AZ

Populyar amin turşusu Alzheimer xəstəliyinə qarşı ümidverici təsir göstərir » AzadMedia.az


Yapon alimləri müəyyən ediblər ki, arqinin adlı amin turşusu Alzheimer xəstəliyi zamanı beyində zəhərli zülalların toplanmasını azalda bilər. Araşdırma Neurochemistry International jurnalında dərc olunub.
Tədqiqat Kindai Universiteti alimləri tərəfindən, Yoşitaka Naqai rəhbərliyi ilə aparılıb. Eksperimentlər göstərib ki, arqinin β-amiloid adlı zülalın aqreqatlarının yaranmasının qarşısını ala bilir. Bu zülalın toplanması xəstəliyin əsas səbəblərindən biri hesab olunur.
İlk olaraq effekt laboratoriya şəraitində təsdiqlənib: arqinin Aβ42 adlı zəhərli zülal yığıntılarının formalaşmasını bloklayıb və təsiri konsentrasiya artdıqca güclənib. Daha sonra tədqiqat heyvan modellərində – meyvə milçəklərində və genetik dəyişdirilmiş siçanlarda davam etdirilib. Hər iki halda arqinin istifadəsi amiloid yığıntılarının azalmasına və onların zərərli təsirinin zəifləməsinə səbəb olub.
Bundan əlavə, siçanlarda koqnitiv göstəricilərin yaxşılaşması və beyində iltihabi proseslərin azalması müşahidə edilib. Alimlər iltihabla əlaqəli genlərin aktivliyinin azaldığını qeydə alıblar ki, bu da sinir hüceyrələrinin qorunmasına işarə edir.
Naqainin sözlərinə görə, arqininin artıq tibbdə geniş istifadə olunması, təhlükəsizlik baxımından yaxşı profilə malik olması və nisbətən ucuz olması onu “repurposing” (yəni mövcud maddələrin yeni istifadə sahələrinin tapılması) üçün perspektivli namizədə çevirir.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, nəticələr hələlik yalnız klinikayaqədərki mərhələ ilə məhdudlaşır. Effektivliyin təsdiqlənməsi və optimal dozaların müəyyən edilməsi üçün insanlar üzərində klinik sınaqlara ehtiyac var.
Müəlliflər qeyd edirlər ki, bu araşdırma yalnız daha əlçatan müalicə üsullarına yol açmır, həm də amiloid lövhələrin yaranma mexanizmlərini daha yaxşı anlamağa kömək edir. Gələcəkdə bu nəticələr təkcə Alzheimer deyil, digər neyrodegenerativ xəstəliklərin müalicəsi üçün də yeni strategiyaların hazırlanmasına töhfə verə bilər.
Seçilən
16
17
azadmedia.az

10Mənbələr