AZ

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirildi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mayın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Bakı Slavyan Universitetinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Sonra BSU-nun Heydər Əliyev adına muzey-lektoriyasında YAP sıralarına yeni qəbul olunmuş tələbə-gənclərlə görüş keçirilib və onlara partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının Media Qrupunun hazırladığı “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin hesabatını təqdim edib. O bildirib ki, artıq ənənə halını almış Rəqəmsal İdeya Müsabiqəsinə hər il gənclərin diqqəti daha da artmaqdadır: “Belə ki, bu il sayca 4-cü dəfə keçirilən müsabiqəyə respublikanın 65 inzibati ərazi vahidindən ümumilikdə 1418 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb”.

Z.Musayevanın sözlərinə görə, 30-dan çox təhsil müəssisəsini və 20-dən çox şəhər və rayonu təmsil edən gənclər bu gün komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar: “Rəqəmsal İdeya Müsabiqəsinin başlıca məqsədləri Prezident İlham Əliyevin gənclərin qarşısına qoyduğu strateji hədəflərə uyğun olaraq intellektual, innovativ düşüncəyə malik gənc liderlərin formalaşdırılmasına töhfə vermək, gəncləri şəhərsalma və memarlıq sahəsində tətbiq olunan müasir yanaşma və alətlərlə tanış etmək, o cümlədən cəmiyyətə faydalı texnoloji həllərin tətbiq olunmasını təşviq etməkdir. Bu məqsədlə 2 gün davam edən təlim və layihə proqramı çərçivəsində süni intellektə giriş, pitç texnikaları və təqdimat bacarıqları, ideya konseptinin işlənməsi və məhsul dizaynı kimi mövzularda təlimlər, o cümlədən gənclər siyasətində texnoloji inkişafın dəstəklənməsi, data əsaslı şəhər planlaması, ağıllı dizayn yanaşmaları kimi mövzularda ekspert görüşləri və panel müzakirələr təşkil olunub.  “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” adlandırdığımız Rəqəmsal İdeya Müsabiqəsində bu gün komandalarımız 9 saat ərzində mentorlarla birgə “Tikdim ki, izim qala!” adlı komanda katalizatoru, “Köhnə kəndə yeni adət” adlı süni intellekt vörkşopu, “Bir qalanın sirri” adlı” intellekt rinqi, o cümlədən panel müzakirəsi, ideya müsabiqəsi və layihələrin təqdimatından ibarət 6 mərhələli yarışda iştirak ediblər”. 

Sonra  Rəqəmsal İdeya Müsabiqəsinin hesabat videoçarxı təqdim edilib. 

Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki,  Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişini nəzərə almaqla mühüm tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Bakı şəhəri müasir şəhərsalma mədəniyyətinin bariz nümunəsini təşkil edir: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sistemli siyasət nəticəsində şəhərimizin qədim tarixi ənənələri elm, texnologiya və innovasiyaların cəmləşdiyi mükəmməl şəhər modelini səciyyələndirir”.

Rektor qeyd edib ki, Bakının ev sahibliyi edəcəyi növbəti mötəbər tədbirlərdən biri 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) olacaq: “2024-cü ildə şəhərimizdə keçirilmiş COP29 və bir çox digər tədbirlərdə olduğu kimi, “WUF13”-də də yüz milyonlarla insanın gündəlik həyatına təsir edəcək qərarların qəbul ediləcəyi şübhəsizdir. Danılmaz reallıqdır ki, Bakı siyasi və beynəlxalq əhəmiyyəti ilə bərabər tarixilik, müasirlik və innovasiyaların mərkəzi olaraq dünyanın qlobal siyasət, mədəniyyət və inkişaf paytaxtlarından birinə çevrilib”.

A.Nağıyev deyib ki, keçirilən müsabiqənin əsas məqsədi ənənəvi Azərbaycan memarlıq dəyərlərinin müasir şəhərsalma texnologiyaları ilə harmonik şəkildə birləşdirilməsidir: “Burada rəqəmsal həllərin, 3D modelləşdirmənin və innovativ planlaşdırma metodlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma şəhər mühitinin daha funksional, ekoloji və estetik baxımdan inkişafına şərait yaradır”.

Onun sözlərinə görə, Bakı Slavyan Universitetinin “Şəhərsalma və Memarlıq İli” və digər müvafiq fəaliyyət planları çərçivəsində müxtəlif tədbirlər keçirilir, fənlərarası tədqiqatlar təşviq edilir, dayanıqlı və inklüziv universitet modelinin qurulması istiqamətində addımlar atılır. “Artıq dörd ildir ki, BSU-nun uğurla həyata keçirdiyi “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin daha inklüziv şəhər icması üçün  müəllim hazırlığı, bacarıqların və pedaqoji həllərin yaradılması istiqamətində mühüm rol oynaya biləcəyinə inanırıq” , - deyə rektor vurğulayıb.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir dövrdə şəhərsalma yalnız infrastruktur quruculuğu deyil, həm də milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və davamlı inkişaf prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır: "Qlobal urbanizasiya prosesi, sürətli texnoloji tərəqqi və günümüzün ekoloji çağırışları ilə əlaqədar meydana çıxan yeni yanaşmalar fonunda Azərbaycan ənənə ilə müasirliyin vəhdətini uğurla təmin edən nadir ölkələrdən biri kimi çıxış edir. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən genişmiqyaslı quruculuq işləri davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi xüsusi önəm daşıyır".

Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın müasir siması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır: "Ulu Öndər istər SSRİ dövründə, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman şəhərsalma siyasəti strateji prioritetlərdən biri kimi müəyyənləşdirilərək paytaxt Bakıda və respublikanın bütün bölgələrində milli-mənəvi dəyərlərə əsaslanan, tarixi yaddaşı qoruyan və gələcəyə yönələn məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Tarixi abidələrin qorunması, milli ənənələrin yaşadılması, çağdaş memarlıq üslublarının tətbiqi nəticəsində şəhərlərin simasında harmoniyanın yaradılması Azərbaycanı regionda və daha geniş coğrafiyada fərqləndirən mühüm amillərdən biri olmuşdur. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə paytaxt Bakının modernləşməsinə və regionların sosial-iqtisadi inkişafına təkan verməklə şəhərsalma təcrübəsi baxımından mütərəqqi nümunə yaratmış və tarixi irsimizin gələcək nəsillərə ötürülməsinə etibarlı zəmin formalaşdırmışdır".

"Bu gün Bakı dünyanın ən gözəl və müasir şəhərlərindən biri kimi tanınır. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan tarixi məkanlar, digər tərəfdə isə müasir memarlıq inciləri – bu harmonik vəhdət Bakını unikal şəhərə çevirmişdir. Paytaxtımızın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, turistlər üçün cəlbedici məkana çevrilməsi də aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunlarla yanaşı, hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramının mühüm tərkib hissəsi kimi innovativ yanaşmalar əsasında "ağıllı şəhər" konsepsiyası uğurla həyata keçirilməkdədir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarın qəbulu Azərbaycanın dayanıqlı inkişaf siyasətinə, o cümlədən beynəlxalq müstəvidə şəhərsalma prosesinə töhfələrinə verilən yüksək qiymətin bariz göstəricisidir" , - deyə YAP Sədrinin müavini əlavə edib.

Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış etmişdir: “Partiya Ümummilli Liderin ideyalarını rəhbər tutaraq dövlətçiliyin möhkəmləndirilməsində və siyasi sabitliyin qorunmasında mühüm rol oynayır. YAP cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri öz sıralarında birləşdirərək ölkəmizin gələcəyi naminə mühüm layihələr həyata keçirir. Bu gün inam və qürurla qeyd edirik ki, milli-mənəvi dəyərlərə sadiq və möhkəm əqidəli Azərbaycan gəncliyi müxtəlif sahələrdə yüksək fəallıq nümayiş etdirir və respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir".

YAP Sədrinin müavini bildirib ki, artıq ənənə halını almış və innovativ ideyaların təşviqi üçün mühüm platforma olan Rəqəmsal İdeya Müsabiqəsi gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də kommunikasiya bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir: "Burada təqdim olunan layihələr təsdiqləyir ki, Azərbaycan gəncliyi yüksək intellektə, geniş dünyagörüşünə və dövrün çağırışlara adekvat müasir düşüncə tərzinə malikdir. Rəqəmsallaşma bu gün dünyanın inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biridir. Şəhərsalma və memarlıq sahəsində rəqəmsal texnologiyaların tətbiqi isə resurslardan daha səmərəli istifadə olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu baxımdan, müsabiqə çərçivəsində irəli sürülən ideyalar gələcəkdə real layihələrə çevrilərək ölkəmizin inkişafına güclü təkan verə bilər. Bu gün bağlanış mərhələsinin keçirildiyi bu intellektual yarışmada iştirak edən bütün gəncləri ürəkdən təbrik edirəm. Əslində, müsabiqəyə qatılan hər bir komanda özünü qalib hesab edə bilər. Çünki belə kreativ platformalarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sonsuz inamın birmənalı ifadəsidir. İnanıram ki, hər biriniz öz bilik və bacarığınızla Azərbaycanın gələcək inkişafında önəmli rol oynayacaqsınız".

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirib ki, bu müsabiqə gənclərin innovativ potensialına göstərilən yüksək diqqətin və dövlətin gələcəyə baxışının real ifadəsidir. Onun sözlərinə görə, gənclər siyasəti dövlətlərin inkişaf strategiyalarının mərkəzində dayanır: “Qlobal səviyyədə gənclər artıq şəhərsalma gündəliyinin formalaşmasında əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. Onların ideyaları, yanaşmaları və texnoloji bacarıqları şəhərlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu yanaşma təsadüfi deyil. Hazırda dünya əhalisinin təqribən 55 faizi şəhərlərdə yaşayır. Urbanizasiya sürətlə davam edən qlobal prosesdir və 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Sürətli urbanizasiya şəhərlərlə bağlı əhalinin artan tələbatının qarşılanması, iş yerlərinin yaradılması, müasir şəhər xidmətlərinin təmin edilməsi və ekoloji tarazlığın qorunması kimi mürəkkəb çağırışları ön plana çıxarır”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsili, innovativ düşüncəsi, liderlik keyfiyyətləri və dövlət idarəçiliyində iştirakı sistemli şəkildə dəstəklənir: “Bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yeni bir nəsil formalaşıb. Bu nəsil  texnoloji cəhətdən daha bilikli və hazırlıqlı, çoxsəviyyəli məlumat sistemləri, iri həcmli data ilə işləyən və qlobal prosesləri yaxından izləyərək onların fəal iştirakçısı olan bir nəsildir. Hazırda  yekun vurulan müsabiqə bu transformasiyanın çox yaxşı əyani nümunəsidir”.

A.Quliyev diqqətə çatdırıb ki, şəhərsalma və memarlıq sahəsi indi bütün dünyada keyfiyyətcə yeni mərhələyə keçid alır: “Bu gün şəhər və region miqyaslı layihələr böyük data əsasında hazırlanır, qərarlar rəqəmsal modellərlə yoxlanılır, şəhər sistemləri əvvəlcədən simulyasiya edilir. Azərbaycan bu transformasiyanın aktiv iştirakçısıdır. Son illərdə ölkənin 79 şəhərindən 68-nin yeni Baş planlarının hazırlanması və təsdiqi təmin olunub. Bu iş hazırda da intensiv davam edir”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ümumi planı, həmin ərazilərdə yerləşən 12 şəhərdən 8-nin baş planı, eləcə də 101 qəsəbə və kənd yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanаraq təsdiq olunub: “Bu sənədlər vətəndaşlarımızın geri dönüşü üçün müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, həmçinin həmin ərazilərdə tikinti fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarına əsaslanan sosial ədalətli və dayanıqlı məskunlaşma modeli qurulmaqda, eyni zamanda zəruri yol-nəqliyyat, elektrik, qaz, su, təhsil, səhiyyə və yaşayış infrastrukturu ardıcıl şəkildə bərpa edilməkdədir.  Nəticədə artıq 41 yaşayış məntəqəsinə köç təmin olunub, həmin ərazilərdə təqribən 33 min nəfərə yaxın məcburi köçkün olmaqla ümumilikdə 81 mindən çox insanın yaşaması, işləməsi və təhsil alması təmin edilib”.

 A.Quliyev əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bir neçə mühüm mesaj verir: “Şəhərsalma ölkənin inkişaf strategiyasının mərkəzində dayanır, bu sahədə keyfiyyətcə yeni mərhələyə keçid baş verir, gələcəyin şəhərlərinin formalaşdırılması prioritet istiqamət kimi müəyyən edilir.Bakının bu ay ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir. Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil olunan və şəhərsalma sahəsində ən böyük, ən inklüziv və ən nüfuzlu qlobal platforma hesab olunur. Bu günə qədər artıq 175 ölkədən təqribən 27 min iştirakçı qeydiyyatdan keçib və bu proses davam edir. Forumun əsas xüsusiyyəti onun açıq və çoxsəviyyəli strukturudur. Forum yalnız rəsmi müzakirələrdən ibarət deyil. Tədbir çərçivəsində gənclər üçün xüsusi platformalar nəzərdə tutulur: Gənclər Assambleyası, gənclərin liderlik və innovasiya təşəbbüslərinə həsr olunmuş sessiyalar, startap və texnoloji layihələrin təqdim olunduğu platformalar, interaktiv müzakirələr və şəbəkələşmə imkanları. Əminəm ki, Azərbaycan gəncləri bu platformada fəal iştirak edəcək və öz innovativ yanaşmaları ilə qlobal şəhərsalma gündəliyinə layiqli töhfə verəcəklər”.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İdeya Müsabiqəsinin gənclərin intellektual inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib: “Bugünkü Azərbaycan gəncliyi daha bacarıqlı və rəqabətədavamlıdır. Təbii ki, hər bir nəsil müqayisədə bir addım irəli ata bilirsə, məhz bu halda biz inkişafdan danışa bilirik”.

Nazir bildirib ki, növbəti nəsillər dövlət müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın daha da inkişaf etməsində öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə biləcəklər: “Ölkəmizdə COP29 keçirilərkən həmin tədbirdə iştirak edən dövlət və hökumət başçıları bu konfransın təşkilatçılığına cəlb edilmiş Azərbaycan gənclərinin bacarıqlarını xüsusi olaraq vurğulayırdılar”.

Emin Əmrullayev söyləyib ki, bir neçə gündən sonra ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası keçiriləcək: “Bu mötəbər tədbir Azərbaycanın bir daha dünya miqyasında tanınması baxımından önəmli təşəbbüsdür. İnanıram ki, tədbirlə əlaqədar qarşıda duran müxtəlif vəzifələrlə yanaşı, bu, Azərbaycan gəncliyi üçün öyrənmək, özünü qlobal arenada rəqabətədavamlı olduğunu nümayiş etdirmək üçün növbəti bir imkandır. Məhz müxtəlif ali təhsil müəssisələrində təhsil alan və yaxud da məzun olmuş tələbələrin və gənc mütəxəssislərin bu Forumdan əsaslı şəkildə bəhrələnəcəyinə əminlik ifadə edirəm. İnanıram ki, bu faktor onlar üçün ömür boyu davam edəcək bir təcrübəyə çevriləcəkdir”.

Elm və təhsil naziri qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali təhsil müəssisələrinin uğurlu nəticələrini uzun müddət ölkəmizin inkişafına təsir edən mühüm amil kimi xatırlayacağıq: “Bu, təbii ki, ilk növbədə kadr hazırlığı məsələsidir. Bu yaxınlarda  Azərbaycan Memarlıq və İnşaat Universitetinin yubileyi qeyd olunub. Xüsusilə bu ali təhsil ocağının məzunlarının şəhərsalma və memarlıq sahəsində rolunu vurğulamaq lazımdır. Amma eyni zamanda şəhərlər haqqında danışarkən aydın olur ki, bu, yalnız memarlıq məsələsi deyil. Burada çox geniş şəhərdə birgə yaşayış və urbanizasiyanın müasir tələblərinə cavab verən insanların istər sosial-mədəni davranışları, istər onların gündəlik həyatının təşkili, istərsə də böyük şəhərlərin idarəetməsində logistik məsələlərdən söhbət gedir. Yəni bu tipli fərqli məsələlərin həlli müxtəlif səpkili kadrları tələb edir. İnanıram ki, Azərbaycan məktəbləri və ali təhsil müəssisələri gələcək nəsillərin haırlanmasında qarşıya qoyulmuş vəzifələrə nail ola biləcəklər”.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, Rəqəmsal İdeya Müsabiqəsi gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və komanda ruhunu inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyev gənclərin intellektual və innovativ potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir və bu sahədə ardıcıl dəstək siyasəti həyata keçirir: "Bu yanaşma öz əksini Azərbaycan gənclərinin inkişafı strategiyasında və müvafiq dövlət proqramlarında aydın şəkildə tapır. Bu strategiyalar çərçivəsində gənclərin sahibkarlıq, məşğulluq və şəxsi inkişaf sahələrində hərtərəfli dəstəklənməsi üçün mühüm imkanlar yaradılmışdır. Xüsusilə, bu proqramlar regionlarda yaşayan gənclərin bərabər imkanlardan faydalanmasını təmin etməyə yönəlib. Gənclər və İdman Nazirliyi olaraq biz il ərzində gənclərin ideyalarının dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçiririk. Bu istiqamətdə dövlət və özəl sektor tərəfdaşları ilə birgə müxtəlif proqramlar reallaşdırırıq və gələcəkdə bu dəstəyi daha da genişləndirməyi planlaşdırırıq. Bu sırada hakatonlar, ideya müsabiqələri və startap yönümlü forumlar xüsusi yer tutur. Eyni zamanda, gənclərin karyera inkişafı üçün sərgilər, əmək yarmarkaları, mentorluq və təlim proqramları təşkil olunur. Bununla yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində gənclərin bacarıqlarının inkişafı istiqamətində də xüsusi təşəbbüslər həyata keçirir, onları gələcəyin əmək bazarına hazırlamağı prioritet hesab edirik. Xüsusilə vurğulamaq istərdim ki, hakaton və innovativ ideyaların inkişafına daim dəstək göstəririk. Bu cür platformalar gənclərin kreativ düşüncəsini reallaşdırmaq, onları real həllər üzərində işləməyə təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Gənclərin ideyaları ölkəmizin gələcəyidir”.

Sonra “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıb. I yerin qalibi  “Zəngəzur”, II yerin qalibi “İçərişəhər”, III yerin qalibi “İsmailiyyə” komandaları, “Bir qalanın sirri” intellektual oyunun qalibi isə “İsa Bulağı” olub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.  

Daha sonra Bakı Slavyan Universitetinin tələbələrinin ifasında konsert proqramı təqdim olunub.   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
unikal.az

10Mənbələr