Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında beynəlxalq institutlara münasibətdə nümayiş etdirdiyi prinsipial mövqe də xüsusi diqqətə layiqdir: “Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə yanaşmasında müşahidə olunan ikili standartların tənqid edilməsi və bu qurumların fəaliyyətinin regionda sülh və etimad quruculuğuna maneə kimi qiymətləndirilməsi olduqca əsaslandırılmış mövqedir. Bununla yanaşı, Avropa Komissiyasının sülh prosesinə göstərdiyi dəstəyin müsbət qiymətləndirilməsi onu göstərir ki, Avropa İttifaqı daxilində vahid strateji xətt hələ tam formalaşmayıb və müxtəlif təsisatların yanaşmaları arasında fərqlər qalmaqdadır”. Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsil olunması və bu müddət ərzində beynəlxalq parlament platformalarında fəal iştirakı ölkənin Avropa siyasi sistemində inteqrasiya olunmuş aktor kimi çıxış etdiyini təsdiqləyir: “Lakin 2023-cü ildən sonra regionda baş verən geosiyasi dəyişikliklər və Qarabağda separatçılığın aradan qaldırılması fonunda bəzi beynəlxalq qurumların mövqeyində müşahidə olunan dəyişikliklər ikili standartlar məsələsini yenidən aktuallaşdırır. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qətiyyətlə davam etdirir. Hazırkı mərhələnin əsas xüsusiyyəti uzunmüddətli qarşıdurma məntiqindən tədricən sülh, əməkdaşlıq və qarşılıqlı məsuliyyət müstəvisinə keçidin formalaşmasıdır. Bu gün Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq artıq keçmiş münaqişə paradiqması ilə izah oluna bilməz. Bu çıxış eyni zamanda Avropanın Cənubi Qafqaz siyasətinə verilən obyektiv qiymət kimi də çıxış edir və göstərir ki, Azərbaycan regionda sabitlik və əməkdaşlığın formalaşmasında yalnız iştirakçı deyil, eyni zamanda istiqamətverici siyasi aktordur. Region tədricən sülhə əsaslanan əməkdaşlıq modelinə keçir və bu prosesdə Azərbaycan strateji təşəbbüskar və sistem formalaşdıran əsas aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirir”. Deputat qeyd edib ki, beynəlxalq təhlilçilər də bu çıxışı çağdaş Avropa siyasətinə ən obyektiv yanaşmalardan biri kimi qiymətləndirirlər. Xatırladaq ki, mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.