Azərbaycanda idman hər zaman dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən davamlı diqqət məhz sahədə mühüm nailiyyətlərin əldə olunmasına güclü təkan verir. İnfrastrukturun yenilənməsi, idmançıların hərtərəfli dəstəklənməsi, beynəlxalq standartlara uyğun şəraitin yaradılması nəticəsində ölkəmizin idmançıları dünya və Avropa miqyaslı yarışlarda getdikcə daha yüksək nəticələr qazanırlar. Bu uğurlar təkcə fərdi nailiyyətlərlə məhdudlaşmır, eyni zamanda Azərbaycanın idman ölkəsi kimi nüfuzunun artmasına, bayrağımızın beynəlxalq arenalarda daha tez-tez ucaldılmasına səbəb olur. Dövlətin bu sahəyə göstərdiyi sistemli və məqsədyönlü siyasət idmançıların motivasiyasını artırır və gələcək qələbələr üçün möhkəm zəmin yaradır.
Bu uğurların bariz nümunələrindən biri də aprelin 30-da baş tutan əlamətdar görüşdür. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Bu görüş dövlətin idmançılara verdiyi yüksək dəyərin və onların beynəlxalq arenada qazandıqları uğurların daim diqqət mərkəzində saxlanıldığının aydın göstəricisidir.
Bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyev görüş zamanı çıxışında vurğulamışdır ki, ölkəmizdə idman sahəsinin inkişafı artıq konkret nəticələr və beynəlxalq arenada qazanılan uğurlarla öz təsdiqini tapmaqdadır. O qeyd etmişdir ki, Azərbaycan idmançıları istər Olimpiya Oyunlarında, istərsə də dünya və Avropa çempionatlarında Vətənimizi yüksək peşəkarlıq, əzmkarlıq və böyük qürur hissi ilə layiqincə təmsil edirlər. Prezident xüsusi olaraq qeyd etmişdir ki, idmançılarımızın nümayiş etdirdiyi bu yüksək iradə və qazanılan nailiyyətlər Azərbaycanın ümumi inkişaf səviyyəsinin, dövlətimizin gücünün və xalqımızın yenilməz ruhunun bariz ifadəsidir. Bu gün qalib dövlət və qalib xalq kimi tanınan Azərbaycan əldə etdiyi idman uğurları ilə haqlı olaraq fəxr edir, eyni zamanda bu nailiyyətlər ölkəmizin beynəlxalq nüfuzunun artmasına və gələcək qələbələr üçün möhkəm əsasların formalaşmasına xidmət edir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı