AZ

Vaşinqtonun gizli planı?- Bölgədə artan hərbi güc ciddi suallar doğurur

Yaxın Şərqdə müşahidə olunan son hərbi dinamika qlobal təhlükəsizlik gündəliyində yenidən prioritet mövzuya çevrilib. ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması ilə bağlı yayılan məlumatlar müxtəlif ssenariləri gündəmə gətirir: bu addımların real hərbi əməliyyat hazırlığı olub-olmaması, yoxsa daha çox strateji çəkindirmə məqsədi daşıması sual doğurur. Mövcud geosiyasi şəraitdə bu cür hərəkətlilik yalnız regional deyil, eyni zamanda daha geniş beynəlxalq balanslara da təsir potensialına malikdir. Azərbaycanın maraqları baxımından isə proseslərin diqqətlə izlənməsi və mümkün risklərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, 40 gündən artıq davam edən İran–ABŞ qarşıdurması tərəflərin gözlədiyi nəticələri tam şəkildə təmin etmədi:

“ABŞ və İsrail əsas strateji hədəflərinə tam nail ola bilmədilər. Düzdür, İrana həm iqtisadi, həm də hərbi baxımdan ciddi zərbələr endirildi. Lakin İran da cavab olaraq ABŞ və İsrailin hərbi obyektlərinə dəqiq zərbələr həyata keçirdi və eyni zamanda Hörmüz boğazına nəzarət imkanları vasitəsilə təsir rıçaqlarını artırdı. ABŞ-ın bu boğazdakı blokadanı qismən neytrallaşdırması isə İranın vəziyyətini daha da çətinləşdirdi.

Hazırda ABŞ-ın bölgədə hərbi qüvvələrini artırması bir neçə amillə bağlıdır. Bir tərəfdən, əvvəlki mərhələdə itkilərin və istifadə olunmuş hərbi resursların bərpası zərurəti var. Digər tərəfdən isə Vaşinqton paralel olaraq iki istiqaməti nəzərdən keçirir: qısamüddətli, hədəfli hərbi zərbələr ehtimalı və ya hərbi mövcudluğu artırmaqla təzyiq mexanizmlərini gücləndirib İranı danışıqlara məcbur etmək. Mövcud mərhələdə qüvvələrin cəmləşməsi ümumi güc balansında kəskin dəyişiklik yaratmaya bilər. Çünki İranın arxasında dayanan beynəlxalq dəstək amili də nəzərə alınmalıdır”.

Politoloqun fikrincə, yaxın dövrdə vəziyyətin mövcud formatda davam etməsi daha real görünür:

“Bununla belə, istisna deyil ki, Donald Trampın Çin səfəri çərçivəsində İranla bağlı müəyyən razılaşmalar gündəmə gələ bilər və xüsusilə İranın hərbi proqramı üzrə ortaq məxrəcə gəlmək cəhdləri güclənsin. Hazırda nə tam sülh, nə də açıq müharibə vəziyyəti hökm sürür, lakin diplomatik təmaslar davam edir. Tərəflər qarşılıqlı təkliflər irəli sürürlər. ABŞ tərəfi son açıqlamasında İranın təqdim etdiyi təklifləri qənaətbəxş hesab etmədiyini və yenidən işlənməsinin vacibliyini vurğulayıb.

Bu kontekstdə Donald Tramp administrasiyası bölgədə hərbi mövcudluğu artırmaq və blokada vasitələrindən istifadə etməklə İrana təzyiq göstərməyə çalışır. Eyni zamanda, müəyyən mərhələdə hərbi eskalasiyanın artması və qısamüddətli toqquşma ehtimalı da gündəmdə qalır. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ-ın yüksək hərbi rəhbərliyi tərəfindən prezidentə bölgədəki vəziyyətlə bağlı mütəmadi brifinqlər təqdim olunur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
50
editor.az

10Mənbələr