AZ

Trampın “iki-üç həftə” mesajı: ABŞ-İran münasibətləri yumşalır?

ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında davam edən gərginliyin “iki-üç həftə ərzində həll oluna biləcəyi” ilə bağlı açıqlaması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.

Tramp “The Hugh Hewitt Show” proqramında çıxışı zamanı tərəflər arasında müəyyən irəliləyişlərin olduğunu vurğulasa da, ABŞ administrasiyasının razılaşmanın vaxtı ilə bağlı tam qərarlı mövqe nümayiş etdirmədiyini də etiraf edib. Bu açıqlama xüsusilə son aylarda Yaxın Şərqdə artan hərbi və siyasi gərginlik fonunda diqqət çəkir. Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması, İranın nüvə proqramı ilə bağlı Qərbin narahatlığı və Vaşinqtonun bölgədəki hərbi iştirakını genişləndirməsi fonunda səslənən bu mesajlar müxtəlif interpretasiyalara səbəb olur. Bir tərəfdən diplomatik yumşalma ehtimalından danışılır, digər tərəfdən isə bunun daha çox siyasi və taktiki mesaj olduğu düşünülür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, açığı, bu qədər mürəkkəb və çoxqatlı bir qarşıdurmanın iki və ya üç həftə ərzində tam həll olunması inandırıcı görünmür. Onun sözlərinə görə, ABŞ ilə İran arasındakı problem yalnız nüvə proqramı ilə məhdudlaşmır:

“Burada regional təsir uğrunda mübarizə, İsrail faktoru, Hörmüz boğazı təhlükəsizliyi və İranın Yaxın Şərqdəki müttəfiq şəbəkəsi kimi ciddi məsələlər var. Bu səbəbdən maksimum halda müəyyən texniki razılaşmalar və ya gərginliyin müvəqqəti azaldılması mümkündür. Məncə, Tramp burada daha çox siyasi mesaj verir və prosesin idarəolunan olduğunu göstərməyə çalışır. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq bazarlara hesablanmış açıqlamadır”.

Vaşinqtonun bu cür optimist ritorikaya üstünlük verməsinin əsas səbəbinə gəlincə, müsahibimizə görə, ABŞ administrasiyası anlayır ki, Yaxın Şərqdə uzunmüddətli qeyri müəyyənlik həm iqtisadi, həm də siyasi baxımdan Vaşinqtona əlavə yük yaradır. Xüsusilə enerji bazarları və qlobal logistika məsələləri ABŞ üçün vacibdir. Politoloq qeyd edib ki, Trampın optimist açıqlamaları bir növ “nəzarət bizdədir” mesajı verməyə xidmət edir.

“Digər tərəfdən bu, İran üzərində psixoloji təzyiq elementidir. Vaşinqton göstərmək istəyir ki, diplomatik qapılar açıqdır, amma təşəbbüs əsasən ABŞ tərəfindədir” deyən Z.Qarayeva bildirib ki, eyni zamanda belə açıqlamalar ABŞ daxilində seçici auditoriyasına güclü lider imici formalaşdırmağa da hesablanır. Yəni burada həm xarici siyasət, həm də daxili siyasi hesablamalar paralel şəkildə işləyir.

Züriyə Qarayeva: Hazırkı mərhələdə tam normallaşmadan daha çox idarə olunan gərginlik modeli daha real görünür

Bəs ABŞ-nin razılaşmanın vaxtı ilə bağlı qəti mövqe göstərməməsi nə ilə bağlıdır? Bu suala politoloqun cavabı belə olub:

“Bu, ilk növbədə prosesin tam nəzarət altında olmaması ilə bağlıdır. Vaşinqton özü də anlayır ki, Tehranla danışıqlarda son nəticəni öncədən proqnozlaşdırmaq çətindir. İran tərəfi adətən uzunmüddətli və mərhələli diplomatik taktika seçir. ABŞ isə bir tərəfdən təzyiq siyasətini davam etdirmək, digər tərəfdən diplomatik kanalları açıq saxlamaq istəyir”.

Həmsöhbətimiz hesab edir ki, əgər Vaşinqton konkret tarix və ya sərt çərçivə elan etsə, sonradan geri addım atmaq məcburiyyətində qala bilər. Bu isə həm beynəlxalq nüfuza, həm də daxili siyasi imicə zərər verər. Ona görə də ABŞ daha elastik və açıq uclu mövqe saxlamağa çalışır.

Müsahibimiz qeyd edib ki, hazırkı mərhələdə tam normallaşmadan daha çox idarə olunan gərginlik modeli daha real görünür. Tərəflər birbaşa böyük toqquşmadan yayınmağa çalışsalar da, strateji rəqabət davam edir. İran regionda təsir imkanlarını qorumağa çalışır, ABŞ isə bu təsiri məhdudlaşdırmaq istəyir.

“Bu səbəbdən yaxın aylarda müəyyən diplomatik təmasların və qeyri rəsmi vasitəçilik təşəbbüslərinin artması mümkündür. Amma paralel şəkildə hərbi hazırlıq və qarşılıqlı təzyiq elementləri də qalacaq. Yəni proses daha çox “nəzarətli qarşıdurma və məhdud dialoq” formatında inkişaf edə bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Seçilən
17
39
bakivaxti.az

10Mənbələr