AZ

ABŞ BMT də İran əleyhinə qətnamə irəli sürdü Hörmüz boğazında gərginlik artır

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ administrasiyası Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. 

"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Rubionun sözlərinə görə, İran gəmiçilik üçün təhdidlər, dəniz minalarının yerləşdirilməsi və müxtəlif rüsumlar tətbiq etməklə “qlobal iqtisadiyyatı girov saxlayır”.

Qeyd olunub ki, Fars körfəzi ölkələrinin dəstəklədiyi qətnamə layihəsi Tehrandan hücumları dayandırmağı, minalama fəaliyyətinə son qoymağı, tətbiq edilən rüsumları ləğv etməyi və minaların yerləşdiyi əraziləri açıqlamağı tələb edir. Bundan əlavə, sənəddə humanitar dəhlizin yaradılmasına dəstək də yer alıb. ABŞ tərəfi sənədin yaxın günlərdə səsverməyə çıxarılacağını gözləyir.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirəcək.

Rubio həmçinin bildirib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” adlı hərbi əməliyyat başa çatıb. Onun sözlərinə görə, hazırda regionda aparılan əməliyyat “Azadlıq layihəsi” adlanır.

ABŞ Prezidenti Donald Trump isə İranı “ağıllı davranmağa” və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə etməyə çağırıb. O, İran ordusunun “tam məğlub edildiyini” iddia edərək, Tehranın kapitulyasiya etməli olduğunu bildirib. Tramp eyni zamanda ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanı yüksək qiymətləndirdiyini qeyd edib.

Bu arada İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçid üçün yalnız Tehranın müəyyən etdiyi marşrutun təhlükəsiz olduğunu bəyan edib. İran tərəfi xəbərdarlıq edib ki, bu marşrutdan kənara çıxan gəmilər “sərt cavabla” üzləşə bilər.

Xatırladaq ki, ABŞ daha əvvəl “Azadlıq layihəsi” missiyasının başladığını elan edib. Missiyanın məqsədi neytral ölkələrə məxsus gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməkdir. Bildirilir ki, ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurma fonunda bəzi gəmilər iki aydan artıqdır ki, Fars körfəzində qalıb.

Məlumata görə, missiyanın ilk günündə SEPAH qüvvələri bir neçə gəmini atəşə tutub. Həmçinin İrana aid olduğu iddia edilən pilotsuz aparat hücumları nəticəsində BƏƏ-nin Fuceyra limanında yanğın baş verib.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
azpolitika.info

10Mənbələr