AZ

4000 illik taxta qapı qalıqları tapılıb

Türkiyənin qərbində yerləşən Seyidömər kurqanında qazıntı işləri aparan arxeoloqlar Orta Tunc dövrünə aid kömürləşmiş taxta qapı qalıqları aşkar ediblər. Kəşfin 4000 il əvvələ aid edildiyi bildirilib.

Tunc dövrü memarlığında qapı yerlərinə, astanalara və dönmə daşlarına tez-tez rast gəlinsə də, üzvi maddələr tez çürüdüyü üçün taxta qapıların günümüzə qədər gəlib çatması olduqca nadir hadisədir. Məhz buna görə də qədim qapılar adətən dirək dəlikləri və digər memarlıq nişanələri əsasında bərpa edilir. Aşkarlanan taxta hissələrin yaşayış məskənində baş vermiş yanğın nəticəsində kömürləşərək qorunduğu güman edilir. Onların düzbucaqlı forması, taxta quruluşu və giriş hissələrində yerləşməsi tədqiqatçılara bərpa işlərini həyata keçirməyə imkan verib.

İlk təxminlərə görə, qapılar bir neçə düzbucaqlı taxta blokdan və ya lövhədən hazırlanıb. Yaxınlıqda heç bir metal mismara rast gəlinməməsi hissələrin birləşdirilməsi üçün taxta mismarlardan və ya digər üzvi üsullardan istifadə edildiyini göstərir. Qapı tayının eninin 0,68-0,86 metr aralığında olması onun birtaylı olduğunu sübut edir.

Qeyd etmk lazımdır ki, Seyidömər kurqanı qeyri-adi üzvi tapıntıları ilə məşhurdur. Bundan əvvəl burada tekstil və dəri ayaqqabı qalıqları, həmçinin yanmış kəllə sümüklərinin içərisində qorunub qalmış beyin toxumaları aşkar edilmişdi.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
33
15
azerbaijan-news.az

10Mənbələr