AZ

Bərabərhüquqlu tərəfdaşlıq, açıq dialoq, milli maraqlara əsaslanan prinsipial mövqe ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı videobağlantı formatında çıxışı bir neçə mühüm aspektdən xüsusi əhəmiyyət kəsb edib və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini göstərib. Əvvəla, bu çıxış Azərbaycanın qlobal və regional proseslərdə fəal aktor kimi iştirakını bir daha təsdiqləyib. Dövlətimizin başçısının mesajlarının birbaşa Avropa siyasi elitasına ünvanlanması Azərbaycanın diplomatik çevikliyini və dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq qabiliyyətini nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O Prezident İlham Əliyevin çıxış zamanı toxunulan əsas məsələlərdən birinin enerji təhlükəsizliyi olduğunu xatırladıb. Deputat vurğulayıb ki, Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir və bu kontekstdə dövlətimizin başçısı ölkənin enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların inkişafı və yaşıl enerji gündəliyi ilə bağlı mühüm mesajlar verib. Bu, Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı deyil, həm də bərpaolunan enerji sahəsində perspektivli tərəfdaş kimi çıxış etdiyini göstərir.

“Digər mühüm istiqamət regional təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı məsələlərdir. Prezident çıxışında regionda davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın konstruktiv mövqeyini və sülh gündəliyinə sadiqliyini diqqətə çatdırıb. Bu yanaşma ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin ardıcıl şəkildə müdafiə olunduğunu göstərib və Avropa tərəfdaşları üçün etibarlı siyasi siqnal rolunu oynayıb. Eyni zamanda, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi məsələsi də çıxışda xüsusi yer tutub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir. Bu isə Avropa üçün alternativ və təhlükəsiz tədarük zəncirlərinin formalaşdırılmasında ölkəmizin rolunu artırır”, - deyə deputat bildirib.

Jalə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin xüsusilə Avropa İttifaqı və bəzi Qərb dairələrinin Azərbaycana münasibəti ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib. Belə ki, son dövrlər Avropa İttifaqı (Aİ) strukturları və ayrı-ayrı qərb siyasi mərkəzləri tərəfindən Azərbaycana qarşı zaman-zaman qərəzli və selektiv yanaşmaların müşahidə olunduğu məlumdur. Dövlətimizin başçısı çıxışında bu məsələyə praqmatik və prinsipial mövqedən yanaşaraq, münasibətlərin yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüquq prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb. Sözügedən yanaşma təsadüfi deyil, çünki Azərbaycan-Aİ münasibətlərinin rəsmi sənədlərində də tərəfdaşlığın məhz bərabərlik və qarşılıqlı fayda üzərində qurulduğu açıq şəkildə qeyd olunur.

“Eyni zamanda, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini xatırlatması da diqqət çəkib. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusilə vurğulanıb. Bu kontekstdə Azərbaycanın mövqeyinə qərəzli yanaşmaların uzunmüddətli perspektivdə real siyasi və iqtisadi maraqlarla ziddiyyət təşkil etdiyi mesajı verilib. Ümumiyyətlə sözügedən çıxış yalnız cari siyasi mesajların ötürülməsi deyil, həm də strateji kommunikasiya aktıdır. Burada enerji, nəqliyyat, təhlükəsizlik və sülh gündəliyi ilə yanaşı, Azərbaycanın müstəqil və suveren siyasətinin müdafiəsi və ədalətli beynəlxalq münasibətlər modelinə çağırış əsas xətt kimi çıxış edib. Bu isə ölkənin həm regional, həm də qlobal siyasi arxitekturada rolunun daha da gücləndiyinin mühüm siyasi göstəricisidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

3Mənbələr