AZ

Hulusi Kılıç: Avropa Parlamentinin Azərbaycanın işlərinə müdaxilə cəhdləri iflasa məhkumdur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ankara, 5 may, AZƏRTAC

Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli qətnamələrinin heç bir əsası yoxdur. Bu, müstəqil və suveren dövlətin daxili işlərinə müdaxiləyə yönəlmiş “ikili standartlar” siyasətinin növbəti təzahürüdür.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA - Sosial İnkişafa Dəstək” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç səsləndirib.

Onun sözlərinə görə, heç kim Avropa Parlamentinə subyektiv və təhrif olunmuş qiymətləndirmələr vermək səlahiyyəti verməyib. “AP-nin qərarları açıq-aşkar anti-Azərbaycan dairələr, o cümlədən ermənipərəst lobbi tərəfindən maliyyələşdirilib və iflasa məhkumdur”, – deyə İMZA birliyinin nümayəndəsi bildirib.

H.Kılıç Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərarını vaxtında atılmış addım kimi qiymətləndirib. “Azərbaycan hansısa təzyiqlər altında yönləndirilən dövlət deyil. Bu müdrik liderə, güclü orduya və iqtisadiyyata malik, vətəndaşları hakimiyyət ətrafında sıx birləşmiş güclü ölkədir”, – deyə o vurğulayıb.

Türkiyənin sabiq səfiri Azərbaycanı regional güc amili kimi səciyyələndirib: “Bütün beynəlxalq aktorlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq səhifələrini xatırlayaraq, bunu dərk etməlidir”.

Bununla bağlı H.Kılıç belə bir sual ünvanlayıb: “Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə tarixi ədalətin təmin olunması naminə Avropa Parlamenti hansı qərarları qəbul edib?”. “Avropa Parlamentinin qətnamələrinin mətnləri bütövlükdə sistemli yalandan ibarətdir. Bu, məqsədlərindən biri Cənubi Qafqazda sülh prosesini və dialoqu sarsıtmaq olan “ikili standartlar” siyasətinin bariz təzahürüdür”, – deyə o, ifadə edib.

Sabiq səfir AP-nin divarları daxilində daha əvvəl qəbul olunmuş Türkiyə əleyhinə çoxlu sayda qətnamələri də xatırladıb. “Belə sənədlərin heç bir çəkisi və əhəmiyyəti yoxdur. Bu qurumun tarixi qaranlıq səhifələrlə doludur. Avropa Parlamenti faktiki olaraq regionda sülhə qarşı olan qüvvələrin tərəfində çıxış edir”, – deyə sabiq səfir bildirib. Əlavə edib ki, İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması sülhə qarşı olan qüvvələrə son zərbə olacaq, onları xalqlar arasında düşmənçilikdən faydalanmaq imkanından birdəfəlik məhrum edəcək.

“Tamamilə aydındır ki, adi Ermənistan vətəndaşlarının problemlərinə biganə olan erməni diasporunun fəaliyyəti ilk növbədə elə erməni xalqının özünə zərər vurur. Bu, AP-dəki ermənipərəst siyasətçilərə də aiddir. Əminəm ki, Cənubi Qafqazda sülhə qarşı olan qüvvələrin cəhdlərinə baxmayaraq, münasibətlər normallaşacaq”, – deyə o fikrini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr