AZ

Heydər Əliyev və Azərbaycan mətbuatı

1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımız olduqca keşməkeşli bir yol keçmişdir. Yarandığı gündən etibarən mətbuatımızın üzərində güclü nəzarət və senzura olmuşdur. Vətənini, yurdunu düşünən, mütərəqqi ideya sahibi olan ziyalılarımız xalqın azad, firavan yaşaması, müasirləşməsi və təhsil alaraq inkişaf etməsi üçün əllərindən gələni etmişlər. “Əkinçi” qəzetindən sonra yaranan “Ziya”, “Kəşkül”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin” və digər qəzet, jurnallar daim xalqın oyanması, dirçəlməsi, inkişaf etməsi üçün söz meydanında vuruşaraq mübarizə aparırmışlar. Lakin bütün dövrlərdə Çar Rusiyasının, daha sonra isə keçmiş SSRİ-nin ciddi nəzarəti, senzurası onların müstəqil şəkildə fikir bildirməsinə mane olmuşdur.

Məhz buna görə də ədiblərimiz, publisistlərimiz, görkəmli ziyalılarımız öz fikirlərini çox vaxt sətiraltı mənalarla və ya gizli imzalarla, mesajlarla insanlara çatdırırdılar. Bu da onu sübut edir ki, onlar bütün çətinliklərə, məhdudiyyətlərə baxmayaraq daim mübarizə aparır və durmadan çalışırdılar. SSRİ dövründə vəziyyət daha da gərginləşmiş və senzura güclənmişdi. Azərbaycan mətbuatı birbaşa SSRİ hakimiyyətinə tabe idi. Mətbuatımızda şəxsiyyətə pərəstiş, kommunist ideologiyası, yalnız SSRİ-nin mənafeyinə uyğun xəbərlərin yazılması bunun sübutu idi. Jurnalistlərimizin söz, mətbuat azadlığı hüququ yox idi. Onlar öz fikirlərini, düşüncələrini azad şəkildə ifadə edə və baş vermiş hər hadisəni ictimaiyyətə çatdıra bilməzdilər.

Amma elə şəxsiyyətlər var ki, onlar tarixin səhifələrində yeniliklər, dəyişikliklər edir və gördükləri işlərlə, yürütdükləri siyasətlə, düşüncə və davranışları ilə  xalqın yaddaşına, qəlbinə öz adlarını həkk edib, əbədiyyət zirvəsinə ucalırlar. Belə şəxsiyyətlərdən biri də 1923-cü il 10 may tarixində Naxçıvan şəhərində dünyaya göz açan Ulu Öndər Heydər Əliyevdir. Onun yaşadığı dövr tarixin keşməkeşli, mürəkkəb bir dövrü idi. Göz açdığı Naxçıvan diyarı azad deyildi. Lakin gələcəkdə  o , ağ pərdə arxasında zülmətə bürünmüş Azərbaycanın həyatına, cəmiyyətinə işıq saçan bir nur olacaqdı. Hansı ki, illər sonra bu dövlət bütün dünyada “azad və mütərəqqi bir dövlət” kimi onun adı ilə qoşa çəkiləcəkdi.

Ümummilli Liderin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də milli mətbuatımızın inkişafına qayğısı idi. Hələ 1970-80-ci illərdə onun göstərişi ilə Azərbaycan televiziyası yeni avadanlıqla təmin olunmuş, verilişlərimizin formatı dəyişdirilmiş, yenilənmiş və milli mədəniyyətimizin təbliğinə geniş yer verilmişdi. Radioda və televiziyada mədəniyyətimiz, filmlərimiz geniş təbliğ olunurdu. Əslində o,  həm də bu yolla rus dilinin geniş yayıldığı bir dövrdə Azərbaycan dilini geniş təbliğ edirdi. Heydər Əliyev xalqın dərin sevigisini qazandı və keçmiş SSRİ məkanında da böyük nüfuz sahibi oldu. Məhz buna görə də 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbər şəxslərindən biri olmuşdu.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə Azərbaycan ictimai-siyasi, iqtisadi, elmi, mədəni, sosial həyatında yenilik, dirçəliş baş verdi. Ulu Öndər  Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edir, daxili və xarici siyasətdə mühüm işlər görür və dünya dövlətləri ilə diplomatik, dostluq əlaqələri qurmağa çalışırdı. Jurnalistlərə də xüsusi qayğı göstərirdi. Heydər Əliyev kütləvi informasiya vasitələrini demokratiya və aşkarlığın mühüm vasitəsi hesab edirdi. O, “Azad mətbuat olmadan azad dövlət olmaz “ deyirdi. Ulu Öndərin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Bununla da mətbuat üzərində uzun illər boyu mövcud olan senzura aradan qaldırıldı. Məhz Onun milli mətbuatımız üzərində olan senzuranın aradan qaldırması ilə Azərbaycan jurnalistikası inkişaf etdi və yeni telekanallar, qəzetlər, jurnallar işıq üzü gördü, həmçinin müstəqil mətbuat yarandı. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımı hüquqi-normativ baza yaradıldı.

Mətbuat orqanlarının müstəqil fəaliyyətinə yaradılmış şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən bütün tədbirlər Azərbaycanda fikir plüralizminin geniş vüsət alması ilə nəticələndi. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu da mətbuatımıza öz töhfəsini verdi. Ümummilli Liderin Sərəncamı ilə  2000-2001-ci illərdə “Kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı. Bununla Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev bütün səfərlərinə gedərkən və ya geri dönərkən müntəzəm olaraq mətbuat işçiləri ilə görüşlər keçirir, müsahibələr verərək jurnalistlərin bütün suallarını cavablandırmağa çalışırdı. Həmçinin onun hakimiyyəti dövründə Azərbaycan mətbuat tarixinin araşdırılması genişləndirildi.

Arxiv qapıları tədqiqatçıların üzünə açıldı. Azərbaycanın ali məktəblərində jurnalistika ixtisasına qayğı çoxaldı və bu dövrlərdə yeni  azad, peşəkar jurnalistlər yetişdi. Ulu Öndər Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi, “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Ulu Öndərin gördüyü və həyata keçirdiyi işləri bir-bir sadalasaq  yüzlərlə kitaba belə sığdıra bilmərik. Yekun olaraq deyə bilərik ki, Heydər Əliyev təkcə Prezident deyildi, o, insanlığın carçısı idi. Öz düşüncələri, islahatları, hər biri min inciyə bərabər olan çıxışları  ilə xalqın qəlbində və yaddaşında ədəbi taxt qurdu. Bütün sahələrdə islahatlar apararaq tarixin silinməz səhifələrinə öz adını qızıl hərflərlə yazdı. Heydər Əliyev gələcək nəsillər üçün və dünyaya əsl lider nümunəsi və xalqı üçün əlindən gələni edən bir dahi kimi nümunə olacaqdır .

Nəcəf Nəcəfov,
Bakı Slavyan Universitetinin jurnalistika ixtisasının birinci kurs tələbəsi

Seçilən
1
50
ikisahil.az

10Mənbələr