"Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi".
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir: "Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı mərhələsi təkcə diplomatik əməkdaşlıq deyil, eyni zamanda qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlıq modelinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. İtaliya ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də əlbəttə ki, təsadüfi deyil. Bu münasibətlər uzun illər ərzində formalaşmış etimada, sabit siyasi dialoqa və ortaq iqtisadi maraqlara əsaslanır. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər tərəflər arasında siyasi iradənin möhkəm olduğunu nümayiş etdirir və əməkdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır. İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir".