AZ

İrandan ABŞ-yə sarsıdıcı CAVAB - Görün nəyə HAZIRLAŞIR

ABŞ-nin İranın enerji infrastrukturuna mümkün hücumları fonunda İslam Respublikası rəhbərliyi Hörmüz boğazının dibi ilə çəkilmiş fiber-optik kabelləri sıradan çıxara bilər.

Musavat.com xəbər verir ki, bu addım nəinki Fars körfəzi regionunda, həm də bütün dünyada rəqəmsal və kommunikasiya infrastrukturunun iflic olmasına gətirib çıxara bilər.

İranın "Jawan" qəzeti qeyd edir ki, Hörmüz boğazı və Qırmızı dənizin dibindən sıx rabitə şəbəkəsi keçir.

Təkcə Qırmızı dənizdə 17-yə yaxın kabel mövcuddur. Hörmüz boğazında isə region ölkələrini qlobal şəbəkəyə bağlayan ən azı yeddi iri kabel fəaliyyət göstərir. Bu xətlər Yaxın Şərqdəki məlumat emalı mərkəzlərini Avropa, Asiya və Afrika ilə birləşdirir.

Hörmüz boğazı yalnız tankerlər üçün su yolu deyil, həm də dünya iqtisadiyyatını təmin edən fiber-optik şəbəkənin əsas qovşağıdır.

Araşdırmalar göstərir ki, sualtı kabellər vasitəsilə hər gün 10 trilyon ABŞ dolları dəyərində maliyyə məlumatı ötürülür. İrana qarşı koordinatorlu hücumlar enerji bazarları ilə yanaşı, indiyədək diqqətdən kənarda qalan bu "sualtı təhlükəni" də aktuallaşdırır.

Nəşrin məlumatına görə, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İraqın bu marşrutlardan asılılığı İrandan qat-qat yüksəkdir.

Bəzi ekspertlər fiber-optik kabellərin zədələnməsi zamanı "Starlink" peyk internetinin alternativ ola biləcəyini ehtimal etsələr də, reallıq fərqlidir.

"Tasnim" agentliyinin təhlilinə görə, "Starlink" şəbəkəsi quru infrastrukturundan, xüsusən də dəniz yolu ilə daşınan ağır avadanlıqlardan asılıdır. 2026-cı ilə qədər yerüstü stansiyalarının sayını 500-ə çatdırmağı hədəfləyən "Starlink" üçün lazımi iri qabaritli antenalar və soyutma sistemləri ABŞ və Avropadakı zavodlardan məhz Hörmüz boğazı vasitəsilə daşınır.

Boğazın bağlanması bu avadanlıqların çatdırılmasını qeyri-mümkün edəcək. Beləliklə, peyk internetinin quru infrastrukturundan müstəqil olması barədə gəzən fikirlər mifə çevrilir.

"Starlink" peyklərinin fiber-optik şəbəkəyə qoşulmuş yerüstü stansiyalar olmadan qlobal internet çıxışını təmin etmək imkanı yoxdur. Üstəlik, müasir sualtı kabellərin ötürmə qabiliyyəti "Starlink"in minlərlə peykinin cəmi gücündən dəfələrlə yüksəkdir.

Hörmüz boğazının qapanması ağır texnika daşıyan gəmiləri Afrikayı dolanaraq Ümid burnundan keçməyə məcbur edəcək ki, bu da tranzit müddətini 25-30 gün artıracaq. Bu gecikmələr xüsusilə böhranın ortasında stabil rabitəyə ehtiyac duyan Oman sahili kimi bölgələr üçün fəlakətli ola bilər. Beləliklə, Hörmüz boğazı artıq yalnız neft deyil, həm də dünyanın ən mühüm məlumat ötürmə marşrutlarından biridir.

Musavat.com

Seçilən
33
12
musavat.com

10Mənbələr