AZ

AŞPA-ya və Avropa Parlamentinə verilən dərs

Ötən il Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə sülh sazişi mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər təşkil olunur. Həm də beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək və Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin də əsası qoyulub. Bu mənada həm Ermənistan, həm də Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında bildirdiyi kimi, bu razılaşma eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada qeyd edilməli olan sülh hekayəsidir.

Əfsuslar olsun ki, bütün bunlar bəzi Avropa təsisatlarının ürəyincə deyil.  Prezident İlham Əliyev sözügedən toplantıda videobağlantı formatında çıxışında bir daha bu məsələyə toxunaraq bildirib ki, onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan antiterror tədbirləri həyata keçirdikdən sonra ölkəmizə qarşı müəyyən təzyiqlər meydana çıxdı. Belə ki, anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə süni əngəllər yaradıldı. AŞPA bu yolla ölkəmizlə diktə dilində danışa biləcəyini düşünürdü. Amma 2024-cü ilin yanvarında Azərbaycan AŞPA-da fəaliyyətini dayandırmaqla bu quruma öz cavabını verdi. AŞPA atdığı addımın səbəblərini müxtəlif bəhanələrlə pərdələməyə çalışsa da, əsas motiv bu qurumun ikili standartlara üstünlük verməsidir: “Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Prezident, həmçinin vurğulayıb ki, indi də 5 il ərzində Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edən Avropa Parlamenti bu yolu tutub. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Halbuki rəsmilərimiz dəfələrlə bəyan ediblər ki, Azərbaycana qarşı qərəzli və hüquqi əsası olmayan müddəalardan imtina edilsin, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşsınlar. Yeri gəlmişkən, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Həm də regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bu kimi addımlarla Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribat törədir. Şübbəsiz, regionun iki dövləti arasında davam edən sülh prosesinə mane olmağa çalışan Avropa Parlamentinin belə davranışı onun heç də demokratiyaya xidmət edən bir qurum olmadığından xəbər verir.

Azərbaycanın öz milli maraqlarını qətiyyətlə müdafiə edən, heç bir beynəlxalq təzyiq qarşısında məqsədlərindən geri çəkilməyən bir ölkə olduğu artıq beynəlxalq ictimaiyyətə məlumdur. Odur ki, ölkəmiz daxili işlərimizə qarışanlara, bizə qarşı qərəzli qətnamələr qəbul edənlərə layiqli cavablar verir. Elə ermənipərəst Avropa Parlamentinə qarşı da belə bir addım atıb. Belə ki, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Şübhəsiz, bütün bu addımları rəsmi Bakının Brüsselin yürütdüyü siyasətə verdiyi layiqli cavab kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
16
23
ikisahil.az

10Mənbələr