Goldman Sachs analitiklərinin bildirdiyinə görə, dünya üzrə hasil edilmiş neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır. Reuters agentliyinin məlumatına əsasən, ehtiyatların sürətlə azalması narahatlıq doğurur, çünki Hörmüz boğazının bağlanması səbəbindən yanacaq tədarükləri məhdudlaşıb.
Bankın hesablamalarına görə, hazırda qlobal yanacaq ehtiyatları dünya üzrə tələbatın təxminən 101 gününü qarşılayır. Goldman Sachs qeyd edir ki, bu göstərici may ayının sonuna qədər 98 günə enə bilər və bu, 2018-ci ildən bəri rekord minimum olacaq.
Bununla belə, analitiklər hesab edirlər ki, qlobal ehtiyatlar minimum həddə çatmaya bilər. Lakin ehtiyatların azalmasının sürəti, eləcə də bəzi regionlarda və məhsul növləri üzrə tədarük itkiləri ciddi narahatlıq yaradır. Bankın qiymətləndirməsinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəl qlobal neft məhsulları ehtiyatları təxminən 50 günlük tələbatı qarşılayırdı. Hazırda bu göstərici 45 günə düşüb.
Aprelin ortalarında ABŞ İran limanlarına qarşı dəniz blokadası elan edib və ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 48 gəmini ələ keçirib. Aprelin 30-da Brent markalı neftin qiyməti dörd ilin maksimumunu aşaraq bir barel üçün 126 dollara yüksəlib.