Bakı Ekspo Mərkəzində VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı çərçivəsində media mənsubları üçün brifinq təşkil olunub.
Hafta.az xəbər verir ki, jurnalistləri çempionatın keçirildiyi məkanla tanış edən Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli tədbir barədə məlumat verib.
O diqqətə çatdırıb ki, çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsidir. Həmçinin milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.
F.Aşurbəyli builki çempionatın proqramına daxil olan kateqoriyalar haqqında danışıb:
“Fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər kateqoriyaları daxildir. Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilir. Yarışa ümumilikdə 200 iştirakçı qatılıb, onlardan 73-ü xarici qonaq, 18-i münsiflər heyətinin üzvüdür. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir. VI “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir”.
“Wordlchefs”in vitse-prezidenti Uve Mişel bildirib ki, 50 illik aşpazlıq təcrübəsinin 30 ilini Birləşmiş Ərəb Əmirliklərində, sonrakı illərini isə Almaniyada fəaliyyət göstərərək qazanıb:
“2019-cu ildən etibarən Bakıya gələrək, “Qızıl Şah” layihəsində münsif kimi iştirak etmişəm. Bu illər ərzində əldə olunan nəticələr ən yüksək səviyyəyə çatıb. Aşpazların fəaliyyətlərinin əsas prinsiplərindən biri uzun iş saatları və yüksək peşəkarlıq tələbidir. Bu səbəbdən gəncləri mətbəx sahəsinə cəlb etmək müəyyən çətinliklər yaradır. Bununla belə, Azərbaycanda bir çox gənclər aşpazlıq peşəsində uğur qazanaraq zirvəyə yüksəliblər. Əvvəllər nüfuzlu kulinariya məktəblərində yer tapmaq çətin olduğu halda, hazırda bu sahəyə marağın nisbətən azaldığı müşahidə olunur”.
Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin direktoru Səkinə Əsgərova hazırda beynəlxalq kulinariya sahəsində qiymətləndirmə prosesinin yüksək təzyiq altında nümayiş etdirilən bacarıqlara əsaslandığını vurğulayıb:
“Qastronomiya strategiyası çərçivəsində milli mətbəxin qorunması və tanıdılması prioritet istiqamətlərdən biridir. “Qızıl Şah” çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Qızıl Şah” kontinental aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. “Wordlchefs” tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksəksəviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib”.
Qeyd edək ki, dörd gün davam edəcək çempionat 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, “Wordlchefs”in tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən təşkil olunub.