AZ

İstifadəsiz torpaqlara YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim etməyə hazırlaşır.
Nazirlikdən verilən məlumata görə, hazırda sözügedən istiqamətdə qanun layihəsi üzərində işlənilir. Qanun layhəsi Türkiyədə geniş istifadə olunan mexanizm əsasında hazırlanır.
 

Belə ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı, mülkiyyətçinin adından icarəyə verir, icarə haqqını isə sahibinin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi, həm də gəlirli edir.


Hazırda Azərbaycanda kənd təsərrüfatı mənşəli torpaqlardan əlavə həm də bağ təsərrüfatı üçün nəzərdə tutulmuş və sahibi tərəfindən istifadə olunmayan torpaqlar var.

Əgər qanun layihəsi qəbul olunarsa, eyni mexanizm bağ təsərrüfatı mənşəli torpaqlara da şamil edilə bilərmi?

Torpaq və əmlak məsələləri üzrə mütəxəssis Mövlud Musayev Bizim.Media-ya açıqlamasına görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsas məqsəd istehsalın təmin olunmasıdır və uzun müddət istifadəsiz qalması dövlət tərəfindən səmərəsiz istifadə kimi qiymətləndirilə bilər.

Bu baxımdan əlavə stimullaşdırıcı mexanizmlər tətbiq etmək məntiqli görünür.

Bağ təyinatlı torpaqlara gəlincə isə burada vəziyyət bir qədər fərqlidir. Bu torpaqlar çox vaxt fərdi istifadə, istirahət və ya mövsümi becərmə məqsədi daşıyır.

Ona görə də onların eyni mexanizmlərlə dəyərləndirilməsi mübahisə doğura bilər:

“Ola bilər ki, əgər bağ sahələri uzun müddət baxımsız qalırsa və ümumi ərazi planlaşdırmasına maneə yaradırsa, gələcəkdə bu istiqamətdə, əlbəttə ki, mülkiyyətçinin razılığı və iştirakı ilə müəyyən tənzimləmələrin tətbiqi istisna edilmir. Amma hazırda belə bir qərar qüvvədə deyil, mümkün dəyişikliklər üçün hüquqi baza ayrıca formalaşdırılmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
0
5
bizim.media

7Mənbələr