AZ

Azər Badamov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir

BAKI, 5 may. TELEQRAF

"Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas-ın Azərbaycana səfəri və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulaması tərəflər arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Bu yanaşma Avropa Komissiyasının mövqeyinin digər Avropa institutlarının bəzən daha tənqidi, riyakar və ikilistandartlar üzərində qurulmuş mövqelərindən fərqləndiyini göstərir".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Azərbaycanla ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın mövcud olduğunu qeyd edir və bu istiqamətdə müzakirələr aparır: "Xüsusilə enerji sahəsində tərəfdaşlıq münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir. 2022-ci ildə Avropa Komissiyasının sədri Ursula von der Leyenin Azərbaycana səfəri çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsinə dair mühüm saziş imzalanmışdır. Həmin sazişə uyğun olaraq Azərbaycan Avropa İttifaqına qaz ixracını artırmağı öhdəsinə götürmüş və artıq bu istiqamətdə real nəticələr əldə olunmuşdur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Avropa ölkələri daha böyük həcmdə qaz tədarükündə maraqlıdırlar. Bunun üçün isə mövcud enerji infrastrukturunun genişləndirilməsi, yeni interkonnektorların tikintisi və xüsusilə TAP layihəsinin genişləndirilməsi vacib hesab olunur. Bu istiqamətdə əlavə investisiyaların cəlb edilməsi məsələləri də müzakirə olunur".

Deputat qeyd edib ki, Kaya Kallasın regiona səfəri çərçivəsində həm Ermənistana, həm də Azərbaycana baş çəkməsi Avropa İttifaqının Cənubi Qafqazda balanslı və praqmatik siyasət yürütməyə çalışdığını göstərir: " Avropa Komissiyası regionda sülh gündəliyini dəstəklədiyini və bu prosesə töhfə verməyə hazır olduğunu bildirir. Ümumilikdə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər bu gün əsasən siyasi dialoq üzərində qurulub və qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyev ilə Avropa İttifaqı rəhbərliyi arasında imzalanan sənədlər bu əlaqələrin strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində daha da dərinləşərək həm regionun sabitliyinə, həm də Avropa ilə Asiya arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Müasir dövrdə qlobal təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi Avropa İttifaqı üçün də yeni perspektivlər açır və tərəfdaşlığın əhəmiyyətini daha da artırır".

Seçilən
18
50
teleqraf.com

10Mənbələr