AZ

Bakı “Qara qitə”də güclənir - Efiopiya ilə sazişin pərdəarxası

Hərbi ekspert deyir ki, Azərbaycan digər Afrika ölkələri ilə silah satışına dair  müqavilələr bağlayır və müdafiə sənayesi sahəsinin coğrafiyasını genişləndirir

Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sazişin ötən həftəsonu Milli Məclisdə qəbul edilməsi rəsmi Bakı üçün yeni coğrafiyada - Afrikada hərbi-siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Azərbaycanla Efiopiya arasında münasibətlər indiyədək əsasən diplomatik və beynəlxalq təşkilatlar çərçivəsində formalaşıb. Hər iki ölkə BMT platformasında əməkdaşlıq edir və inkişaf etməkdə olan dövlətlər kimi oxşar maraqlara malikdir.

Efiopiya Afrikanın ən böyük və strateji ölkələrindən biri hesab olunur. Onun yerləşdiyi region - Afrika Buynuzu - geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın bu ölkə ilə hərbi əməkdaşlıq qurması təkcə ikitərəfli deyil, daha geniş regional kontekstdə qiymətləndirilir. İmzalanmış sazişin konkret detalları açıqlanmasa da, bu tip razılaşmalar adətən hərbi kadr hazırlığı və müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur. Bakı artıq yalnız regionla kifayətlənmir və müdafiə sahəsində coğrafiyasını genişləndirir. Azərbaycan istehsalı olan hərbi məhsullar üçün Afrika bazarı perspektivli hesab olunur.

Azərbaycan son illərdə öz müdafiə sənayesini inkişaf etdirərək pilotsuz uçuş aparatları və digər hərbi texnologiyalar sahəsində təcrübə qazanıb. Bu təcrübənin Afrika ölkələri ilə paylaşılması Bakının “yumşaq güc” alətlərindən biri kimi çıxış edə bilər. Azərbaycan son illərdə Afrika ölkələri ilə əlaqələri sistemli şəkildə genişləndirir. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Bakı bir çox Afrika dövlətləri ilə siyasi dialoqu gücləndirib. Afrika ölkələri ilə münasibətlər beynəlxalq təşkilatlarda səs və dəstək baxımından əhəmiyyətlidir. Efiopiya isə Afrikada siyasi mərkəzlərdən biridir - Afrika İttifaqının qərargahı məhz paytaxt Addis Ababa şəhərində yerləşir. Bu da Azərbaycan üçün diplomatik baxımdan əlavə imkanlar yaradır. Azərbaycan-Efiopiya müdafiə əməkdaşlığı ilkin mərhələdə simvolik görünsə də, uzunmüddətli perspektivdə daha geniş hərbi, texnoloji və siyasi tərəfdaşlığa çevrilə bilər. Bu addım Azərbaycanın xarici siyasətində çoxşaxəli və qlobal yanaşmanın davam etdiyini göstərir.

Ümumiyyətlə, son zamanlar Afrika ölkələrinin dövlət və hökumət başçılarının ölkəyə səfərlərinin sıxlaşması diqqət çəkir. Ötən il fevralın 27-də Qvineya-Bisau Prezidenti Umaru Sisoku Bakıda olub. Ondan az əvvəl - fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlmişdi. Azərbaycan bir çox Avropa ölkəsindən fərqli olaraq Afrika regionuna geri qalmış ya da əhəmiyyətsiz baxışı sərgiləmir. Əksinə, bütövlükdə qitənin, ayrılıqda isə spesifik Afrika ölkələrinin rolunu, yarada biləcəkləri iqtisadi və siyasi dividentləri dərk edir. Afrika qitəsində 54 ölkə mövcuddur, bu da BMT-yə üzv ölkələrin dörddə biri sayılır. Qoşulmama Hərəkatının üzvlərinin isə 40 faizə yaxını deməkdir. Ona görə Azərbaycanın Afrika dövlətləri ilə münasibətlərini yaxşılaşdırması beynəlxalq platformalarda ölkəmizin mövqeyinə uyğun məsələlərdə dəstək almaq üçün də vacibdir.

Ramil

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan inkişafda olan hərbi sənaye kompleksini piar edir və bu da dünyada qəbul edilən normadır. Onun sözlərinə görə, ölkəmizin hərbi sənaye məhsulları əsasən ərəb və Afrika ölkələrində təqdim olunur. Milli Məclisin Azərbaycan və Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya etdiyini deyən ekspert hesab edir ki, ölkəmiz müxtəlif bazarlara açılır: “Azərbaycan və Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb, lakin konkret olaraq hansı silahların alınıb-verilməsi barədə ictimaiyyətə geniş məlumat verilməyib. Ancaq ölkəmiz müxtəlif atıcı silahlar və digər məhsulları sata bilər. Yeri gəlmişkən, Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara marağı Səudiyyə Ərəbistanında keçirilən sərgidə gördüm. Yəni Efiopiya ilə bu saziş hər iki tərəf üçün dividentdir. Təbii ki, Azərbaycan bu sahədə böyük dövlətlərlə müqayisədə yeni addımlar atır. Ancaq son illərdə xeyli iş görülüb. Məsələn, biz müxtəlif növ atıcı silahlar və yaxın döyüş vasitələri, artilleriya alətləri, zirehli texnika istehsal edirik. Efiopiya üçün bu texnikalar maraqlı ola bilər. Həmçinin müxtəlif aviasiya bombaları, pilotsuz uçan cihazlar, atıcı silahlar üçün döyüş ləvazimatları, kiçik kalibrli avtomat tapançalar, optik cihazlar, müasir raket quraşdırıcıları və digər məhsullarımız var. Onlar da alıcıları cəlb edə bilər”.

R.Məmmədlinin dediyinə görə, Azərbaycan gizlənmə dəsti, qranatomyot, minalar, hətta NATO standartlarına cavab verən tapançalar istehsal edir: “Məsələn, ötən il Əbu-Dabidə sərgi keçirildi. Azərbaycan çeşidli avtomatlar, müxtəlif çaplı minaatan qurğuları, artilleriya sistemləri, habelə optik nişangahları ilə cəlbedici idi. Üstəlik, PUA modellərimiz var idi”.  

Hərbi şərhçi əlavə edib ki, Efiopiya Azərbaycanla dost ölkədir, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında birgəyik: “Bu ölkənin həmişə Eriteriya ilə münaqişəsi olub. İndi eskalasiya səngisə də, tərəflərin problemi həllini tapmayıb və müharibə riskləri qalır. Ancaq onu da deməliyəm ki, tək Efiopiya deyil, Azərbaycanın digər Afrika ölkələri ilə silah satışına dair bağladığı müqavilələr də diqqət çəkir. Somali, Qvineya-Bisaunun və digər Afrika ölkələri prezidentlərinin ölkəmizə səfəri zamanı ordu quruculuğu, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində bağlanan müqavilələr bariz nümunədir. Afrika ölkələrinin birinci şəxslərinin Azərbaycana səfəri zamani bizim hərbi komplekslərə, xüsusi təyinatlı və komando hərbi hissələrinə baş çəkmələri, respublikanın müdafiə sənayesinin məhsulları ilə tanış olmaları xüsusi önəm kəsb edir. Çünki həmin ölkələrin müdafiə və təhlükəsizlik baxımından ciddi problemləri var və həmin problemləri onlar bizim dəstəyimizlə aradan qaldırmaq istəyirlər. Azərbaycanın digər sahələri də Afrika ölkələri liderlərinin diqqətindən kənarda qalmayıb”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

 

Seçilən
0
50
musavat.com

10Mənbələr