Qərbdə yayılan iddialar daha çox psixoloji əməliyyata bənzədilib...
Müəllif: Mark Qaleotti
The Spectator nə.ri, ABŞ
Qərb liderləri Rusiya dezinformasiyasını nə qədər sərt tənqid etsələr də — bu, həqiqətən də real problemdir — biz bunu birtərəfli proses kimi təqdim etməməliyik. Guya anonim “Avropa kəşfiyyat agentliyi”nin Kremlin çevrilişdən ehtiyat etdiyi barədə yaydığı xəbərlərin qəfil artımı ciddi qiymətləndirmədən çox, Rusiya elitasında paranoya yaratmağa yönəlmiş psixoloji əməliyyata bənzəyib.
İddia olunub ki, Vladimir Putinin şəxsi təhlükəsizliyi kəskin şəkildə gücləndirilib. Bu təkcə Ukraynanın getdikcə daha uzaqmənzilli pilotsuz aparat hücumlarına qarşı deyil, əsasən mart ayının əvvəlindən etibarən Kreml və şəxsən Putinin guya sui-qəsd və ya çevriliş cəhdindən ehtiyat etməsi səbəbilə izah edilib.
Xüsusilə qeyd olunub ki, 2024-cü ilə qədər müdafiə naziri olmuş, hazırda isə Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyqu yüksək hərbi komandanlıq üzərində təsirini qoruduğu üçün çevriliş riski ilə əlaqələndirilir.
Yaşlanan Putin doğrudan da Ukraynanın birbaşa hücumundan narahat ola bilər, onun Federal Mühafizə Xidmətindəki mühafizəçiləri isə, hər bir təhlükəsizlik xidməti kimi, peşəkar şəkildə şübhəçi davranırlar və qoruduqları şəxsin narahatlıqlarına reaksiya verirlər. Prezident ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi real və ya ehtimal olunan təhlükədən asılı olmayaraq inandırıcı görünür. Moskvada keçirilən Qələbə paradının qısaldılması da, ehtimal ki, Ukrayna hücumu üçün açıq hədəf yaratmamaq məqsədi daşıyıb.
Lakin Putinə qarşı hücum ehtimalı daha az inandırıcı görünür. Müharibənin əvvəlində Moskva Volodimir Zelenskiyə zərbə endirməyə çalışsa da, sonradan tərəflər arasında yüksək rəhbərliyə qarşı hücumlara dair qeyri-rəsmi moratorium formalaşıb. Rusiya tərəfinin dekabr ayında Putinin iqamətgahlarından birinə hücum cəhdi barədə iddialarına baxmayaraq, bu razılaşma qüvvədə qalıb. Əgər Kiyev Putinə hücum etmək qərarına gəlsəydi, sərt cavab gözlənilirdi.
Ən çox diqqət çəkən isə çevriliş iddiaları olub və məhz bunlar ən az inandırıcı hesab edilib.
Rusiya təhlükəsizlik sistemi çevriliş riskini minimuma endirmək üçün qurulub. Müxtəlif hərbi və yarımhərbi strukturlar bir-birini balanslaşdırır, FSO isə sadiq kadrlardan formalaşdırılıb və geniş nəzarət səlahiyyətlərinə malikdir.
2023-cü ildə Yevgeni Priqojin və onun “Vaqner” muzdluları hakimiyyətə qarşı çıxsa da, bu, çevriliş deyil, qiyam idi. Məqsəd prezidentin devrilməsi yox, onu Şoyqunu dəstəkləməkdən çəkindirmək idi. Üstəlik, Moskvaya yaxınlaşan təxminən 2000 nəfərlik qüvvənin şəhəri ələ keçirmək, ümumiyyətlə isə Putini devirmək şansı yox idi.
Şoyqunun potensial çevrilişçi kimi təqdim edilməsi isə daha da şübhəli görünür. Ordu daxilində ilkin uğursuzluqlara görə əsas tənqid məhz onun üzərinə yönəlib. Nazirlikdə onun tərəfdarlarına qarşı genişmiqyaslı təmizləmələr aparılıb. Hətta onunla əlaqəli olan zabitlər, o cümlədən Baş Qərargah rəisi Valeri Gerasimov belə ondan məsafə saxlayıblar.
Onun yüksək komandanlıq daxilində çevriliş təşkil etmək üçün yetərli nüfuza və etimada malik olduğunu təsəvvür etmək çətindir. Üstəlik, belə bir planın Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat strukturlarının nəzarətindən yayınması demək olar ki, mümkün deyil.
Bundan başqa, Putinin təhlükəsizliyi ilə bağlı yoxlanıla bilən məlumatlar da bu iddiaları şübhə altına alır. O, son illər səfərlərini azaltsa da, ictimai fəaliyyətini tam dayandırmayıb və yaxın vaxtlarda Sankt-Peterburqda İranın xarici işlər naziri ilə görüş keçirib.
Bu məlumatlar əvvəlki bəzi şübhəli kəşfiyyat hesabatlarını xatırladır. Məsələn, İsveç hesabatı Rusiya iqtisadiyyatına təzyiqi xeyli şişirtmişdi. Avropada Ukrayna müharibəsinin “möcüzəvi” şəkildə başa çatacağına dair gözləntilər var və Putinin devrilməsi ideyası bu gözləntilərə uyğun gəlir.
Tarixdə dəfələrlə olub ki, kəşfiyyat xidmətləri rəhbərlərinə lazım olan reallığı deyil, eşitmək istədiklərini təqdim ediblər.
Bununla yanaşı, NATO-nun kino və televiziya prodüserləri ilə əməkdaşlıq edərək ictimai rəyə təsir göstərməyə çalışdığı barədə xəbərlər fonunda, bu məlumatların məqsədli dezinformasiya olması ehtimalı da istisna edilmir. Ola bilsin ki, məqsəd müəyyən ideyaları gündəmə gətirmək, Putini Şoyqudan uzaqlaşdırmaq və elita daxilində şübhə yaratmaqdır. Bu isə xüsusi xidmət orqanlarının apardığı gizli informasiya müharibələrində tez-tez istifadə olunan taktikalardan biri sayılır.
Poliqon.info