AZ

Premyer Liqanın bir addımlığında olan “Şəfa”nın prezidenti: “Atletik”in sistemini tətbiq etmək istəyirik MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan I Liqasında çempionluğa əsas namizəd olan “Şəfa” Futbol Klubunun prezidenti Kənan Sadıqlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Şəfa” klubuna 2024-cü ildən həm sponsorluq, həm də rəhbərlik edirsiniz. Maraqlıdır, investisiya qoymaq üçün niyə məhz bu klubu seçdiniz?

- Açığı, bizə başqa klublar da təklif olunmuşdu. Amma “Şəfa” bizə daha doğma klubdur. Mən özüm də bu komandada futbolçu kimi çıxış etmişəm. Yəni, “Şəfa” ilə bağlı xoş xatirələrimiz var. Təklif gələndə də məsələyə bu prizmadan yanaşdıq. Həm də komandanın ənənələri var, buradan yaxşı futbolçular çıxıb. Bütün bu amilləri nəzərə alıb, yekunda seçimi “Şəfa”dan yana etdik.

- Komanda I Liqaya ötən mövsümün sonunda vəsiqə qazansa da, hazırda çempionatda vahid liderdir və Premyer Liqaya çıxmağa əsas namizəd hesab olunur. Necə oldu ki, “Şəfa” klubu belə qısa müddətdə bu yerlərə gəlib çıxdı?

- Biz hər bir işə geniş aspektdən yanaşırıq. Bilirsiniz ki, “Şəfa” klubu “MY Group Holdinq”ə məxsusdur. Digər sahələrdə olduğu kimi, futbolda da idarəetməni düzgün qurmağa çalışırıq. Hər bir prosesi detallı şəkildə izləyib analiz edirik. Çalışırıq ki, gördüyümüz işin nəticəsi olsun. Düşünürəm ki, müsbət nəticələrin əldə olunmasının kökündə işə istəkli yanaşmamız dayanır. Təbii ki, burada komandanın, orada çalışan insanların da böyük rolu var. İlk dövrlərdə çətinliklərimiz oldu. Çünki futbol bizim üçün də yeni və fərqli sahədir. Təcrübə toplaya-toplaya bu yerlərə gəlib çıxdıq.

- Yəqin ki, artıq Premyer Liqanın hazırlıqlarına başlamısınız. Bu istiqamətdə hansı işlər görülür?

- Bəli, hazırlıqlar gedir. Lisenziyalaşdırmadan keçmişik. Bəzi futbolçularla bağlı danışıqlar var. Mövsümün sonunda baş məşqçi ilə ətraflı görüşümüz olacaq. Ondan sonra plan üzrə hərəkət edəcəyik.

- Bəs, infrastrukturla bağlı məsələlər nə yerdədir? Məsələn, komanda Premyer Liqaya yüksəlsə, ev oyunlarını harada keçirəcək?

- Ev oyunları üçün Sumqayıtdakı “SOCAR Polymer Arena”nı sifariş etmişik. Alternativ variant tapa bilməsək, rəqiblərimizi, böyük ehtimalla, orada qəbul edəcəyik. Amma həm də aktiv axtarışdayıq. Əlbəttə, biz özümüzə doğma olan, keçmiş adı ilə desək, “Şəfa” stadionunda oynamaq istərdik. Amma orada təmir işləri gedir. Çatdıra bilsələr, rəqiblərimizi həmin arenada qəbul edə bilərik. Ümumiyyətlə, ilk gündən əsas prioritetimiz yerli futbolçular yetişdirərək Azərbaycan futboluna qazandırmaqdır. Bu səbəbdən də ilk hədəflərdən biri akademiyamızın inkişafıdır. Ölkə xaricindən əcnəbi mütəxəssislərin dəvəti də nəzərdə tutulub. Bilirsiniz ki, bu yaxınlarda Nadir Nəbiyev akademiyaya yeni rəhbər təyin olundu. Artıq futbolçu seçimləri üçün bölgələrə səfərlər təşkil edilir. Odur ki, öz meydançamızın olması bizim üçün əsas şərtdir. Düzdür, infrastruktur cəhətdən bəzi çətinliklərimiz var. Amma axtarışlarımız davam edir. Çatışmazlıqları aradan qaldırmağa çalışırıq.

- “Şəfa” I Liqada heyətində legioner futbolçu olmayan tək-tük komandalardan biridir. Bilirik ki, bu, klubun əsas strategiyasıdır. Ənənə Premyer Liqada da davam edəcəkmi?

- Bu yola çıxandan ilk istəyimiz o olub ki, azərbaycanlı futbolçularla mübarizə aparaq. “Şəfa”da “Atletik” (Bilbao) klubunun sistemini tətbiq etmək istəyirik. Bilirsiniz ki, Bilbao təmsilçisinin heyətində əsasən bask futbolçular çıxış edirlər. Başa düşürük ki, yolumuz heç də asan deyil. Bu istiqamət üzrə getməkdə qərarlıyıq. Yerli oyunçulara güvənməklə yanaşı, digər tərəfdən də Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq. Dərhal yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləmirik. Əsas məqsəd addım-addım irəliləməkdir. İran, Rusiya və Türkiyədə çıxış edən azərbaycanəsilli futbolçulara müraciət edəcəyik. Amma, məsələn, Afrikadan legioner gətirmək olmayacaq.

- Mediada müxtəlif futbolçuların adları “Şəfa” ilə yanaşı hallanır. Hətta onların arasında Ramil Şeydayev kimi tanınmış oyunçular da var. Sirr deyilsə, başqa hansı futbolçularla danışıqlar aparırısınız? Yəni, konkret ad və ya adlar çəkə bilərsiniz?

- Konkret danışıq apardığımız futbolçular yoxdur. Sadəcə, müzakirələr gedir ki, hansı oyunçulara təklif göndərmək olar. Çünki müəyyən büdcəmiz olacaq və ona uyğun hərəkət edəcəyik. Bəzi xəbərlər həqiqəti əks etdirmir. Məsələn, Ramil Şeydayevlə danışığımız olmayıb. Ümumiyyətlə, onun transferini düşünməməşik. Daha çox gənc və potensiallı futbolçulara üstünlük verməyə çalışacağıq. Premyer Liqa səviyyəsində çıxış edə biləcək yerli futbolçu sayının az olması da bizə problem yaradır. Hazırkı heyətdən bəzi futbolçuları saxlayacağıq.

- Son vaxtlar baş məşqçi məsələsi də geniş müzakirə olunur. Hətta Ayxan Abbasovun komandanın sükanı arxasına keçəcəyi ilə bağlı iddialar var. Hazırkı baş məşqçi Elgiz Kərəmli ilə bağlı klub rəhbərliyinin planı nədən ibarətdir?

- Hələ heç bir məşqçi ilə danışığımız olmayıb. Elgiz müəllim ötən ildən komandaya başçılıq edir. Böyük ehtimalla, birlikdə çempion olacağıq. Bu tur “Difai”yə qalib gəlsək, çempionluq vaxtından əvvəl təmin ediləcək. Mövsüm bitdikdən sonra isə baş məşqçi ilə danışacağıq. Şərtlər üst-üstə düşsə, yeni müqavilə imzalanacaq. Bizim üçün prioritet Elgiz Kərəmli ilə yola davam etməkdir.

- Necə düşünürsünüz, “Şəfa” ölkə futbolunda yaxşı mənada iz qoya biləcəkmi?

- İnanırıq ki, belə də olacaq. Öz işimizə güvənirik.

Müəllif – Elnur Salahov

Fotoqraf – Azər İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
azertag.az

4Mənbələr