AZ

Kruiz gəmisində hantavirus epidemiyası şübhəsi var

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı göyərtədə üç ölüm hadisəsini təsdiqləyib

Argentinadan Kabo-Verdeyə üzən “MV Hondius” kruiz gəmisində gəmiricilər tərəfindən daşınan nadir bir xəstəlik olan hantavirusun epidemiyası şübhəsi var. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) göyərtədə üç ölüm hadisəsini təsdiqləyib.

ÜST-dən BBC-yə bildirilib ki, gəmidə bir xəstəlik hadisəsi laboratoriyada təsdiqlənib, daha beş nəfər şübhəlidir və mütəxəssislər araşdırmalarını davam etdirirlər.

“Oceanwide” kruiz xəttinə məxsus “MV Hondius” 20 martda yola düşüb və kruizin 4 mayda başa çatması planlaşdırılırdı. Gəmidə təxminən 150 sərnişin var.

Gəmi hazırda Kabo-Verdenin paytaxtı Praia limanının yaxınlığında lövbər salıb. Gəmi hərəkətlərini izləyən “Marine Traffic” saytının məlumatına görə, gəmi ən azı 24 saatdır ki, oradadır və hələ də sərnişinləri gəmidən salmaq üçün icazə almayıb.

İlk simptomları özünü göstərən şəxs 70 yaşlı Hollandiya vətəndaşı olub.

Cənubi Afrika Səhiyyə Departamentinin sözçüsü Foster Mohale BBC-yə bildirib ki, kişi Argentinanın Uşuaya şəhərindən Cənubi Atlantik okeanında Britaniya ərazisi olan Müqəddəs Yelena adasına gedərkən qəfildən xəstələnib. O adaya çatdıqdan sonra gəmidə ölüb.

Mohalenin sözlərinə görə, onun 69 yaşlı həyat yoldaşı da xəstələnib. O Hollandiyaya uçmaq niyyətində imiş, lakin Yohannesburq xəstəxanasında vəfat edib.

Ölən üçüncü şəxs də Hollandiya vətəndaşı olub.

Hantavirusu laboratoriyada təsdiqlənmiş kişi Cənubi Afrikanın Yohannesburq şəhərində reanimasiyadadır. O 69 yaşlı Britaniya vətəndaşıdır.

“Oceanwide Expeditions” kruiz operatorunun məlumatına görə, Hollandiya hakimiyyəti mərhumun cəsədlərini təxliyə edir. AFP xəbər verir ki, üçüncü mərhumun cəsədi gəmidə qalıb.

“Oceanwide Expeditions” bildirir ki, iki heyət üzvünə təcili tibbi yardım lazımdır, lakin onlar müalicə üçün Kabo-Verdeyə enməyə hələ icazə almayıblar.

Hantavirus əsasən qurudulmuş gəmiricilərin nəcisində olan hissəcikləri nəfəs almaqla insanlara ötürülən bir virus növüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
ayna.az

1Mənbələr