Hörmüz boğazında təchizat məhdudiyyətləri səbəbindən qlobal miqyasda xam neft ehtiyatları sürətlə azalır və son 8 ilin ən aşağı səviyyələrinə yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
“Goldman Sachs” görə, Hörmüz boğazından keçən məhdud neft axınları ehtiyatların sürətli azalmasını daha da kritik hala gətirir və bu vəziyyət bazarlar üçün risk yaradır. Neft ehtiyatları hazırda qlobal tələbatın 101 gün ərzində ödəyə biləcək səviyyədədir. Lakin bu göstəricinin may ayının sonuna qədər 98 günə düşəcəyi gözlənilir.
Bank ehtiyatların qısa müddətdə minimum əməliyyat səviyyələrinə düşməsinin gözlənilmədiyini bildirib, ehtiyatların sürətlə tükənməsinin və bəzi bölgələrdə təchizat itkilərinin narahatlıq doğurduğunu qeyd edib.
Digər tərəfdən, qlobal miqyasda emal olunmuş məhsul ehtiyatlarının da əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. ABŞ-İsrail hücumlarından əvvəl 50 günlük tələb səviyyəsində olan ehtiyatlar indi 45 günlük səviyyəyə düşüb.
Qeyd edək ki, həftənin ilk ticarət günündə neft qiymətləri təxminən 6 faiz bahalaşıb, Hazırda “Brent” markalı xam neftin bir bareli 113 dollardan, “Light” neftinin qiyməti isə 104 dollardan baha satılır. Yaxın Şərqdəki münaqişə bazardan milyonlarla barel nefti çıxardığı üçün “Brent”in qiyməti bu il təxminən 90 faiz artıb.