“Biz həmişə Qarabağ ermənilərinin təhlükəsiz geri qayıdışı məsələsini qaldırırıq. Hazırda Fransa bu məsələ ilə bağlı mövqe bildirmir. Amma xatırlatmaq istəyirəm ki, Qarabağdan ermənilər könüllü köçəndə Fransanın xarici işlər naziri yazılı şəkildə bəyan etmişdi ki, biz qarabağlıların Qarabağa qayıdışını dəstəkləyirik”.
KONKRET.az xəbər verir ki, bunu news.am-a açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində İrəvana gələn Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan bildirib.
“Düşünürəm ki, Prezident Makron addım-addım irəliləmək istəyir. Bu, həm də Ermənistanın bu məsələ ilə bağlı mövqeyindən asılıdır. Əgər Ermənistan hökuməti bu məsələni qaldırmaqdan tamamilə imtina edibsə, Makron Papadan daha artıq katolik olmayacaq. Əgər biz təzyiq göstərməyə davam etsək və Ermənistan hökuməti də öz növbəsində bu məsələni qaldırsa, Makron bizim mövqeyimizi nəzərə ala bilər”, – deyə Papazyan bildirib.
O, ötən gün Avropa Siyasi Birliyinin sammitinin keçirilməsinə də toxunub. Papazyan bunun qarşıdakı seçkilər ərəfəsində Nikol Paşinyana dəstək kimi qəbul olunduğunu deyib:
“Burada iki mesaj var. Birincisi, avropalılar Ermənistan ətrafında birləşməlidirlər. Bu, Makronun proqramıdır ki, Ermənistan bu yolla öz təhlükəsizliyini və iqtisadi inkişafını təmin edə bilsin. İkincisi, biz seçkilərə bir ay qalmış belə beynəlxalq sammitin keçirilməsini düzgün hesab etmirik. Bu, Nikol Paşinyanın xeyrinə birbaşa və ya dolayı çağırışdır. Bu, düzgün deyil. Beynəlxalq qanunlar xarici qüvvələrin hər hansı ölkənin daxili həyatına müdaxilə etməsinə imkan vermir”.
Papazyan Fransanın dövlət başçısının bu narahatlığa necə reaksiya verdiyi barədə suala belə cavab verib: “O başa düşdü. Sadəcə cavab vermədi”.
Qeyd edək ki, Qarabağ ermənilərinin qayıdışı məsələsinin reallaşması Bakı üçün qəbuledilməz gündəm kimi qiymətləndirilir. Azərbaycan tərəfinin bu məsələdə əsas arqumentlərindən biri Qərbi Azərbaycan mövzusudur. Rəsmi və ictimai diskursda 300 mindən çox azərbaycanlının indiki Ermənistan ərazisindəki tarixi yurdlarına qayıdışı məsələsi gündəmdə saxlanılır.
Bu baxımdan Qarabağ ermənilərinin Azərbaycana qayıdışı mövzusunun gündəmə gətirilməsi paralel olaraq Qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsini də aktuallaşdırır. Belə bir proses isə Ermənistan daxilində ciddi demoqrafik və siyasi narahatlıqlar yarada bilər.
Xatırladaq ki, hazırda Ermənistanın Azərbaycanla sərhəd bölgələrində əhalinin azalması, bir çox yaşayış məntəqələrindən insanların başqa ərazilərə köçməsi barədə məlumatlar da vaxtaşırı gündəmə gəlir.
Rəsmiyyə Şərifova,
KONKRET.az