AZ

Serdar Kılıc Türkiyə bayrağı yandırılan İrəvanı evi hesab etdi - diplomatiya, ya siyasi unutqanlıq?

Sərdar Kılıç Türkiyənin peşəkar diplomatik korpusunda uzun illər çalışmış, Türkiyə Xarici İşlər Nazirliyi sistemində müxtəlif yüksək vəzifələr tutmuş, o cümlədən ABŞ-da səfir kimi fəaliyyət göstərmiş təcrübəli diplomatdır. Bu gün o, Ankara ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas danışıqlar aparan fiqurlardan biridir. Lakin onun son açıqlamaları göstərir ki, diplomatik təcrübə hər zaman siyasi çəkini və strateji ölçünü qorumağa kifayət etmir.

Ötən gün İrəvanda keçirilən beynəlxalq tədbirdə Kılıcın səsləndirdiyi fikirlər sadəcə protokol xarakterli bəyanat deyildi. Onun “özümü burada evimdəki kimi hiss edirəm” deməsi və daha da irəli gedərək “verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, əsas məqsədim erməni xalqının rifahı idi” ifadəsi açıq şəkildə diplomatik çərçivələri aşan mesajdır. Dövlətin rəsmi nümayəndəsinin bu cür açıq etirafı – yəni milli maraqların ikinci plana keçirildiyini vurğulaması – artıq təkcə ritorika deyil, siyasi mövqe bəyanıdır.

Özümü

Bu bəyanatın səsləndiyi fon isə daha sərt reallıqları xatırladır. Bir neçə gün əvvəl İrəvan şəhərində Türkiyə bayrağının yandırılması hadisəsi baş vermişdi. Bu cür addımlar spontan emosional reaksiya kimi təqdim edilsə də, əslində illərlə formalaşmış siyasi və ictimai münasibətin açıq təzahürüdür. Belə bir şəraitdə “özümü evimdəki kimi hiss edirəm” demək ya hadisələrin mahiyyətini anlamamaqdır, ya da bilərəkdən onları görməməzliyə vurmaqdır. Diplomatiya yalnız yumşaq ifadələrdən ibarət deyil; o, həm də mesajların düzgün zaman və məkan seçimi üzərində qurulur. Bu baxımdan Kılıcın çıxışı reallıqla ziddiyyət təşkil edir.

Onun yanaşması istər-istəməz Sürix protokolları dövrünü yada salır. 2009-cu ilin 10 oktyabrında İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan arasında iki mühüm sənəd imzalanmışdı: diplomatik münasibətlərin qurulması haqqında protokol və sərhədlərin açılması barədə protokol. Bu sənədlər beynəlxalq səviyyədə böyük rezonans doğurmuş, mərasimdə Avropa İttifaqı, ABŞ və Rusiya kimi güc mərkəzlərinin yüksək səviyyəli nümayəndələri iştirak etmişdi. Proses “tarixi barış” kimi təqdim olunurdu.

Lakin həmin sənədlərin arxasında ciddi boşluqlar və risklər gizlənirdi. Ən əsas problem ondan ibarət idi ki, protokollar regionun əsas münaqişə faktoru olan Qarabağ məsələsini birbaşa şərt kimi nəzərə almırdı. Bu isə Azərbaycan tərəfindən haqlı narazılıqla qarşılandı. Türkiyə daxilində də bu addımlar ciddi tənqidlərə səbəb oldu, çünki cəmiyyət və siyasi dairələr hesab edirdi ki, Ermənistanla münasibətlər Azərbaycanın maraqları nəzərə alınmadan normallaşdırıla bilməz.
Nəticə isə gözlənilən oldu: Ermənistan Konstitusiya Məhkəməsi sənədləri öz şərhləri ilə təsdiqlədi, lakin bu şərhlər protokolların ruhuna zidd idi. Daha sonra hər iki ölkənin parlamentində ratifikasiya prosesi dayandırıldı və sənədlər faktiki olaraq kağız üzərində qaldı. 2018-ci ildə Ermənistan rəhbərliyi bu protokolları rəsmi şəkildə ləğv etdiyini açıqladı. Beləliklə, böyük ümidlərlə başlayan proses nəticəsiz bitdi.

Türkiyə

Ən diqqət çəkən məqam isə budur: həmin dövrdə belə Ermənistan tərəfi Türkiyə əleyhinə ritorikasını dayandırmadı. Qondarma “soyqırım” iddiaları beynəlxalq səviyyədə daha da aktivləşdirildi, müxtəlif ölkələrin parlamentlərində bu məsələ gündəmə gətirildi. Yəni diplomatik jestlər birtərəfli oldu, qarşı tərəfdən isə eyni adekvatlıq gəlmədi. Bu, diplomatiyada “asimmetrik güzəşt” nümunəsi kimi yadda qaldı.

Bu gün Kılıcın çıxışlarında eyni xəttin təkrarlandığını görmək çətin deyil. Onun “erməni xalqının rifahı”nı əsas prioritet kimi təqdim etməsi ilk baxışdan humanist yanaşma kimi görünə bilər. Lakin dövlətlərarası münasibətlər humanizm üzərində deyil, maraqlar balansı üzərində qurulur. Əgər bir tərəf açıq şəkildə öz maraqlarını arxa plana keçirdiyini bəyan edirsə, bu artıq diplomatiya deyil, siyasi zəiflik siqnalıdır.

Üstəlik, reallıq dəyişməyib. Bu gün də elə bir beynəlxalq platforma yoxdur ki, Ermənistan nümayəndələri orada Türkiyə əleyhinə çıxış etməsin. Əksinə, bu ritorika sistemli şəkildə davam edir. İrəvanda keçirilən son tədbirlərdə iştirakçıların qondarma “soyqırım” abidəsinə aparılması isə sadəcə simvolik jest deyil – bu, dövlət siyasətinin davamlı xəttidir. Belə fonda “eyni mədəniyyət”, “qarşılıqlı anlaşma” kimi ifadələr daha çox romantik təsir bağışlayır, nəinki real siyasi məzmun.

Burada başqa bir mühüm məqam da var: diplomatiyada şəxsi hisslər və təəssüratlar heç vaxt dövlət siyasətini əvəz edə bilməz. Kılıcın “Los-Ancelesdə və Beyrutda ermənilərlə yaşamışam” kimi arqumentləri fərdi təcrübədir, lakin dövlətlərarası münasibətlər fərdi emosiyalar üzərində qurulmur. Əks halda, diplomatiya strateji alət olmaqdan çıxıb, şəxsi simpatiyaların idarə etdiyi sahəyə çevrilər.

Bütün bunların fonunda sual yaranır: Kılıcın bu çıxışları həqiqətənmi yeni mərhələnin başlanğıcıdır, yoxsa köhnə səhvlərin yeni formada təqdimatı? Mövcud faktlar ikinci ehtimalın daha real olduğunu göstərir. Çünki tarix artıq sübut edib ki, birtərəfli güzəştlər, emosional yaxınlaşma cəhdləri və reallıqları görməməzlikdən gəlmək regionda sabitlik yaratmır.
Sərdar Kılıcın son bəyanatları diplomatik aktivlik görüntüsü yaratsa da, mahiyyət etibarilə ciddi risklər daşıyır. Siyasi yaddaş selektiv işlədikdə, yəni yalnız arzu olunan məqamlar xatırlandıqda, real problemlər arxa plana keçir və nəticədə illüziya yaranır. Diplomatiya isə illüziya deyil – o, sərt reallıqların düzgün hesablanması sənətidir.

Əli Rais,
Musavat.com

Seçilən
4
21
musavat.com

10Mənbələr