AZ

"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür

Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin sabiq rəisi İlqar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bir neçə şahid ifadə verib.

Məhkəmədə ilk olaraq 2016–2018-ci illərdə “Primorski Milli Park” MMC-nin icraçı direktoru olmuş Azər Muradov dindirilib. O bildirib ki, işlədiyi dövrdə maliyyə məsələlərinə qarışmayıb və bu sahə ilə bağlı heç bir sənədə imza atmayıb. Onun sözlərinə görə, attraksionlardan əldə olunan gəlirlər kassalar vasitəsilə toplanaraq mühasibatlığa təhvil verilib.

Müdafiə tərəfi şahidin istintaq zamanı verdiyi ifadələrlə məhkəmədəki ifadələri arasında ziddiyyətlərin olduğunu bildirib və həmin ifadələrin elan olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Azər Muradov isə əlavə edib ki, o, nə İlqar Mustafayevə, nə də digər şəxslərə pul verməyib və maliyyə işlərində iştirak etməyib.

Daha sonra ifadə verən şahid Kazım Mahmudov bildirib ki, veloparkda nəzarətçi işləyib və əsas işi biletləri yoxlamaq olub. O qeyd edib ki, ittiham olunan şəxsləri tanımır və maliyyə məsələləri ilə bağlı heç bir əlaqəsi olmayıb.

Şahid Hacı Tağıyev isə ifadəsində uzun illər bulvarda fəaliyyət göstərdiyini deyərək İlqar Mustafayevin sahibkarlardan heç vaxt qanunsuz ödəniş tələb etmədiyini bildirib. Onun sözlərinə görə, yalnız qanuni ödənişlər – vergi və xidmət haqları həyata keçirilib.

Digər şahid Teymur Həsənov isə bildirib ki, əvvəllər attraksionlardan toplanan vəsaitlər idarəyə təhvil verilib, lakin İlqar Mustafayev rəhbər təyin olunduqdan sonra belə fəaliyyət dayandırılıb.

Məhkəmədə çıxış edən vəkil İsmayıl Kəngərli ittihamın əsasını təşkil edən sənədlərin etibarlılığına şübhə ilə yanaşıb. O qeyd edib ki, “ikiqat mühasibatlıq” adlandırılan sənədin mənşəyi məlum deyil və ekspertiza rəyinə əsasən sənədlərdəki imzalar ittiham olunan şəxslərə məxsus deyil.

Məhkəmə bildirib ki, qaldırılan məsələlər sübutların araşdırılması mərhələsində qiymətləndiriləcək.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub. Növbəti məhkəmə iclası mayın 13-nə təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
13
10
musavat.com

10Mənbələr