar söyləyirəm ki, rüşvıtxor siyasətçilər Qərbdə də az deyil. Amma burada baqşqa məqamlar da var – mental –psixoloji məqamlradan tutumuş konkret siyasi faktorlara qədər!

Dərinə getməyəcəm. İllər öncənin söhbətidir. Sevimli şairimiz (sidqi-ürəkdən deyirəm, fürsət düşəndə indi də oxuyuram!) Vaqif Səmədoğlu parlamentə seçilmişdi və onu da Avropadakı nümayəndə heyətinin tərkibinə salmışdılar deyəsən. Nə isə, Vaqif müəllim özü xatırlayırdı ki, bir avropalı siyasətçini bir tədbirdə pianoya tərəf çəkib çaz çaldım ki, göstərim, biz heç də geri xalq deyilik!

Səhv etmirəmsə, o vaxt da yazmışdım ki, Vaqif müəllim, Avropa Şurası konservatoriya deyil. Belədəsə, biri cazı, digəri roku, üçüncüsü muğamı, dördüncüsü hətta aşıq müsiqisini sevər! Bunun heç kimə bir dəxli yoxdur, buna görə kiməsə hesabat verməli deyilik. Onlar da bizdən belə şeyləri soruşmurlar, hesabat tələb etmirlər, onları maraqlandırsa, tamam başqa məsələlər maraqlandırar: məsələn, müasir musiqini bu qədər gözəl bilən, gözəl şair Vaqif Səmədoğlu parlamentə necə seçilib, ona səs verənlər kimlərdir, ümumiyyətlə, Azərbaycan adlı ölkədə seçkilər necə keçirilir və s. və i.

İnanın, bunlarlı, necə deyər, misal üçün yazıram, məqsədim Vaqif müəllimin ruhunu incitmək deyil, şəxsən onun necə seçilib-seçilməməsi məni nə o vaxt, nə də indi qəti maraqlandırımayıb, sadəcə, bir məqama aydınlıq gətirməkçün deyirəm bütün bunları.

Böyük çıxmasın, öz təcrübəmdən bir detal deyim. Hamımız bilirik ki, biz azərbaycanlılar biri-birimizi qonaq etməyi sevirik: yemək-içməkçün dost-tanış əvəzinə ödəniş etmək bir yana, rayonda hətta avtobusdan düşən zaman deyərdik ki, filankəs, pulunu verdim, düşərsən! Qərəz, tələbə vaxtı gördüm ki, qeyri-azərbaycanlılara qarşı belə edəndə, məsələn, dost rus tələbələrin əvəzinə ödəniş edəndə onların çoxu inciyir ki, mənim əvəzimə niyə ödəyirsən, mənim pulum yoxdur?..

Dediyim budur ki, biz hər şeyi öz mental qaydalarımızla ölçür, hətta həll etməyə çalışırıq, amma bu, heç də hər yerdə belə deyil. Hətta qaradaş Türkiyəylə ilk əlaqələr yarananda, bir türkiyəli bura qonaq gələndə bizim insanlar əldən - ayaqdan gedirdilər, az qalırdılar ki, komalarını da satıb qonağa yedirtsinlər! Amma türkiyəli qardaşlarımız özləri daha “soyuq” idilər və bu, bəzən bizimkilərin təəccübünə də səbəb olurdu...

Yəni biz hələ də bu “kapitalistlərin” dilini tapa bilməmişik. Açığı, Avropa bizim üçün daha əvvəlki müstəsnalığında deyil, bunu da daim qeyd edirik. Amma Avropayla, eləcə də Dünyanın digər regionları ilə savaşmaq üçün bəhanə axtarmaq da lazım deyil. Siyasətçinin işi-peşəsi nədir? Problem var? Buyurun, əziyyət çəkin həll edin, lazımdırsa həmin avropalı siyasətçilələ dəfələrlə görüşün, aydınlaşdırın, inandırın! Siyasət adamının bundan qeyri-işi peşəsi varmı?
Mənim Azərbaycanın ilk illəri yadıma düşür. O vaxt bizim məşhur Demblok vardı. Bəli, elə ki, bir problem yaranırdı, hmaısı durub deyirdi ki, bəs iclas zalını tərk edirik!..

İndi də təxminən eyni mənzərəni bizim indiki deputatlarmız yaradır. Bunların məntiqinə görə biz, ümumiyyətlə, köçüb başqa planetə gedək gərək! Tutaq, avropalılar pisdirlər, hamısı, necə deyərlər, erməni Aşotun belindən gəlib! Qəbul etdik! Deputat qardaşlar, axı siz öz cəmiyyətinizlə də dil tapa bilmirsiniz, hətta istəmirsiniz! Buna nə deyək?..

Avropalılarla bağlı son vaxtlarda mənim təəccübümə səbəb olan bircə detalı deyəcəm: onlar Pəhləviyə tribuna vermədilər! Pəhləvinin pulu, ya da “arxası” yox idi? Dedilər ki, İran xalqı bizi düz başa düşməz...

Nə isə! Avroparlamentlə qalmaqal İrəvandakı tədbirlə az qala, üst-üstə düşdü. Prezident İlham Əliyev də tədbirə videomüraciət etdi, onun çıxışını da oxuduq. Sizə deyim ki, prezidentin çıxışında hər halda, bəzi deputatların, hətta bəzi jurnalistlərin yazılarındakı kəskin “isterika” yox idi və belə də olmalıdır, siyasət təmkin tələb edən işdir.

Doğrusu, İrəvandakı tədbirə bizdən kimin qoşulduğunu müəyyənləşdirə bilmədim. Növbəti ildə tədbir deyəsən, Bakıda keçiləcək. Həm də buna görə bizim təmsilçilərin İrəvanda olması yaxşı olardı. Bilirsiniz, hazırda Qafqazda da ciddi proseslər gedir. Makiavellinin məşhur sözü var ki, məqsəd vasitəyə bəraət qazandırır! Bundan yaxşısını da elə bizim atalar deyib: könlü balıq istəyən özünü buzlu suya vurar!..

Ona görə də belə məsələlərdə təkəbbürün ziyanından başqa bir şeyi yoxdur. Nə də sabah ermənilər bizim başımıza qaxmayacaq ki, bəs siz durub İrəvana gəldiniz! Yox, vaxtilə ona görə getmirdik ki, Ermənistana təzyiq etmək lazım idi. İndi başqa proseslər gedir: İmkan qədər Rusiyanı buradan uzaqlaşdırmağa çalışmalıyıq ki, heç olmasa, gələcəkdə uşaqlarımız evlərində rahat yata bilsin...

Burada bir detalı da qeyd edərdik. Makron-filan rədd olsun. Amma bir məsələ var. Paşinyan illərdir ki, ən çox Fransanın, xüsusən də Makronun təsiri altındadır. Makronun İrəvanla Bakının arasını “soyutmaq” fikri olsaydı çoxdan edərdi. Əgər bu adamda zərrə qədər ağıl varsa, bilməlidir ki, İrəvanı təsiri altına salmaqçün onu əvvəlcə Rusiyadan uzaqlaşdırmalıdır, bununsa hazırda bircə yolu var:

Bakı-İrəvan-Ankara münasibətlərini normallaşdırmaq! Bir daha deyirəm ki, Makronun ağılı varsa, bunu başa düşməlidir. Belədəsə, Fransa balaca ölkə deyil, hərbi potensialına görə Avropanın ya birinci, ya da ikinci ölkəsidir. Bu boyda ölkənin prezidenti də ağılsız adam olmamalıdır. Sadəcə, başqa problem də var. Dünya ermənilərinin də heç də hamısı Paşinyanı sevmir, hətta ona nifrət edənlər var, onların arasında Koçaryan kimi faşist - daşnaklar da az deyil və həm də bunların nəticəsi kimi hərdən gözlənilməz, fors-major vəziyyətlər də yaşamalı oluruq.

Bizim siyasət adamlarında qəribə xasiyyət yaranıb: Avropa pisdir? Sabahdan danışdırmırıq onları! Azərbaycana qarşı hansısa “təhlükə” var? Sərhədləri bağlayırıq və məsələ bitir! Qardaşlar, bir sıravi vətəndaş kimi deyirik: bu, siyasətçi məntiqi və mentaliteti deyil, bununla uzağı on il, on beş ilə gedərsən, özü də ən yaxşı halda...

Seçilən
0
46
musavat.com

10Mənbələr