AZ

Ekspert: “Ali təhsil müəssisələrinin plan yerlərində müvafiq dəyişikliklər ediləcək və fiziki tərbiyə ixtisasına qəbulda müəyyən qədər artım olacaq”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yeri ayrılmayıb. Bildirilib ki, bu ildən etibarən “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.

Bu qərarın abituriyentlərə və fiziki tərbiyə sahəsində karyera qurmaq istəyən gənclərə təsirləri nə olacaq?

Digər ixtisasların da plan yerlərində dəyişiklik gözlənilirmi?

Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu ixtisas üzrə kadr hazırlığı yalnız ali təhsil müəssisələrində saxlanılır: “Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2026-2027-ci tədris ilindən etibarən fiziki tərbiyə müəllimliyi ixtisası üzrə 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsil müəssisələrində kadr hazırlığı dayandırılacaq. Bu ixtisas üzrə kadr hazırlığı yalnız ali təhsil müəssisələrində saxlanılır və məhz ali təhsil müəssisələrində həyata keçiriləcək.

Bu qərarın alınması, əlbəttə, qlobal yanaşmaya uyğun olaraq pedaqoji ixtisasların əsasən ali təhsil səviyyəsində olmasının zərurətindən irəli gəlir. Dünyanın əksər inkişaf etmiş ölkələrində, təhsil göstəriciləri yüksək olan ölkələrin təhsil sistemlərinə baxdıqda görürük ki, əsas üstünlük məhz ali təhsilə verilir. Hətta bəzi ölkələrdə pedaqoji ixtisaslarda yalnız bakalavr yox, magistratura səviyyəsində təhsil də tələb olunur.Bu səbəbdən kolleclərdə pedaqoji ixtisaslar ləğv edilir və yalnız ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçiriləcək. Hazırda ölkəmizdə ali təhsil müəssisələrində yalnız məktəbəqədər təhsil ixtisası qalır, yəqin qarşıdakı illərdə bu da yalnız ali təhsil müəssisələrində aparılacaq”.

Elçin Əfəndiyev həmçinin əlavə edib: “Bu dəyişiklik, qeyd etdiyim kimi, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasını əsas məqsəd kimi qarşıya qoyur. Orta ixtisas təhsil müəssisələrinin plan yerlərində əlavə dəyişiklik nəzərdə tutulmur; yalnız ali təhsil müəssisələrində plan yerlərində müvafiq dəyişikliklər ediləcək və fiziki tərbiyə ixtisasına qəbulda müəyyən qədər artım olacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
bizimyol.info

1Mənbələr