Bakı, 6 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Prometey” intellektual klubunun “Heisenberg” komandası uğura imza atıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, komanda Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” intellektual oyununda uğurla çıxış edərək II yerə layiq görülüb.
Ali təhsil müəssisələrinin komandalarının iştirak etdiyi yarışda “Heisenberg” üzvləri bilik səviyyəsi, çevik düşünmə və analitik yanaşma bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər.
Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında intellektual biliklərin təşviqi, onların dünyagörüşünün genişləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.