Azərbaycan İdman Akademiyasında veteran futbol həkimi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimat mərasimi keçirilib.
QOL.az "Azərtac" agentliyinə istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Boris Xetaqurovun Azərbaycan futboluna verdiyi töhfələrin danılmaz olduğunu söyləyib. Onun 50 illik fəaliyyətinin idman tariximizdə mühüm bir hissə olduğunu deyib və belə dəyərli təcrübənin kitab halında təqdim olunmasının gələcək nəsillər üçün qiymətini vurğulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova idmanda uğurların yalnız idmançıların deyil, həm də onların sağlamlığını qoruyan həkimlərin zəhmətinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, Boris Xetaqurov kimi peşəkarların fəaliyyəti bu sahədə xüsusi əhəmiyyət daşıyır.
“Əməkdar həkim” fəxri adına layiq görülmüş Esmiralda Ələkbərova Boris Xetaqurovun uzun illər ərzində gördüyü işlərin bu sahənin inkişafına böyük töhfə verdiyini deyib.
Veteran futbolçu Nazim Süleymanov isə əməkdar həkimin təcrübəsinin gənc mütəxəssislər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev B.Xetaqurovun postsovet ölkələrində böyük hörmət qazandığını vurğulayıb.
Kitabın redaktoru Vüqar Məmmədovun sözlərinə görə, nəşrdə veteran həkimin zəngin həyat və peşə yolu dolğun şəkildə əks edilib. O, kitabın oxucularda maraqlı təəssüratlar yaradacağına inandığını bildirib.

Əməkdar həkim Boris Xetaqurov çıxışı zamanı deyib ki, kitabda yalnız şəxsi xatirələr deyil, eyni zamanda, Azərbaycan futbolunun müxtəlif dövrlərinə dair maraqlı məqamlar yer alıb: "Ümid edirəm ki, nəşr həm futbol ictimaiyyəti, həm də gənc nəsil üçün faydalı və maraqlı olacaq".
Boris Xetaqurov uzun illərdir fəaliyyəti barədə kitab çap etdirmək istədiyini və burada “Neftçi”də keçirdiyi günlərlə bağlı xatirələrini oxucularla bölüşmək niyyətində olduğunu dilə gətirib: “İlk öncə kitabı yalnız Azərbaycan dilində çap etdirmək istəyirdik, amma Qazaxıstan, Rusiya və digər ölkələrdən gələn müraciətlərdən sonra onu xarici dillərdə də nəşr etdirməyə qərar verdik. Kitabın ərsəyə gəlməsində futbol veteranlarının böyük rolu oldu və buna görə onlara təşəkkür edirəm. Onlar xatirələrimi canlandırmağımda mənə kömək etdilər. Həmkarlarım da sağ olsunlar ki, mənim haqqımda xoş sözlər söyləyiblər”.
Çıxışlardan sonra Boris Xetaqurov kitabı təqdim edib.