AZ

Tarixin dibinə sözlə enən Oljas

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Elxan Zal Qaraxan

OLJAS SULEYMENOV 90

Bu il, 2026-cı ildə böyük Azərbaycan şairi Xaqaninin 900, böyük Qazax şairi Oljas Suleymenovun isə 90 illik yubileyləri qeyd olunur. Onlar arasında 800 illik bir zaman məsafəsi dayansa da, bu sənətkarların birləşdikləri bir əsas nöqtə var; Xaqaninin də, Oljasın da yaradıcılıq dühası, intellekt şkalası əksər müasirlərindən qat-qat yuxarıda dayanır. Onlar sanki dünyamıza başqa ölçülü dünyadan gəlmişlər. Yaşadıqları zaman, məkan kəsiyində dünya, bu qeyri-adi insanlara böyük ehtiram göstərən xaqanların, qeysərlərin, şahların sayqıları və onların əzəmətləri önündə öz cılızlıqlarını görüb fitnə-fəsad törətməyə çalışan iddialı “şair və alimciklərin” donub qaldığı anlar bir kompüter faylı şəklində görünür. Tale belə gətirib ki, son 10-15 ildə mən bu böyük kişilərin obrazları ilə tez-tez qarşılaşıram. Hər dəfə AYB-dəki otağıma girib - çıxanda Xaqanidən başlayan Azərbaycan ədəbiyyatı dühalarının portret sırasını görürəm, otağa girəndə isə Oljas ağanın Azərbaycan dilində buraxılmış kitabları sataşır gözlərimə. Xaqani əsərlərini dari dilində, yəni farsca yazıb. Oljas Suleymenovun ədəbiyyat dili isə ruscadır, lakin onları oxuyanda türklükləri baharda havadan süzülən yovşan qoxusu kimi çulğayır səni.

Mən Oljas Suleymenovla ilk dəfə 2000-ci illərin əvvəllərində Bakıda, Xaqani 25-də, böyük yazıçımız Anarın iş odasında tanış olmuşam. O və digər bir azman yazıçı Çingiz Aytmatov Bakıya, hansısa bir tədbirə qatılmağa gəlmişdilər və həmişə olduğu kimi gəlişlərində Azərbaycanın böyük yazıçısı, çoxillik qələm dostları Anara baş çəkməyi özlərinə bir vizit borcu hesab edirdilər. Aytmatov da, Sulevmenov da gəlişlərində Azərbaycanın dövlət başçısının xüsusi qonaqları sayılırdılar, onlarla görüşmək elə də asan məsələ deyildi. Anar müəllim məni onlara Rəsul Pza Fondunun nəşr etdiyi Oljas Suleymenovun “Gil kitab” poemasını Azərbaycan dilinə çevirmiş Azərbaycan şairi kimi təqdim etdi. Daha sonra Anar müəllimin ön sözü ilə O. Suleymenovun Azərbaycan dilində “ Kuman nəğməsi” adlı kitabı nəşr olundu və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. Zaman keçdi, biz Oljas ağa ilə istər Azərbaycanda, istərsə də Qazaxstanda müxtəlif məclislərdə dəfələrlə görüşdük. Görüşlərimizdən ən yadımda qalanı belə bir əhvalatdır: bir dəfə Almatı elitasının da iştirak etditi bir məclisdə məni Oljas Suleymenovla yanaşı otuzdurdular və bişirilmiş at başını ikiyə bölüb qarşımıza qoydular. Mənim həyəcanlandığımı hiss edən Oljas ağa dedi - “qorxma. Bir qırıq götür, qalanını başqa qonaqlara aparacaqlar”. Bu qazax cəmiyyətində böyük ehtiram nümunəsi hesab edilir, yəni kəllə ilkin olaraq ən mötəbər qonaqların qarşısına qoyulur. Həmin məclistə görkəmli yazıçımız Elçin Hüseynbəyli də mənimlə idi...

1990-cı ilin 20 yanvar hadisələrindən sonra nümayiş etdirdiyi böyük qeyrətdən sonra, Prezident Heydər Əliyevin göstərdiyi diqqət sayəsində Azərbaycanda “milli sərvət” statusu qazanan Oljas Süleymenov, çağdaş dönəmdə dünya şöhrəti qazanmış, dünya dillərinin təkamülü barədə bənzəri olmayan əsərlər yaratmış bir neçə elm və ədəbiyyat adamı sırasındadır. Onun haq­qında çox yazılıb, onun haqqında çox deyilib. O, müasirləri tərəfindən sağlığında dahi adlandırılan çox az qisim çağdaş sənətkarlardan biridir. Onu sevənlər də çoxdur, ona paxınlıq edənlər də. Eynən XII əsrdə Şirvanda və təbrizdə yaşamış Xaqanidə olduğu kimi. Amma beş “Həbsiyyə” kitabı yazmış Xaqanidən fərqli olaraq, dahiliyin düşmənləri Oljası həbsə saldırammadılar. Qazaxstana rəhbərlik edən D. Kunayev, N. Nazarbayev kimi hakim türk kişiləri Xaqanini dəfələrlə həbsiyyələrə göndərən şirvanşah Axsitandan fərqli olaraq, Oljasın ucalarda pərvaz edən ruhunu şər sahiblərindən qorudular. Oljasın “həbsiyyəsi” uzun illər Qazaxstanın səfiri olaraq, Roma, Paris kimi şəhərlərdə dünya haqqında bənzərsiz əsərlər yazmaq qisməti oldu. Daha sonra o 12 il YUNUSKO-da Qazaxstan dövlətinin nümayəndəsi kimi fəaliyyət göstərdi. Qazaxstanın birinci prezidenti Nursultan Nazarbayev O. Suleymenovun 80 illik yubileyi ilə bağlı yazdığı məqalədə, dövlətin onu dünyanın ən gizlin arxiflərinin var olduğu Roma və Parisə göndərməklə, məqsədi tarixin hələ yazılmamış səhifələrini yoxdan var edəcəyinə inanmasıydı. Dövlət inandı və o bacardı. O. Suleymenov dillərin yaranmasında, təşəkkül tapmasında və inkişafında yazı işarələrinin-heroqliflərin və simvolların rolu barədə təksib olunması elə də asan olmayan bir nəzəriyyə ortaya qoydu. O dilçilikdə ilk dəfə olaraq, sözün, ilk heroqlifin qrafik işarəsi ilə genetik bağlılığına bir yerdə baxmağı, araşdırmağı təklif elədi. Bu illərdə yazdığı "Ta­ri­xə qə­dər­ki türklər", “Ta­n­rı tə­bəssümü", "Ya­zı­nın di­li", “Sözün kodu” kimi əsərlərdə o “bütün dillərin, “kiçik insanlığın” vahid dilinin dialektlərindən törədiyini bir nəzəriyyə olaraq ortaya qoydu. Onun ən böyük arzusu isə, bəlkə də missiyası, bəşərin ilkin dilinin “1000 +1 söz” adlı etimoloji lüğətini yaratmaqdır. Mənim bildiyimə görə bu layihə artıq hazırlıq səviyyəsindədir və ümüd edirik ki, yaxın gələcəkdə “Babil qülləsi”ndən öncə işlənən sözlərin sırasını görəcəyik.

Bəşər tarixində bu inanılmaz fəaliyyəti gerçəkləşdirən və həyat faliyyətinə neftçi-qeoloq kimi başlayan O. Suleymenov Sovetlər epoxasının şairiydi və onun ilk yaradlcılığı da XX əsrin 60-cıillərində ədəbiyyata yenilik havası gətirməyə çalışan həmkarlarından elə ciddi fərqlənmirdi. Onun istedadının yüksəliş zəngləri 60-cı illərin lap əvvəlində, Yuri Qaqarinin kosmosa uçuşundan sonra çalmağa başladı. Kosmosun insan tərəfindən fəthindən bəhs edən “İnsana təzim et ey Yer kürəsi” poemasının dərc etdirilməsindən sonra Oljas Suleymenov Ümumittifaq şöhrəti qazandı, həmin dövrdə bu, indiki dünya şöhrəti ifadəsinə ekvivalent idi. Şöhrət və istedad fişənglərinin dalğasında o, Sovet imperiyasında hegemon dil sayılan rus dilinin əsas poetik ifadəçilərindən biri oldu. Əlbəttə o rus dilində yazsa da, içində çağlayan “köşəri sivilizasiya” ruhu zaman-zaman özünü göstərirdi, amma bu onun yaradıcılığının ana xətti deyildi. Özünün tazdığı kimi, o böyük atılışa hazırlaşırdı.

O. Suleymenov 1969-cu ildə “Gil kitab” poemasını yazdı və bundan sonra onun yaradıcılığında yeni bir mərhələ başladı. İskitlərin (Oljasın deyimincə İşkuzların-İç oğuzların) Assuriya və Midiya fəthindən bəhs edən postmodern üslübunda yazılmış bu əsər itmiş köklərini axtaran qazax inteligensiyasının axtarışlarına parodiya şəklində yazılmışdı. Bir növ qazax çöllərinin “Don Kixot”u idi bu əsər.

Seçilən
18
icma.az

1Mənbələr