Bakı, 6 may, AZƏRTAC
Avropa Parlamenti aprelin 30-da “Ermənistanda demokratik dayanıqlılığa dəstək” adlı qətnamə qəbul edib və bu sənəddə yenidən anti-Azərbaycan tezisləri yer alıb. Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ilə bağlı da videolar yayılıb. O, bu videolarda Aİ institutlarına təsir imkanlarından danışır, oğlu isə Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyini qeyd edir. Belə bir təəssürat yaranır ki, Okampo və Avropa Parlamenti eyni məntiq çərçivəsində hərəkət edir. Adı “dəstək” olsa da, bu qətnamə, ilk növbədə, Ermənistanda daxili vəziyyətin sabitliyini pozmağa yönəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O bildirib ki, formal olaraq “dəstək”dən bəhs edilsə də, mahiyyət etibarilə seçkilər ərəfəsində cəmiyyətin daha da qütbləşməsi üçün şərait yaradılır.
"Görünür ki, Okamponu yenidən ön plana çıxaran qüvvələr məhz Ermənistanın öz milli maraqları əsasında, xarici sifarişdən asılı olmadan hərəkət etməsi ilə razılaşmayan qüvvələrdir.
Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün isə bu artıq daxili siyasət amilinə çevrilir.
Bu təşəbbüsün arxasında kim dayanırsa-dayansın, əsas səbəb Avropanın regionumuza münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur",- deyə N. Arpadarai vurğulayıb.