AZ

İctimai nəqliyyatda yeni qadağalar Mənə belə rahatdır deyirsənsə...

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son vaxtlar ictimai nəqliyyatda sərnişin davranışları ilə bağlı nəzarətin gücləndirilməsi müzakirə olunur. Xüsusilə metro və avtobuslarda digər sərnişinlərə narahatlıq yaradacaq şəkildə yayxanaraq oturan şəxslərlə bağlı inzibati tədbirlərin görüləcəyi bildirilir. Məlumata görə, bu cür hərəkətlər bəzi hallarda İnzibati Xətalar Məcəlləsində “xırda xuliqanlıq” kimi qiymətləndirilə və cərimə, hətta inzibati həbs ilə nəticələnə bilər. Bu sosial şəbəkələrdə müxtəlif fikirlər yaradıb. Bəziləri bunu ictimai qaydaların qorunması üçün vacib hesab etsə də, digərləri tətbiq zamanı subyektiv yanaşma ola biləcəyini düşünür.Vəkil Tural Həsənli Demokrat.az-a açqılamasında bildirib ki, yayxanaraq oturmaq dedikdə, yayılıb oturmaq və ya uzanmaq başa düşülür:“Lakin hazırda bəzi media subyektlərində və sosial platformalarda yayımlanan bir çox fotolarda fərqli situasiyaların, daha dəqiq desək fərqli oturuş formalarının olmağı əsas gətirilərək, fərqli formada oturuşa istənilən halda xırda xuliqanlıq kimi yanaşılır. Həmin şəxslərin istənilən halda cərimlənməli və ya digər sanksiyalara məruz qalmalı olmaları bildirilir. Bəzən də, ayağı digər ayağın üzərinə aşırmağa belə, istənilən halda xırda xuliqanlıq kimi qiymət verilir. Qeyd edilən məsələ üzrə mövqeyim bir qədər fərqlidir. Hesab edirəm ki, həmin hərəkət edilmə hallarından asılı olaraq, əməl inzibati xəta kimi qiymətləndirilə və qiymətləndirilməyə də bilər. Sirr deyil ki, rəsmi toplantılarda, müsahibələrdə, proqramlarda, yığıncaqlarda belə, ayağın digər ayağın üzərinə aşırıldığı oturuş formalarına rast gəlirik. Həmçinin nəzərə almaq lazımdır ki, qeyri-iradi olaraq, digər şəxslərə maneə yaratmaq məqsədi daşımadan da, bu hərəkətlər baş verə bilir”. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər başa düşülür:“Bu hərəkətlər fiziki şəxslərə qarşı zor tətbiqi və ya belə zorun tətbiqi hədəsi, həmçinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmamalıdır. Həmin maddədə ictimai qaydanı pozma, cəmiyyətə açıqca hörmətsizlik etmə ön plana çəkilir. Yəni əməldə qeyd edilənlərdən hər hansı biri mövcud olarsa, həmin maddənin tərkib əlamətləri yaranır. Ümumən cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslərə münasibətdə davranışı ilə ictimai qaydaya açıq şəkildə etinasızlıq göstərməsi başa düşülür. Bu zaman şəxs ətraf mühitə və insanlara qarşı laqeyd yanaşma nümayiş etdirir. O, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına əməl etmir. Əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərir. Belə davranışlar həm bir çox insanın, həm də ayrı-ayrı fərdlərin mənafelərinə toxuna bilir. Nəticədə bu cür hərəkətlər ictimai narazılıq yaradır və qaydanın pozulmasına səbəb olur. Mövqeyimə görə, şəxs qəsdən digər sərnişinlərin oturmasına və ya sərbəst hərəkət etməsinə mane olarsa, bu artıq hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Bu zaman o, digər sərnişinlərin hüquqlarını açıq şəkildə tapdalamış olur. Əgər edilən haqlı və əsaslı iradlara kobud reaksiya verirsə, vəziyyət daha da ağırlaşır. Şəxs öz rahatlığını təmin etmək üçün başqalarının hüquqlarını pozursa, bu, qəbuledilməz davranışdır. Bu cür hərəkətlər əxlaq və mənəviyyat normalarına ziddir. Belə davranış cəmiyyətə qarşı açıq hörmətsizlik kimi qəbul oluna bilər”.Yəni, metro və ya avtobusda sadəcə ayağınızı aşırıb oturduğunuz üçün dərhal xuliqan sayılmırsınız; bunun üçün hərəkətinizlə başqalarına açıq şəkildə mane olmalı və cəmiyyətə hörmətsizlik nümayiş etdirməlisiniz.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
4
demokrat.az

10Mənbələr